30 Dekabr 2017 12:02
2 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Xəzər TV-də yayımlanan “5/5” verilişinin qonağı olub. Tanınmış ifaçı boşanmaq üzrə olduğu əri Səid Əliyevlə (Dado) münasibətləri və bir sıra maraqlı məqamlarla bağlı sualları cavablandırıb.

Həmin açıqlamaları təqdim edirik:

– Niyə məhz Dado məsələsi gündəmi alt-üst etdi? Çünki Natavanın indiyə qədər etdiyi çox şeylər var? Ümumiyyətlə, indiki zamanda ailə məsələsi hər kəsin marağına səbəb olur.

– İndi insanlara müğənnilərin, şou-biznes nümayəndələrinin daha çox şəxsi həyatı maraqlıdır. Biz ona mətbəx deyirik. Təəssüf ki, bu məqamlar daha maraqlıdır. Bir mahnı qoyuruq, o izlənilmir. Amma müğənnni gedib bir şokolad alıb qoyanda görürsən ki, 200 min nəfər baxır. Nə edə bilərik. Bu bütün dünyada belədir. Əslində biz də tamaşaçıyıq və mənim xoşuma gələn müğənninin şəxsi həyatı maraqlı olar ki, görüm vəziyyət necədir.

– Ümumiyyətlə, bu hadisə necə oldu? Sizin də gözünüzün qarşısından bir film kimi keçdi?

– Mən sizə başqa cür cavab verim. Birincisi, buradan insanlara müraciət etmək istərdim. İllərdir ki, siz Natavan Həbibini tanıyırsınız. Görürdünüz ki, Natavan Həbibi düşünərək addım atır. Heç vaxt düşünülməmiş hərəkət etmərəm, addım atmaram. 17 ildir, bu sənətdəyik və mənim həyatımı görürsünüz ki, orada səhvlər azdır. Evlilik məsələmə gəldikdə isə… Heç kimə icazə də vermərəm ki, kimsə həyatımda baş verənləri səhv adlandırsın. Heç nədən peşman deyiləm. Nə yaşamışam mənimdir. Nə yaşayacam, yenə də mənimdir. Heç nəyə görə peşman olmaq istəmirəm, olmadım və bu mənim qismətimdir, alın yazımdır. Siz bilməli idiniz ki, hansısa səhvə yol vermərəm. Ailə qurduğum insan da tanıdığınız mühitdən, şou-biznesdəndir. Bu addımı atanda, yəqin ki, fikirləşmişəm ki, aramızda nəsə olsa, o da çox böyük rezonans verə bilər. Yəni, həyatıma, işimə xələl gətirə bilər. Bu saxta bir şey olsaydı, heç vaxt tanınmış insanla ailə həyatı qurmazdım. O qədər tanınmamış insanlar var ki… Natavan onlardan biri ilə evlənə bilməzdi? Bilirsiniz, mənə ən çox nə pis təsir etdi? Şəxsi həyatımla bağlı hər dəfə depresiyaya düşəndə, bunu sizə bildirsəydim, görəcəkdiniz ki, həmişə depresiyadayam. Şəxsi məsələlərimə görə heç vaxt depresiyaya düşən deyiləm. Mənim qəlbimi qıran, insanların fikiri oldu. Məni 17 ildi tanıya-tanıya, hansısa özünü tanımayan insanların sözünə inanıb mənim üstümə gəldilər.

– Ümumiyyətlə, siz kiminsə fikrinə qulaq asıb evləndiniz ki, ayrılanda da onları dinləyəsiniz?

– Heç kimin fikrinə qulaq asmadan evləndim. Çünki istədim və mən ayrılmamışam. Bəli, ayrılmamışam. Biləsiniz ki, bu insanların qurduğu oyun bizi birləşdirdi. Siz bizi birləşdirdiniz. Bizə o qədər hirs gəldi…

– Bəs niyə bir yerdə gəlmədiniz?

– Mən sizə hər şeyi yavaş-yavaş deyəcəyəm.

– Bəs ayrılmağınıza səbəb nə idi?

– Vallah, siz bizə bu səbəbləri unutdurdunuz. Aramızda olan problemi unutdurdunuz. Çox ciddi bir problem idi. Sizə onu deməyəcəyəm, amma çox ciddi problem idi. Görürdünüz ki, neçə aydı verilişlərə də çıxmırdım. Gələ bilmirdim. Yəni, belə şeylər var. Problemlər 6 ay ərzində yığıldı və bir gün partladı.

– Çoxları deyirdi ki, Natavan xanım ana olmağa hazırlaşır.

– Ümumiyyətlə, mənim ağzımdan çıxmayan bir ifadəni çalışın, efirdə səsləndirməyin. Aparıcılarımıza, jurnalistlərimizə deyirəm. Məndən eşitmədiyiniz bir şeyi yazmayın. Niyə insanları bu qədər aldadırsınız? Tamaşaçılar elə bilirlər ki, bunu biz edirik və bizə fırıldaqçı deyirlər. Klinikanın adına qədər yazırlar. Ancaq uşağın adını qoymaq qalır. Bunun kimi şeylər insanların qəlbində başqa yer tutur. Bu mənə heç xoş deyil. İstərdim ki, məni olduğum kimi tanısınlar. Necə yaraşdıra bilərdiniz ki, evliliyimlə oyun qurum, hansısa saxtakarlıq edim? Bunu mənə yaraşdırmamalıydınız. Biz elə-belə yaşamırıq. Ailədə, ziyalı insanların arasında yaşayırıq ki, hər addımımızı düşünərək ataq.

– Sizi verilişdən əvvəl də çox əsəbi gördüm.

– Bu günlər ərzində normal ola bilmərəm. Çünki insanın üstünə çox gələndə səbir alınmır. Amma yenə də özümü cilovlamağa çalışıram. Heç kimə görünmək istəmirdim. Bir çox insanlardan incidim, qəlbim sındı. Onların arasında dostlarım yaxınlarım da var. İnsanın baxışından anlayıram ki, içində nə var. Görürəm ki, mənimlə necə salamlaşırlar. Məni qoyub, ona inanırsan. Mən Natavan olmuşam. Yadına sal ki, sənə necə olmuşam. Vicdan deyilən bir şey var. İnsanın üstünə bu qədər şər, böhtan atmazlar.

– Sizin yenidən birləşdiyinizi bilmirdik, amma sevindik.

– İkimiz də bilmirik nə ilə nəticələnəcək. Nə mən, nə də o, ayrılmaq istəyir.

– Bəs niyə aranızda soyuqluq oldu?

– Oldu da. Hər bir ailənin içində olur. Amma bizdə bir az təəccüblü oldu.

– Niyə instaqramda yazdınız? Özünüz şişirtdiniz bunu?

– O, Səidin səhvidir. Üstümə gəldi ki, sən bunu paylaşacaqsan, yazacaqsan. Haradasa 5-6 gün buna qarşı çıxdım. Amma sonra bacarmadım. Dedim, bunu istəyirsənsə, olsun, açıqlayıram. Və onu yazdım. İnsanlardan başqa şey gözləyən anda, elə bir aqresiya gördüm. Bir şeyi başa düşə bilmirəm ki, indi məni izləyənlərin 90 faizi boşanmışlardır.

– Niyə?

– Necə yəni niyə?

– Bizə ancaq boşanmışlar baxır?

– Yox e, indi boşanmaların sayı artıb. Yəni, indi bizi izləyənlər arasında boşanmışlar da var. Məhz o insanların aqresiyasına tuş gəlmək mənə qəribə gəldi. Yəni, sən də evlənib boşanmısan da. Sən niyə bunu ayıb bilirsən? İkincisi odur ki, evlənəndə özüm evlənmişəm, boşananda da… Mənə yazırlar ki, boşanmısan, ayıb olsun. Oxumuş insan olaraq, bunu başa düşə bilmirəm.

– Hazırda Dado ilə bir yerdəsiniz?

– Hazırda hərə öz evindədir.

– Bəs necə dediniz ki, birləşmişik?

– Sadəcə bizim heç aramız yoxdur, danışmırdıq. Bu söz-söhbətlər başlayanda, elə bil ki, bir-birimizə yaxın olmağa ilk təkanı o yazılar verdi.

– Bəs bu evliliyin sonu necə olacaq? Siz uşaq deyilsiniz, dünya görmüş xanımsınız.

– Belə cavab verim, əgər bilirsinizsə, sizin ailənizin axırı necə olacaq, mən də bilərəm. Heç kimin həyatının axırı bilinmir ki, Səidlə Natavanınkı da bilinsin. Biz də sizin kimi, adi insanlarıq, biz də sevib evlənmişik. Aramızda söz-söhbətlər oldu və qərara gəldik ki, deyəsən, ayrılmalıyıq. Amma sonra fikirləşdik ki, bacarmırıq, ayrıla da bilmirik. Çünki ortada sevgi var. Bacarmırıq. Hələ ki, durum bu yerdədir.

– Amma Dadonu da verilişə çağırsaq, yaxşı olardı.

– İnşallah, münasibət tam bərpa olunanda, ailələr bir olanda, əhvalımız da normal olanda gələrik.

– Dadoya əvvəllər çox hörmət qoyurdunuz, ya indi?

– İndi. Çünki indi məsuliyyəti tam olaraq hiss etdi və tam olaraq qəbul etdi.

– Deyirdilər, Natavan xanım pul yığmaq üçün toy edib. Bu düzdür?

– Ən maraqlısı bilirsiniz nədir? Şou-biznes insanları bunu deyəndə bişmiş toyuğun da gülməyi gəlir. Mən şou-biznesin puluna ümidli qalsaydım, heç vaxt pul yığmazdım. Çünki mənim toyumda ən bahalı menyu idi və 100 manatla heç kim mənə kömək edə bilməzdi. Bizimkilərin, şou-biznesin maksimumu 100 manatdır. Şou-biznes toy gedəndə, elə bilir ki, özü ilə dünyanın hədiyyəsini gətirir. 100 manat yazdıranlar mənim pulumu saymasınlar. Çünki bunların pulu ilə mən heç vaxt 100 min yığa bilməzdim. Yəni, gülməli söhbətdir. Heç olmasa, şou-biznes bunu danışmasın.

– Evlənəndə atanız sizə xeyir-dua vermişdi?

– Atam haqqında indi danışmağı lazım bilmirəm. Çünki mövzular qarışır.

– Çünki deyirlər ki, evdə böyüyün xeyir-duası olmayanda o ailə tutarlı olmur.

– Hamının xeyir-duası oldu, hər iki tərəfin də. Mənə çatmır ki, məhz Natavanın həyatı bu insanlara niyə bu qədər maraqlıdır?

– Bayaq özünüz də dediniz ki, tamaşaçı üçün müğənni həyatı çox maraqlıdır (gülür).

– Yəni, Meray Keri mənim üçün ən sevdiyim müğənnidir. Ona baxıb oxumuşam. Amma onun atasının adını, harada olduğunu bilmirəm, ancaq mahnılarına qulaq asıram.

– Yeni il gecəsində küsülü olanlar barışır. Jest edib küslü olduğunuz biri ilə barışmaq istərdiniz?

– Yox. İnan ki bu həyatda mənə heç kim lazım deyil. Yanımda olanların hamısı mənə lazım olanlardır. Olmayanlar isə mənə lazım deyil. Ona görə də yeni ilin sürprizini də onlarla barışıq etməyim.

– Dado ilə yenidən barışmağınız, yaxşı olmağınız üçün kimi araya sala bilərik, elə bir ağbirçək varmı?

– Yox, elə ikimiz lazım olanı etdik. İkimiz də ən düz yolu tapdıq və artıq o yoldayıq.

– Dostluğunuzda olan hansı kişi müğənni 100 qadın müğənniyə dəyər?

– Mənim elə dostum var 10 qadın müğənniyə dəyər, amma şou-biznesdə deyil.

– Qarşınızda gözəl bir xanım görəndə ona gözəl olduğunu deyirsinizmi?

– Mən həmişə qadının gözəlliyindən ləzzət almışam. Gözəlliyə baxmağı xoşlayıram.

– Xalq artisti Aygün Kazımova son vaxtlar sizə bir barışıq jesti etdi.

– İlk öncə onu deyim ki, mən bu sualı sizə yazmamışam və mən Aygün Kazımovanın haqqında birinci danışmağa başlamamışam. Çünki onlar sonra deyir ki… (Zaur araya girir, yox, yox, bu suallardan sizin xəbəriniz yoxdur.) Ona görə də sual bunlardandır. Yəni xəbərim yoxdur.

– Cavabınız?

– (Gülür) Sual necə idi?

– Sual belə idi ki, Aygün Kazımova sizə barışıq jesti edib.

– Bilirsiniz o haqda nə deyərəm… Sonuncu müsahibəyə görə deyirsiniz, hə? Deyərdim ki, o çox gözəl düşməndir, mənə ləzzət edir (gülür). Yəni, cılız deyil. Hərəkətləri də mənə xoşdur.

– Onda barışın getsin də…

– Yox, bunlar hamısı mətbəxdir.

– Röyanın “Altın Kelebek” mükafatı alması çoxları üçün sevindirici oldu, təbii ki, xalqımız üçün də. Amma bəzi müğənnilər bunu qəbul etmədi, həzm edə bilmədi. Ümumiyyətlə, siz buna necə münasibət bildirərdiniz? Zəng edib təbrik etdiniz, yoxsa imkan tapa bilmədiniz?

– Yox.

– İndi efir vasitəsilə təbrik edərdiniz?

– Təbrik etmək niyyətində deyildim, niyyətim yox idi ki, çatdırmayım. Sadəcə olaraq, başım özümə qarışıq idi (gülür). Həmin vaxt məni maraqlandırmırdı ki, kim nə aldı, kim nə oldu. Vaxtım yox idi.

– Amma indi efirdə təbrik edə bilərsiniz.

– Niyə ki? Ümumiyyətlə, mən öz haqqımda danışıram. Kim mənim haqqımda necə danışırsa, mən də elə danışıram. Malalamaqdan keçdim. İnan ki, bilmirəm söhbət nədən gedir, nə “ödül”, kim necə oldu, kim niyə əsəbləşdi, kim kimi vurdu… Bilmirəm.

– Röya xanım “Altın Kelebek” mükafatı aldı.

– Çox gözəl. Bunun nəyi pisdir?

– Deyirəm təbrik edin.

– Bu, problem oldu, Azərbaycanda məndən başqa onu heç kim təbrik etmədi?

– Yəni efirdəsiniz. İstəsəniz təbrik edə bilərsiniz.

– O təbriklərdə nəsə qıtlıq oldu (gülür)? Yenə Natavandan nəsə lazımdı? Natavan lazım bilsə, niyə verilişdə edir ki? Belə…

– Aydındır. “W-trio” qrupu neçə il əvvəl dağıldı?

– 2002-ci idə.

– Onu yenidən kim bir yerə yığa bilər?

– Heç kim. Mümkün deyil. Çünki münasibətimiz yoxdur. Biz necə bir araya gələ bilərik?

– Dado ilə ayrılandan sonra ananızın buna münasibəti necə oldu?

– Hər bir ailədəki kimi. Hamı narahatdır, bilmir necə olacaq. Hamı bizdən bir qərar gözləyir, amma hamı da, təbii ki, məsləhətlər verir. Kimisi deyir ayrıl, kimisi deyir, ayrılma. Amma heç kim ailənin dağılmasını istəmir.

– Bəs sən necə, sən istəyirsən?

– Yox. Mən artıq o səmimiyətdən keçdim. Sonuncu dəfə mən bölüşdüm. Yazdım ki, sizdən məsləhət almaq istəyirəm. Lakin aqresiyanı görəndən sonra dedim ki, heç vaxt səmimi olmayacağam.

– Çoxları deyir ki, Natavan xanım gözəl, göyçək qızdır. Nəyə görə imkanlı adamla ailə qurmadınız?

– Bu sualı mənə, xüsusilə də, kasıblar verəndə, çox əsəbləşirəm. Bu barədə yazırlar. Sən özün kasıb olaraq, bu sualı mənə yazırsan. Deməli, sən önünə xətt çəkirsən ki, mən kasıb olaraq, sevib varlı qızla evlənə bilmərəm. Yəni mənim üçün bu mümkün deyil. Amma həyat elədir ki, insan özünə əmindirsə, ona nə kiminsə, pulu, nə malı, nə də vəzifəsi maraqlıdır.

Qeyd edək ki, görünür, Natavan Həbibi verilişdə ona veriləcək sualları özü seçib. Çünki onun Aygün Kazımova ilə bağlı verilən sualda “İlk öncə ondan başlayaq ki, bu sualı mən sizə yazmamışam və Aygün Kazımova haqqında mən birinci danışmağa başlamamışam. Sual bunlardandır, mənim xəbərim yoxdur” deməsi tamaşaçılarda şübhə yaradıb./Publika.az/


Müəllif: Teleqraf.com