24 Noyabr 2017 11:20
3 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ildir ki, musiqi ifaçılığı və aktyorluqla məşğulam.

Bu sözləri Teleqraf.com-a açıqlamasında qısa zaman kəsiyində "Ayə, haraya gedirsən, ayə?.." mahnısı ilə az vaxtda tanınan ifaçısı Vüsal Rzasoy deyib.

Onun sözlərinə görə, 2007-ci ildən Bakıda rok musiqisi ilə məşğul olub:

“İki il Balitikyanı ölkələrdə yaşamışam. Azərbaycanda və xarici ölkələrdə musiqi təhsili almışam. İndi yenə Bakıdayam. İfa etdiyim mahnı stili yenidir. Yəni axtarışlarım nəticəsində yaranıb.

Bu mahnını ifa etməkdə məqsədim o idi ki, insanların bölgələrimizdə yaşayanların ləhcələrinə, səslərinə gülməsinin heç də doğru olmadığını göstərim. Niyə “Ayə, haraya gedirsən?” sualını verənə gülməliyik? Tamaşaçılarsa elə bilir ki, mən o ifa ilə həmin ləhcədə danışanları lağa qoymuşam. Əslində demək istəyirdim ki, o insanları başa düşmək, suala diqqət yetirmək lazımdır. Onlar bu sualı verməklə hind və Avropa fəlsəfəsinin sualına cavab tapmaq istəyirlər.

Biz isə o sualı eşidəndə başlayırıq zarafat etməyə və gülməyə. Mən istədim ki, o insanlar da eşidilsin, başa düşülsün. Bu ləhcəyə gülmək düz deyil”.

Vüsal Rzasoy əlavə edib ki, yeni ilin əvvəlində konsert verməyi planlaşdırır:

“Bu sahəni gəlir mexanizminə çevirmək istəmirəm. Daha çox axtarışlarla məşğul olmaq fikrindəyəm”.

Qeyd edək ki, AZTV-nin Müasir Azərbaycan Gənci (MAG) adlı verilişə dəvət edilən gənc müğənninin ifası gözlənilmədən studiyadakıların da gülüşünə səbəb olub. Rok musiqi tərzində mahnı ifa edən Vüsal Rzasoy adlı gəncin "Ayə, haraya gedirsən, ayə?" adlı mahnısı geniş müzakirəyə səbəb olub.

Mahnı Müasir Azərbaycan Gənci layihəsinin Feysbuk səhifəsinə yerləşdirilib.


Müəllif: Şəfiqə