5 İyul 2016 17:17
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Mustafa: “Quzular bizə gələndə qurda çevrilirlər”

Teleqraf.com Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Türkiyə prezidenti Ərdoğan bu ölkədə məskunlaşan 3 milyona yaxıb suriyalı qaçqına vətəndaşlıq şansı verəcəyini bəyan edib. Sizcə, 3 milyon ərəbə vətəndaşlıq verməklə Türkiyə nə qazanacaq?

- Mənim aldığım informasiyaya görə, söhbət prosedurun yüngülləşdirilməsindən gedir, hər kəsə vətəndaşlıq şansı verilməsindən deyil. Və ya Suriya vətəndaşları var ki, onlar öz ölkəsinin vətəndaşlığını itirmək istəmirlər. Ancaq bu gün Türkiyənin bu sayda insanı vətəndaşlığa qəbul etməsinə ehtiyacı yoxdur. Türkiyənin son 20 ildəki siyasəti daha uğurlu idi. Belə ki, əvvəllər daha çox türk dövlətlərindən gələn insanların vətəndaşlığa qəbul edilməsinə üstünlük verilirdisə, indi daha çox türklə evlənən Rusiya, MDB ölkələri vətəndaşlarına və Suriyadan olan qaçqınlara verilir. Bu siyasətin sonradan müəyyən problemləri çıxacaq. Əgər oradakı türkmənlərin Türkiyə vətəndaşlığına qəbul edilməsindən söhbət gedirsə, bu, ayrı məsələ.

- Suriya qaçqınlarına Türkiyə vətəndaşı olmaq şansının verilməsində AKP iqtidarının siyasi məqsədləri varmı?

- AKP hökuməti üçün ola bilsin ki, bu amilin daxili siyasətdə istifadə edilməsi baxımından faydası var. Xüsusilə, səs almaq üçün. Əgər bu insanlara vətəndaşlıq veriləcəksə, həmin qüvvələr seçkilərdə mütləq AKP hakimiyyətini dəstəkləyəcək. Ancaq bunun naminə belə addıma gedilməsi tarixi yanlışlıq olar. Bu, Türkiyənin həqiqətən də, gələcəkdə təhlükə riskinə girməsinə səbəb olar. Odur ki, mən bunu anlaşılmaz addım hesab edirəm. Əgər burada deyilsəydi ki, söhbət türk toplumuna aid olan insanların bura himayəsiz qəbul edilməsindən gedir, bu, əsaslı olardı. Çünki Türkiyədə türklərin sayı nə qədər çox olarsa, dövlətçiliyin güclənməsi mənasına gəlir. Amma indiki vəziyyətdə belə addımın bütün qaçqınları əhatə edərək atılması Türkiyənin maraqlarına uyğun deyil.

- Sizcə, belə hallarda ümmətçilik öndə olmalıdır, yoxsa millətçilik?

- Heç biri vacib deyil.

- Ancaq siz də sanki millətçiliyi önə çəkdiniz...

- İndiki məqamda heç biri vacib və lazım deyil. İndi Türkiyənin dövlət maraqlarının qorunması vacibdir. Çünki ümmətçiliyin arxasında ərəb dövlətləri ilə həmrəylik durmur. Ümmətçiliyə qalsa, onda Rusiya, İsrail və digər ölkələrlə münasibətləri pozmalısan.

- Dediyiniz ölkələrlə münasibətlər pozulmamışdımı?

- Bəli, pozulmuşdu və sonda da Türkiyəyə ən çox dəstək verən ölkə Azərbaycan oldu. Belə bir vəziyyətdə Türkiyənin nə millətçilik, nə də ümmətçilik siyasətinə ehtiyacı yoxdur. Daha çox praqmatik və ağıllı siyasət yeridilməlidir ki, qonşularla, bölgədə olan dövlətlərlə sağlam münasibətlər qurulsun. Qalan məsələlər yazılmamış qanunlara doğru gedir. Türkiyə bir türk dövlətidir və burada türklərin sayının çox olması dövlətin faydasınadır.

- Ancaq belə iddialar da var ki, onsuz da 3 milyon 10 milyonlarla türkün daxilində əridiləcək...

- Almaniya və digər yerlərdə situasiya bir qədər fərqlidir. Burada dövlət və mədəniyyət məsələsi o şəkildə həll olunur ki, bura daxil olan alman mədəniyyətinin içərisində əriyir. Lakin Türkiyəyə daxil olan öz mədəniyyəti və kültürünü mühafizə edir və bir müddət sonra dövlətdən haqq istəməyə başlayır. Ermənilər kimi. Məsələn, ermənilər Amerikadan haqq istəyə bilmir, özünə Dağlıq Qarabağ kimi ərazi tələb etmir. Ancaq Azərbaycandan, Türkiyədən bunu istəyə bilir. Yəni bunlar başqa toplumlarda quzu olur, bizə gələndə qurda çevrilirlər. Odur ki, bu məsələləri nəzərə almağımız vacibdir. Hər halda Türkiyədə bu məsələdə əsas silahlardan biri aydınlardır. Bu hallara qarşı ciddi müqavimət olmalıdır. Əlbəttə, formal qeyd oluna bilər ki, vətəndaşlığın verilməsinə normal yanaşılır və s. Ancaq bu addım atılacaqsa, o zaman üstünlük türklərə-türkmənlərə verilməlidir. Bir sözlə, bu imkan türklərə verilirsə, normaldır, başqalarına verilirsə, bu ölkənin altına mina qoyulmasına bərabərdir.

- Türkiyədə işsizlik problemi də mövcuddur. 3 milyona yaxın insanın vətəndaşlığa qəbul edilməsi ciddi sosial problemlərə səbəb olmazmı?

- Əlbəttə, olacaq. İşsizlik problemi olduğu üçün əksəriyyət xarici ölkələrə səfər edir. Bunu nəzərə almaq lazımdır. Sosial problemlər də yarana bilər. Lakin daha vacibi bu prosesin demoqrafik tərəfidir. Sosial problemin öhdəsindən gəlmək olar, amma demoqrafik prosesin pozulması nəticəsində PKK-nın etdiyi hərəkətlər göz önündədir. Vaxtilə bunu heçə sayanlar, indi onun nəticəsini gördülər. PKK haradan güc aldı? Təbii ki, daha çox İraqdan və digər ərazilərdən bura gələn kürdlərin hesabına. Odur ki, bu təhlükə Suriyadan gələnlər üçün də keçərlidir.

- Türkiyənin bu addımı ərəblərin hesabına kürd radikallarını zərərsizləşdirmək xətti kimi görülə bilərmi?

- Axı bu addım kürd radikalizmini zəiflətmək xəttinə uyğun gəlmir. Söhbət kürdlərin zəiflədilməsindən getmir. Kürdlər onsuz da dövlətə inteqrasiya prosesində olub. PKK isə ABŞ və Avropanın dəstəklədiyi qurumdur. Yəni bu sırf kürd hərəkatı deyil, amma kürdlərin bir qismi tərəfindən dəstəklənir. Burada söhbət ondan gedir ki, qaçqın statusunu üzərindən götürür və normal vətəndaş kimi iş prosesinə qatılırsan. Üstəlik dövlətə vergi verirsən. Məncə, məqam budur. Dövlət öz yükünü azaltmaq istəyir. Bir var evdə oturub dövlətdən çörək gözləyir, bir də var gedib özünə çörək qazanır və üstəlik dövlətə də vergi verir. Məncə, bu insan tipini fərqləndirmək üçün bu addım atılır.

- Niyə suriyalı ərəblərlə müqayisədə türkmənlərə az etimad olunur, geniş qucaq açılmır?

- Türkmənlərə də qucaq açılır, vətəndaşlıq məsələsində çətinlik yaradılmır. Hesab etmirəm ki, türkmənləri köməksiz buraxıblar. AKP hökuməti imkanları daxilində türkmənlərə köməklik edir. Ancaq vaxtilə strateji səhvlərə yol verilib. Zamanında İraq və Suriya ilə bağlı məsələlərdə bir var ümumi əhalinin maraqlarını gözləyib müzakirələr aparasan, bir də var Bəşər Əsəd və İbadi hökuməti ilə türkmənlərə status verilməsi üçün mübarizə aparasan. Türkiyə o zaman ümumi insan haqlarını qorumaq xətti ilə getdi. Bu isə yanlış xətt idi. Çünki bu yükün altından Amerika kimi dövlət çıxa bilər. Türkiyə kimi bölgəsəl dövlət bu ölkələrə hansısa bir iradəni diktə etmək imkanında deyil. Türkiyə əlbəttə ki, bu dövlətlərdən üstündür, amma tam üstün deyil. Türkiyənin daha çox türkmənləri qorumaq missiyasını üzərinə götürüb bu istiqamətdə ləng və səmərəsiz davranışı türkmənlərin həyatını riskə qoydu, bölgə boşaldıldı. İndi gec olsa da, vətəndaşlıq faktorunda bu məsələyə üstünlük verilməlidir.

Nemət


Müəllif: