24 İyun 2014 10:57
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azay Quliyev: “Sessiyanın Bakıda təşkili bizim üçün uduşdur”

İyunun 27-də Bakıda ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək. Bu son 21 ildə ATƏT-in Bakıda keçirəcəyi ən əhəmiyyətli tədbiri hesab olunur. Bu məqsədlə Bakıya 500-dən çox siyasətçi, parlamentari, QHT nümayəndəsi və jurnalistlər gələcək.
Tədbirdə erməni deputatların da iştirakı gözlənilir. Sessiyanın hazırlığı, müzakirə ediləcək məsələlər və digər mövzular haqda suallarımıza Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev cavab verib.
Müsahibəmiz həm də Azay Quliyevin ad gününə təsadüf edib. Bu imkandan istifadə edərək Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrinə doğum günü haqqında da suallar verdik.

- Azay bəy, iyunun 27-də ilk dəfə ATƏT Parlament Assambleyasının Bakıda toplantısı keçiriləcək. Sessiyanın hazırlıq işləri başa çatıbmı və erməni nümayəndə heyəti də sessiyada iştirak edəcəkmi?
- Bəli, bizdə olan xəbərə görə,Ermənistanın ATƏT-də olan nümayəndə heyəti bu sessiyada iştirak edəcək. Ancaq Bakıya erməni deputatlarından kimlərin gələcəyini dəqiq deyə bilmərəm. Ümumi informasiya belədir ki, onlar bu sessiyada iştirak edəcəklər.

- Bəs sessiyada iştirak etmək üçün Bakıya nə qədər qonaq gələcək?
- ATƏT Parlament Assambleyasının sessiyası əhəmiyyətli toplantı hesab olunur. Məndə olan xəbərə görə, sessiya çərçivəsində Bakıya 600-dən çox qonağın gələcəyi gözlənilir.

- Artıq gələnlər varmı?
- Artıq ATƏT-in Beynəlxalq Komitəsinin əməkdaşları bu gün (dünən-red) Bakıya gəliblər və hazırda biz onlarla birlikdə iclasa qatılırıq.

- NATO Parlament Assambleyasının sessiyasında azərbaycanlı deputatlarla erməni deputatlar arasında mübahisə yarandı. Bu, ATƏT Parlament Assambleyasında da baş verə bilərmi?
- Şübhəsiz ki, Azərbaycan dövlətinin milli maraqlarını həm Azərbaycanda, həm də Azərbaycandan kənarda müdafiə edirik və bundan sonra da prinsipial olaraq müdafiə edəcəyik. Digər bir tərəfdən, biz həm də anlayırıq ki, bu sessiyaya ev sahibliyi edirik. Bizim əsas məqsədimiz ilk dəfə Azərbaycanda keçirilən assambleyanın illik iclasını yüksək səviyyədə təşkil etməkdir. Ev sahibi olaraq məqsədimiz yeddi günlük iclasın effektiv olmasına maksimum dərəcədə köməklik etməkdir. Ola bilsin ki, bizi istəməyən qüvvələr istəyəcək ki, Bakı sessiyasında təxribat yaransın. Bu məqsədlə də mümkündür ki, təxribat xarakterli addımlara əl atsınlar. Biz də çalışacağıq ki, hər bir məsələyə maksimum səviyyədə adekvat münasibət bildirək. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni də edəcəyik.

- Azay bəy, ATƏT Parlament Assambleyasının ilk dəfə olaraq Azərbaycanda keçirilməsi bizə nə verəcək?
- Hesab edirəm ki, bu olduqca əhəmiyyətli hadisədir. Bizim burada böyük uduşumuz olacaq. Azərbaycan artıq bu cür nüfuzlu beynəlxalq tədbirlərə dəfələrlə ev sahibliyi etmək bacarığını ortaya qoyub. ATƏT-in sessiyası da bu baxımdan növbəti nümunə olacaq. Son 22 illik tarixində ATƏT Parlament Assambleyası ilk dəfə olaraq illik sessiyasını Azərbaycanda keçirəcək. Çox ölkələr var ki, bu tədbirin öz ərazisində keçirilməsi üçün əlindən gələni edir. Amma Parlament Assambleyası heç də bu cür müraciətlərin hamısını yüksək səviyyədə qarşılamır. Birincisi, bu ATƏT Parlament Assambleyasının Azərbaycana etimadı və inamıdır. Bu mənada sessiyanın Bakıda təşkili bizim üçün uduşdur. İkincisi, Azərbaycana gələn çoxlu sayda siyasətçi Bakının inkişafı, ölkəmizin nə dərəcədə tolerant məkan olduğunu görəcəklər. Həm də biz imkan yaradacağıq ki, Azərbaycanın bütün istiqamətlərdə inkişafı ilə tanış olsunlar. Üçüncüsü, artıq Azərbaycan beynəlxalq təşkilatlarda əsas oyunçulardan birinə çevrilir və ölkəmiz həm də beynəlxalq qərarların qəbul olduğu məkan statusunu əldə edir. 2014-cü ilin ATƏT Parlament Assambleyasından gözlənilənlər məhz Bakı deklarasiyası adından təqdim ediləcək. Bu da mühüm hadisədir.

- Biz gördük ki, Bakıda keçirilən AŞ-nin nazirlər komitəsinin sessiyasında Azərbaycan ciddi tənqid edildi. Bu mənada ATƏT-in illik sessiyasında da ölkəmizin tənqid olunma ehtimalı varmı?
- ATƏT müxtəlif ölkələri, qrupları və maraqları özündə birləşdirən qurumdur. Ona görə də biz ATƏT-də müxtəlif fikir daşıyıcılarının olduğunu bilirik. Ola bilsin ki, hansısa bir formada kimlərsə fikir səsləndirsin. Bizim də istənilən fikrə qarşı düşüncəmiz və alternativ cavablarımız var. Bu baxımdan bizim heç bir çəkinəcəyimiz yoxdur. Hər bir fikrə cavabımız olacaq.

- Hazırda Ukrayna-Rusiya münasibətləri neqativ istiqamətdədir. ATƏT Parlament Assambleyası isə iyunun 30-da Ukrayna məsələsini müzakirəyə çıxaracaq. Bu Rusiya tərəfindən necə qarşılanacaq?
- Bəli, Ukrayna məsələsi ilə əlaqədar ayrıca müzakirə təşkil ediləcək. Bununla bağlı olaraq ATƏT-in gündəliyində müvafiq məsələ salınıb. Bizim iştirakımız yalnız ondan ibarət olacaq ki, sessiyanın yüksək formada işini təşkil edək və üzərimizə düşən işi həyata keçirəcək. Bu sessiya zamanı hansı qərarın qəbul edilməsi Azərbaycanın səlahiyyətinə və məsuliyyətinə aid olan məsələ deyil. Əksinə, bu ATƏT Parlament Assambleyasının qəbul edəcəyi qərar olacaq. Əminəm ki, Rusiya tərəfi bu məsələni gözəl bilir və anlayır ki, burada gedən müzakirələr Azərbaycanın deyil, ATƏT Parlament Assambleyasının mövqeyidir. Assambleyada qaldırılacaq məsələlərin heç bir halda bizə aidiyyəti yoxdur. Əminəm ki, Rusiya tərəfi bu müzakirələri Azərbaycanla bağlamayacaq. Sadəcə olaraq Azərbaycan bu tədbirə ev sahibliyi edir. Ev sahibi olaraq üzərimizə düşəni yerinə yetirəcəyik. Başqa sözlə, bura gələn deputatların təhlükəsizliyi təmin olunacaq, onlar üçün normal iş şəraiti yaradılacaq. Digər məsələlər isə Azərbaycana aid olmayan məsələlərdir. Rusiya bunu mən dediyim formada başa düşür və qiymətləndirir.

- Sizin özünüzün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gündəliyə təklifləriniz olacaqmı?
- Mənim müəllifi olduğum bir qətnamə artıq gündəliyə salınır. ATƏT ərazisində maddi və mənəvi abidələrin qorunması haqqında qətnamədir. Bu sənədə əsasən söhbət işğal olunan ərazilərdə maddi və mənəvi abidələrin dağılmasından, dəyişdirilməsindən və özününküləşdirilməsindən gedir. Buna qarşıda çox ciddi təpkilər var. Şübhə etmirəm ki, bu qətnamə qəbul olunarsa, ATƏT ərazilərində işğal edilən, xüsusilə Dağlıq Qarabağda dağıdılan maddi və mənəvi abidlərin qorunması baxımından ciddi dəstək ala biləcəyik. Hesab edirəm ki, bu qətnamə Bakıda qəbul ediləcək.

- Azay bəy, İraqın şimalında İraq Şam İslam Dövləti deyilən qüvvələr meydana çıxaraq Mosulda, Kərkükdə qırğınlar törədir, türk diplomatlarını əsir alırlar. Bu məsələ sessiyada gündəliyə çıxarıla bilərmi?
- Türk diplomatlarının girov götürülməsi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi var. Biz bu olayı pisləyir və saxlanılan türk diplomat və vətəndaşlarının azad edilməsini tələb edirik. Əgər Assambleyada bu istiqamətdə təşəbbüs olarsa, şəxsən mən bunu dəstəkləyəcəyəm.

- ATƏT Parlament Assambleyasının sessiyasında Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın eyni mövqedən çıxış etməsi gözlənilirmi, bu ölkələrdə mövcud olan münaqişələrin səbəbləri də eynidir?
- Bunun üçün bəlli prosedura qaydaları var. Hər hansı bir ortaq qətnamə hazırlamaq üçün bəlli vaxt məhdudiyyəti var. Vaxt məhdudiyyəti isə artıq başa çatıb. Prinsip etibarilə Gürcüstan, Moldova və Azərbaycanın vahid qətnamə ilə çıxış etməsi bildiyiniz kimi BMT Baş Assambleyasında uğurla tətbiq edilib. Bu müsbət presedentdir. Gələcəkdə bu ATƏT Parlament Assambleyasında tətbiq oluna, Azərbaycan, Gürcüstan və Moldovanın hazırladığı birgə qətnamə keçə bilər. 2007-ci ildə ATƏT ərazisində həll edilməyən münaqişələrlə bağlı qətnamə qəbul olunmuşdu. O zaman Azərbaycanın mövqeyi tam olaraq sənəddə əks olunmuşdu. Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli bu sənəd də təsdiq olunmuşdu.

- Milli Məclisin son sessiyasında Andlılar İclasları Cinayət Məcəlləsindən çıxarıldı və buna bir çox deputatlar etirazını ifadə etdi. Sizin bu məsələdə mövqeyiniz nədən ibarətdir?
- Mən şəxsən Andlılar Məhkəməsinin fəaliyyət göstərməsinin tərəfdarıyam. Bu mənim prinsipial mövqeyimdir. Andlılar Məhkəməsi bizim məhkəmə-hüquq sistemimizdə olsa pis olmazdı. Amma iş ondadır ki, 14 il bundan əvvəl qəbul edilən qanunun bu maddəsi işləmədi. Bu səbəbdən də iki yol qalmışdı: ya bu maddənin icrasını təmin etmək, ya da bu maddəni qanundan çıxarmaq. İndi bu maddə qanundan çıxarıldı. Lakin mən düşünmürəm ki, Andlılar Məhkəməsi tam olaraq gündəmdən çıxarılıb. Müəyyən müddətdən sonra bu məsələyə yenidən qayıtmaq olar. Haçansa bizim hüquq sistemimiz bu məsələyə diqqət etməklə onun tətbiqinə start verə bilər.

- Azay bəy, bu gün həm də Sizin doğum gününüzdür. Bu günü necə qeyd edəcəksiniz?
- Mən hazırda Milli Məclisdəyəm, iclasa gedirəm. Ad günümü keçirmək haqqında düşünmürəm.

- Necə düşünürsünüz, bu günə qədər nə dərəcədə effektiv fəaliyyətiniz olub?
- Mənim buna cavab verməyim doğru olmazdı. Məncə, effektiv işləməyimlə bağlı qiyməti seçicilərim, ictimaiyyət verə bilər. Məncə, bu sualı siz onlara verməlisiniz.

- Bu günə qədər qarşıya qoyduğunuz məqsədlərin hamısına nail ola bilmisinizmi?
- Məqsədlər müxtəlif olur. Elə məqsədlər var ki, uzunmüddətli səy tələb edir, elə məqsədlər də var ki, yaxın müddətlidir. Mən bu günə qədər olan fəaliyyətimdən, eləcə də, dövlətimin və ictimaiyyətin mənə münasibətindən razıyam. Allaha şükür edirəm ki, mənim qarşımda duran məqsədlərimə çatmaq, bir neçə istiqamətdə özümü doğrultmaq üçün güc və imkan verib. Bu baxımdan mənim şikayətim yoxdur.

- Siz indi cəmiyyətə fayda vermək baxımından lazım olan yerdəsiniz?
- Mən öz yerimdən, mövqeyimdən və dövlət başçısının, seçiçilərimin mənə göstərdiyi etimaddan çox razıyam.

- Doğum gününüzü ilk təbrik edən kim olub?
- Ailəm, övladlarım. Dostlarım da təbrik edib. Sizə də məni təbrik etdiyinizə görə təşəkkürümü bildirirəm. Amma indi iş qrafikim sıx olduğundan ATƏT-in Parlament Assambleyasının toplantılarına hazırlaşırıq.

Nemət Hüseynli


Müəllif: