20 Avqust 08:55

Pop ulduz Madonna doğum gününü çox şən ovqatda keçirib.

Teleqraf.com-un xəbərinə görə, İtaliyanın Salentina yarımadasında, Leççe şəhərində 59 yaşını qeyd edən müğənni həmin gün ətrafına yalnız yaxınlarını toplayıb. Ad günü şəkilləri sənətçinin İnstaqram səhifəsində yayımlanıb. Doğum günü fotoları arasında nadir kadr hər kəsin diqqətini cəlb edib. Müğənni ilk dəfə altı övladı ilə birgə fotosunu sosial şəbəkədə yayımlayıb.

O şəkilə bircə cümlə ilə şərh yazıb - "Ad günü".

Həmin fotoda müğənni ananın yanında 20 yaşlı Lurdes, 17 yaşlı Rollo, 11 yaşlı Devid və Mersi, eləcə də 4 yaşlı ekizlər- Stella və Ester yer alıb.

Madonna özünə və qızlarına eyni rəngdə paltar tikdirib.

Madonna çoxuşaqlı ana kimi çoxdan məşhurdur. O, Hollivud ulduzu Ancelina Coli ilə bəhsəbəhs edir. Hazırda sənətçinin himayəsində 6 uşaq var. Bu ilin fevralında Afrika ölkəsi Malavidə müğənniyə qaradərili iki azyaşlını qəyyumluğa götürməyə icazə veriblər.

Stella və Esterin anası onlar dünyaya gələndən az sonra həyatını itirib. Ekizlərin atası isə onlara baxmaq iqtidarında deyil. Müğənni uşaqların qəyyumluq məsələsinin həlli üçün bir aya yaxın Malavidə yaşamaq məcburiyyətində qalıb.

Uşaqlardan yalnız ikisi Madonnanın bioloji övladıdır. 1996-cu ildə doğulan qızı Lurdesin atası fitnes məşqçısı Karlos Leondur. Oğlu Rokko isə britaniyalı rejissor Qay Riçi ilə izdivacından dünyaya gəlib.

Oğlu Devid Bandunu isə Madonna 2006-cı ildə Malavidə himayəyə götürüb. Sonra onun ailəsinə daha bir Malavili qız- Mersi daxil olub.

Sənətçinin böyük qızı Lurdes hazırda Miçiqan Universitetində, anasının bitirdiyi incəsənət fakültəsində təhsil alır.

Oğlu Rokko isə ötən il böyük qalmaqalla diqqət çəkib. Atası ilə Londonda yaşayan oğlan narkomanların çevrəsinə düşüb. Bir neçə gün həbsxanada qalan Rokkonu Madonna öz yanına, Amerikaya gətizdirərək onu əmək terapiyası almağa məcbur edib.

Paparatsilər böyük maraqla onun pizza daşımasını lentə alıblar.


Müəllif: Nahid