11 Dekabr 2017 09:14

“Rusiyadan necə qaçdım?” – Məhəmməd Altunbayın xatirələri

V Hissə

Əvvəli burada

15 dəqiqəlik ümumi söhbətdən sonra bizə ayrı-ayrı oturmaq üçün masa göstərdilər. Əyləşdik. Sonra hamımızın önünə bir kağız qoydular və dedilər: “İndi ayrı-ayrı hər kəs öz fikrini bu kağıza yazsın, görək bura niyə gəldiniz, məqsədiniz nədir. Kağızların altına da qol çəkərsiniz”.

“Yaxşı” deyərək yazmağa başladıq. Mən eynilə bu sətirlərlə fikrimi belə izah etdim:

“... Düşməndən xilas olmaq, gələcəkdə vətənimə, millətimə faydalı türk əsgəri olmaq niyyətilə ana vətənimizə uçarkən təyyarəmizin benzininin bitməsinə görə İran torpaqlarına məcburi eniş etdik. Mən bütün varlığımla ana vətənim olan Türkiyəyə getmək arzusundayam. Ona görə də hər zaman qardaş bildiyimiz ədalətli İran hökumətindən yeganə arzum budur ki, məni ana vətənimə mümkün olduğu qədər tez göndərmək üçün bu qardaş dövlət öz mərhəmətini əsirgəməsin.

08.02.1939

Azərbaycanlı mültəcilərdən İ.M.A”

İstədiklərini yazıb verdik. Dostum Həsənin yazdığı şeylər mənimkinə yaxındı. O da yazısında ana vətəni Türkiyəyə getmək arzusunu bildirmişdi. Fəqət dostumuz Cəlal nədənsə fikrini dəyişdirərək İranda qalmaq istədiyini yazmışdı. Yazdıqlarımızı oxuduqdan sonra öz aralarında danışdılar, sonra Əmniyyət müdirinin müavini yanımıza gələrək dedi: “İndi sizi bir evə aparacaqlar. O evdə bir neçə gün istirahət edərsiniz”.

Biz çox təşəkkür etdik. Dərhal iki taksi gəldi. Bir zabit və 4 polislə bərabər bizi maşına əlyəşdirdilər. Hərəkət etdik, maşın 20 dəqiqə şəhərin içərisində getdikdən sonra 10 dəqiqəyə qədər də şəhərdən kənarda getdi. Nəhayət, maşınlar böyük bir qapının önündə dayandı. Qapının önündə iki polis gözətçisi durmuşdu. Bizimlə gələn zabit səsləndi, polislər qocaman dəmir qapını zorla aça bildilər. Biz gəldiyimiz bu müntəzəm evə təəccüblənmişdik, bir-birimizin üzünə baxırdıq. Hər kəs ürəyində “biz nə qədər məsud insanlarıq ki, İran hökuməti bizi sultanın sarayına gətirdi” deyə düşünürdü. Sultan sarayının qapısından içəriyə girdik. Sultan sarayı dediyim bu saray qoca Təbriz şəhərinin ən qocaman bir həbsxanası idi. Bu gündən etibarən ən iztirablı günlərimiz başladı. Bu insaniyyətsizlik üzündən dostum qanlı xəncərlərə qurban getdi.

Həbsxanaya gələn kimi çamadanımızda və üzərimizdə olan hər şeyi aldıqdan sonra bizi başqa bir otağa salıb qapını kilidlədilər. Çölə çıxmağa qoymur, kimsəylə danışmağa izn vermirdilər. Edilən bu haqsız rəftar bizi çox mütəəssir etdi. Fəqət nə edək ki, qardaş dediyimiz İranda şovinist bir farslıq güdülürdü.

Bizim bu torpaqda qarşılaşdığımız acı mənzərələrə və təhdidlərə rəğmən, qəlbimizdəki azad əməllərə nail olmaq üçün heç bir an ümidimizi itirmədik. İnsanları yaşadan daşıdıqları böyük ümiddir. 10-15 gün, nəhayət bir ay həbsdə qalacağımızı təxmin edirdik. Fəqət təəssüf ki, bu təxminlərimiz boşa çıxdı. İztirab içində aylarla həbsxanada qaldıq. “Necəsiniz” deyə halımızı soruşan da olmadı.

Həbsdə qaldığımız müddətdə öz-özümüzü təsəlli edəcək münaqişələr nəticəsində ümidlərimiz get-gedə qüvvətlənirdi. Böyük ümidlərə, azad və müqəddəs əməllərə nail olmaq üçün insanlar həyatın çətin mücadilələrini iztirab və acılarını gömməyə məhkumdurlar. Zira həyatın ən dadlı zövqü mücadilə içində onun hər cür iztirab və acılarını görməkdir. Zəhmət, iztirab və mücadilə qazanlarında qaynamayan insanlar həyatın onlara verdiyi zövqün dərəcəsini bilməzlər. Mühitləri üçün lüzumlu və ya lüzumsuz bir fərd olaraq yaşadıqlarını da dərk edə bilməzlər. Bir çox insan həyatın zövqünü zənginlikdə axtarır. Fəqət əsl insani zənginlik iman və ideal zənginliyidir ki, onu heç bir maddi vasitə ilə ölçməyə imkan yoxdur.

Hürriyyətləri və istiqlalları uğrunda həyatın ən acı sərgüzəştlərini görməyən, hər cür iztirab və fəlakətlərlə mücadilə etmək mətanətini göstərməyən və ər meydanlarında müqəddəs dava üçün qan axıtmayan, anaların, gəlinlərin, qızların göz yaşlarını görməyən millətlər müqəddəs istiqlal bayraqlarının göylərdə dalğalanmasından zövq duymazlar. Demək, həyat zövq və səfa üçün deyildir. Onun hər cür fəlakətini və iztirabını çiyinlərində daşımaq millətin və fərdlərin vəzifəsidir.

Həbsxana həyatımızın üçüncü günü idi. Təbriz Əmniyyət müdirliyindən üç polis məmuru gəldi. Bizi tək-tək ayrı otaqlara apararaq sorğu-suala çəkdilər. Cinayət işləmiş bir qatil kimi on gün davam edən sorğu-sualda polis məmurlarının bizdən soruşduqları suallar bunlardan ibarətdi: Ata, ana və bütün qohumlarımızın və özümüzün tərcümeyi-halımız.

Hörmətli oxucularımızı çox yormamaq üçün mən burada bir neçə gün davam edən ifadələrimizi ətraflı şəkildə yazmağa lüzum görmürəm. Fəqət verdiyimiz cavabların bəzi qismini xülasə kimi qeyd etmək istəyirəm.

Mən 1913-cü ildə Azərbaycanın Gəncə şəhərində doğuldum. Atam isə Gəncə şəhərinin Qaramusalı kəndindəndir. Atama Dərvişoğlu Qaçaq İbrahim deyərdilər. Vətənini tapdalayan Çar Rusiyasının zülmünə qarşı ömrünün sonuna qədər boyun əymədən mücadilə apardığı üçün Qaçaq ismini almışdı.

O hələ çox gənc yaşda ikən qəhrəmanca ölməyi özünə böyük bir şərəf sayırdı. Zalım istila rejimi onu illərlə qartal kimi dağlarda, meşələrdə yaşamağa məcbur etdi. 1905-ci ildə çar generallarının təşəbbüsü ilə Azərbaycanda və İrəvanda olan ermənilər türklərin əleyhinə təhrik edildilər. Bu fürsətdən istifadə edən ermənilər əllərindən gələn bütün pislikləri türklərə qarşı etməkdən zərrə qədər çəkinmədilər. Minlərlə türk uşağının başını küçələrdə kəsdilər. Burada tarixi bir sənədi hörmətli qandaşlarıma xatırlatmağı çox vacib bilirəm.

Qafqazın hər tərəfində türklərlə ermənilərin arasında baş verən qanlı hadisələr dönəmində Türkiyədə yaşayan bir erməni qadın gizli şəkildə Azərbaycanda yaşayan bir erməni qardaşına belə bir məktub göndərmişdi:

“Gözlərin aydın olsun. Bir neçə gün əvvəl bir oğlan uşağımız dünyaya gəldi. Bu uşaq bir gün böyüyəcək və torpaqlarında yaşadığımız düşmənlərimizdən intiqam alacaqdır. Bu gün sizin əlinizdə olan fürsət əsrlərdir gözlədiyimiz fürsətdir. Oradakı türklərin son uşaqlarını qılıncdan keçirməyincə qılınclarınızı qınlarına qoymayın. Sizin oradakı türklərin qəlbinə endirdiyiniz hər qılınc zərbəsi Türkiyədə ölən erməni qardaşlarımızın məzarı üstündə bir dəstə qönçə gül kimi bitəcəkdir”.

Bu məktub bir neçə ildən sonra bir Azərbaycan mühərririnin əlinə keçir. O mühərrir bu məktubu “Qanlı illər” adlı kitabında təfsilatı ilə yazır.

Bu vəhşi zülmün intiqamını düşməndən almaq üçün sinələrini ölümə sipər edən Azərbaycan türklərinin biri də Qaçaq İbrahim idi. Onun vücudunun hər tərəfi güllə yarasıyla bəzənmişdi. Nəhayət, bir gün bir ağacın altında yatarkən düşmənləri tərəfindən sarıldı. O halıyla, qanı axa-axa qaçmağa müvəffəq oldu. Atam bu güllə yaralarından ölmədi, yaraları tamamilə sağaldı. Yenə hər zamankı kimi atının üzərində çox sevdiyi dağlarda dolaşdı. Nəhayət, gün keçdikcə atamın son günləri yaxınlaşdı. Çar istila rejiminin zülmü altında inləyən azərilərin dözülməz halı, ağrısı qəlbləri parçalayan vətəninin çeynənməsi və hürriyyət həsrəti onu vərəmin öldürücü qucağına atdı. İllərlə göz yaşları ilə gözlədiyi Azərbaycanın istiqlalını görməyə ölüm aman vermədi. 1916-cı ildə 44 yaşında həyata gözlərini yumdu. O zaman anamın qucağında olan bir yaşında süd əmən qardaşım, üç yaşımda mən və altı yaşında məndən böyük qardaşım yetim qaldıq.

Davamı var...

P.S. Altunbayın xatirəsində qeyd etdiyi “Qanlı illər” əsəri Məhəmmədsəid Ordubadinindir. Ordubadi erməninin yazdığı məktub haqqında əsərində belə məlumat verir:

“Oxçu çayının kənarında iki nəfər erməni cənazəsinin olduğunu bizə xəbər verdilər. Həmən saatda, hansı vilayət camaatı olduqlarından bir əlamət bilmək üçün cənazələrə baxmaq məqsədilə o tərəfə getdik. Ermənilərin birisi 25-30 yaşlarında bir cavan olub, o birisi 45-50 yaşlarında idi. Əvvəlincisindən bir parça qana bulaşmış kağız, o birisindən də bir dəstə paketsiz kağız tapıldı. O kağızın birisi - başı rusca olaraq Mehri kəndində Vaçiyans vasitəsilə Hadrut Daşnaksutyun partiyasında Stepan Saakyansa yetişməli imiş. Kağızın tərcüməsi bu sözlərdən ibarət idi: “Sevgili oğlum! Bu günlərdə kiçik qardaşın da Eçmiədzin üçüncü Daşnaksutyun partiyasına yazılıb, Osmanlı daxilindən göndərildi. Təlaşınızı millət uğrunda bir dəqiqə əsirgəməyiniz! Millət uğrunda vurduğunuz qılıncların hər birisi bir dəstə gül olub Türkiyədə Ermənistan yolunda can verən mücahidlərin məzarına sancılır. Ananız naxoş olmuşdu. Sizin salamat xəbər... (məktubun burasını qan zay etdiyindən oxunmadı. Sonra kağız bu kəlmələrlə oxunmağa başlandı) ... Əlbəttə, hazırkı ayın iyirmisindən yerbəyer ediləcəkdir.


Müəllif: Dilqəm Əhməd
Загрузка...