25 Aprel 2017 20:39
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir Azərbaycan auditoriyasının açılışında iştirak edən litvalı jurnalistlərin suallarını cavablandırıb

Xarici İşlər naziri Elmar Məmmədyarov Litvaya rəsmi səfəri çərçivəsində Vilnüs Universitetində Azərbaycan auditoriyasının açılış mərasimində iştirak edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, açılış mərasimində Məmmədyarovu Litva Xarici İşlər nazirinin müavini Daurius Skuçevius və universitetin rektoru Arturas Zukauskas müşayiət edib.

Vilnüs Universitetində belə bir auditoriyanın yaradılması universitetin müəllim və tələbə kollektivini Azərbaycan həqiqətləri, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti barəsində məlumatlandırmaq, ölkəmizlə əlaqədar elmi-tədqiqat işlərinə dəstək vermək məqsədi daşıyır.

Azərbaycan üslubunda tərtib olunan auditoriyada seminar, mühazirə, film təqdimatı kimi müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Auditoriyada ölkəmizə dair çoxsaylı kitablar, eləcə də Litva dilində Azərbaycan haqqında dərc edilmiş nəşrlər və digər əyani vasitələr də yer alıb.

Auditoriya ilə tanış olan Məmmədyarov mərkəzin iki ölkə arasında elmi və humanitar xarakterli təmasların təşviqinə, tələbələrarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir Azərbaycan auditoriyasının açılışında iştirak edən litvalı jurnalistlərin suallarını cavablandırıb. Həmçinin Vilnüs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Qeyd edək ki, Vilnüs Universiteti Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Universitetdə Azərbaycandan 44 nəfər tələbə təhsil alır.

Səxavət


Müəllif: Səxavət HƏMİD