20 İyun 2017 16:32
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Lüksemburqun Xarici İşlər və İmmiqrasiya naziri Jean Asselborn arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Teleqraf.com-un məlumatına görə, E.Məmmədyarov məktubunda Azərbaycan və Lüksemburq arasında sıx əməkdaşlıq əlaqələrinin, səmərəli siyasi dialoqun bərqərar olunduğunu və 2015-ci ildə ölkəmizdə təşkil olunmuş ilk Avropa oyunları zamanı Lüksemburq böyük hersoqu Anrinin Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu bildirib.

E.Məmmədyarov 2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş XİN-lərarası məsləhətləşmələrin ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyduğunu, həmçinin gələcək münasibətlərin irəli aparılması üçün zəngin gündəlik müəyyən etdiyini diqqətə çatdırıb. Bu xüsusda, sözügedən məsləhətləşmələrin növbəti mərhələsinin 2018-ci ilin ikinci yarısında Bakıda keçiriləcəyinə ümid etdiyini qeyd edib.

Nazir Lüksemburqun Avropa İttifaqı çərçivəsində də Azərbaycanın vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Azərbaycan Pezidenti İlham Əliyevin Aİ təsissatlarına etdiyi son səfəri zamanı danışıqlarına rəsmi başlanğıc verilmiş Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin hüquqi çərçivəni təmin etməklə, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün möhkəm özül yaradacağına əminliyini ifadə edib.

Jean Asselborn isə E.Məmmədyarova ünvanladığı məktubunda Lüksemburq və Azərbaycanın ötən müddət ərzində müxtəlif sferalarda praqmatik və uğurlu əməkdaşlığın inkişaf etdirilməsinə, iki ölkəni birləşdirən əlaqələrin gücləndirilməsinə, hər iki xalqın bir-birini tanıması prosesinin dərinləşdirilməsinə və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə nail olduğunu qeyd edib.

J.Asselborn ikitərəfli münasibətlərin geniş potensialı olduğunu vurğulayaraq, bu ildönümün əlaqələrin daha da yüksək səviyyəyə qalxması və iki dövlətin qarşılıqlı maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına əminliyini ifadə edib.


Müəllif: Səxavət HƏMİD