21 Aprel 2018 16:44
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya rəhbərliyi yalançı vədlərlə beynəlxalq ictimai rəyi aldatmağa çalışır. Çünki onlar nüvə tədqiqatları sahəsində Rusiyanın köməyi ilə artıq xeyli məsəfə qət ediblər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Şimali Koreyanın 9 ədəd nüvə başlığı düzəltməsinə dair məlumatlar var. Ballistik raketləri isə bir-birinin ardınca sınaqdan keçirir:

“Nüvə proqramı ölkəni iqtisadi cəhətdən tamamilə taqətdən salır. Şimali Koreyanın timsalında qəribə, hibrid bir dövlət yaranıb. Bu dövlət nüvə hədəflərinə doğru irəliləməyi özünün başlıca məqsədi hesab edir. Birdən-birə, yəni danışıqlar olmadan, belə deyək, kimlərdənsə nəsə qoparmadan nüvə və raket sınaqlarının keçirilməsini dayandırmaq qərarına gəlmək inandırıcı təsir bağışlamır.

Doğrudur, Şimali Koreya rəhbərinin ruhi-psixoloji cəhətdən çox qəribə bir insan olmasına dair məlumatlar dolaşır. Elə onun xarici görkəminə baxdıqda da tamamilə qəribə psixologiyaya malik tip olduğunu görmək mümkündür. Ola bilsin, belə bir göstəriş verib. Amma bütövlükdə nüvə proqramından əl çəkmək, ballistik raketlərin istehsalını dayandırmaq mənə yuxu kimi gəlir”.

Qabil Hüseynli əlavə edib ki, Şimali Koreyanın bu addımı atması üçün qarşıdurma vəziyyətində olduğu dövlətlərlə müəyyən razılaşmaya getməsi lazımdır:

“Birdən-birə, yəni ABŞ-la danışmadan, onun qarşısında müəyyən şərtlər qoymadan, Cənubi Koreya ilə razılaşmaya getmədən belə bir qərarın olması çətin bir məsələdir. Əgər Şimali Koreya lideri belə uzaqgörəndirsə, sürətli silahlanmaya pul xərcləmək istəmirsə, bölünmüş durumda olduqları Cənubi Koreya ilə birləşməyi gündəmə gətirə bilərdi. Vahid, qüdrətli bir dövlət qura bilərdilər.

Ancaq təəssüf ki, bunların heç biri mövcud deyil. Yəni, mən Şimali Koreyanın belə bir addım atacağına inanmıram. Ancaq bütün bu söylənilənlərin real olması, dünyanın bir nüvə dövlətinin tərksilaha getməsi, nüvə silahının əldə edilməsinə yönəlmiş xərcləri öz xalqının rifahına sərf etməsi çox yaxşı bir hal olardı”.

Qeyd edək ki, Cənubi Koreyanın “Rönhap” agentliyi Şimali Koreyanın nüvə və raket sınaqlarının həyata keçiriməsini dayandırdığına dair xəbər yayıb. Agentlik qeyd edib ki, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırır. Həmçinin, ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur. Bu qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib.

Onu da bildirək ki, hazırda ABŞ və Şimali Koreya liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.


Müəllif: Səxavət Həmid