18 May 2018 19:13
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

San Fransiskoda Azərbaycanın multikulturalizm, dinlərarası harmoniya və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icma rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində baş tutub.

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin San Fransisko nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

San Fransisko və ətraf rayonlarda fəaliyyət göstərən Birləşmiş Dinlər Təşəbbüsü, Kontra Kosta Vilayəti Dinlərarası Şurası, Presidio Dinlərarası Şurası, Marin Vilayəti Dinlərarası Şurası və Silikon Vadisi Dinlərarası Şurası kimi tanınmış təşkilatlar da tədbirin təşkilində tərəfdaş kimi çıxış ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayevin, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskinin, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyevin çıxışları dinlənilib.

Qeyd edək ki, radikal daşnak erməni lobbi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) San Fransisko bölməsi tədbrin keçirilməsinin qarşısını almaq üçün müxtəlif vasitələrlə səylər göstərsə də, buna nail ola bilməyib. Bu zaman, ANCA tədbirə nümayəndələrini göndərərək, Azərbaycan haqda yalan məlumatların əks olunduğu vərəqələr yaymağa cəhd göstərib.

Bunun da qarşısı alındıqdan sonra, erməni lobbisi təmsilçiləri tədbirin gedişinə mane olmağa çalışaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən təxribat xarakterli suallar veriblər.

Cavab olaraq, DQİDK-in sədri M.Qurbanlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və 1 milyondan çox soydaşımızın didərgin salınması, bu münaqişənin dinlərarası münaqişə olmamasını qeyd edərək, BMT TŞ-nin müvafiq qətnamələrinin nə üçün indiyədək Ermənistan tərəfindən icra olunmamasını sorğu edib. Öz təxribat niyyətlərini həyata keçirə bilməyən və digər tədbir iştirakçılarının da etirazı ilə üzləşən erməni lobbiçiləri rüsvayçılıqla tədbiri tərk ediblər.


Müəllif: Səxavət