24 Oktyabr 2017 10:50
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda uzunluğu 686,3 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Azəravtoyoldan Teleqraf.com-a bildirilib ki, bunun 85,7 km-i respublika əhəmiyyətli, 522,4 km-i yerli əhəmiyyətli, 78,2 km-i isə Bakı şəhərinin yollarıdır.

Doqquz ay ərzində ümumi isifadədə olan avtomobil yollarında və paytaxtda 12 ədəd yeni körpü tikilib, 10 ədədi isə təmir edilib, 4 ədəd piyada keçidi tikilib.

Cəmiyyət ümumilikdə 1 165,5 min ton asfalt-beton istehsal edib, 64,1 min ton bitum və 7,2 min ton mazut istifadə edib.

Hesabat dövründə Prezident İlham Əliyevin iştirakı ilə layihəsi başa çatdırılmış obyektlərdən 20 avtomobil yolu və 1 körpünün açılış mərasimi keçirilib.

***

Bu ilin yanvar-sentyabr aylarında Bakıda və respublikanın avtomobil yollarında 2 150 ədəd yol nişanı, 825 ədəd məlumatverici lövhə, 10 948 ədəd siqnal dirəyi, 826 ədəd siqnal bayrağı, 10 090 pm əyrixətli tir quraşdırılıb və bərpa edilib, 513,5 min kv.m.-lik yol boya ilə xətlənib.

Görülən tədbirlərə baxmayaraq, 9 ay ərzində ölkədə 403 nəqliyyat hadisəsi baş verib, nəticədə 5921 pm əyrixətli tirlər, 16 ədəd işıq dirəyi, 11 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 504,6 min manat məbləğində maddi ziyan dəyib.

Bunun 285,3 min manatı və yaxud 56,5%-i ödənilib. O cümlədən respublika üzrə 235,8 min manatlıq və yaxud dəymiş ziyanın 59,1%-i, paytaxt üzrə isə 49,5 min manatlıq və yaxud dəymiş ziyanın 46,7%-i qarşılanıb.

***

Azərbaycanda xarici investisiya ilə maliyyələşdirilən yol layihələri açıqlanıb.

Azəravtoyol ASC-nin 2017-ci ilin 9 ayı ərzində yerinə yetirdiyi işlər barədə hesabatda deyilir ki, 9 ayda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına aşağıda göstərilən layihələrdə işlər davam etdirilib.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən layihələr:

a) Salyan-Şorsulu hissəsi (55,8 - 80,6 km)

Layihə Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 24,8 km olan I dərəcəli yolun tikintisi işlərinə 2014-cü ilin iyun ayında başlanıb. 01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə) 71,9% təşkil edib. Tikinti işlərininin 2017-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

b) Şorsulu-Cəlilabad (80,6÷110,7 km) hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən həyata keçirilir. Tikinti işlərinə 2015-ci ilin sonunda başlanıb. Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə yerinə yetirilən işlər 49,3% təşkil edib. Layihənin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.

c) Cəlilabad-Masallı (110,7÷142,9 km) hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib. Uzunluğu 32.2 km olan yolun tikintisi işlərinə 2014-cü ilin mart ayında başlanıb. Tikinti işləri başa çatdırılıb.

ç) Masallı-Astara (Masallı-Girdəni, km 0÷22,2) A hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 22,15 km olan yolun tikintisi işlərinə 2011-ci ilin fevral ayında başlanıb. Tikinti işləri başa çatdırılıb.

d) Masallı-Astara (Girdəni-Pensar, 22,15÷41,5) B hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 19,4 km olan yolun tikintisi işlərinə 2013-cü ilin iyun ayında başlanıb. 01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə) 85,2% təşkil edib. Tikinti işlərininin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub.

e) Masallı-Astara (Pensar-Astara, 41,5÷61,4 km) C hissəsi

Layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 19,9 km olan yolun tikintisinə 2014-cü ilin yanvar ayında başlanıb. 01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə) 76% təşkil edib. Tikinti işlərininin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulub.

Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun 13,3÷107 km hissəsinin 4 zolağa genişləndirilməsi layihələri:

a) Müşfiqabad qəsəbəsi ərazisi (13,3-15,1 km)

Layihə Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib. Uzunluğu 1,9 km, texniki dərəcəsi Ib olan yolun tikintisi işlərinə 2016-cü ilin avqust ayında başlanıb. Tikinti işləri başa çatdırılıb.

b) Müşfiqabad-Çəngi hissəsi (15,1÷44,6 km)

Layihə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Asosiasiyası (BİA) arasında imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 29,6 km olan yolun tikintisinə 2011-ci ilin avqust ayında başlanıb. Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə layihə üzrə yerinə yetirilmiş işlər (əvvəlki podratçının gördüyü işlərlə birlikdə) 67% təşkil edib. Layihənin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

c) Çəngi-Qobustan hissəsi (44,6÷67,5 km)

Layihə Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib. Uzunluğu 22.9 km olan yolun tikintisi işlərinə 2013-cü ilin avqust ayında başlanıb. Tikinti işləri başa çatdırılıb.

ç) Qobustan-Bədəlli hissəsi (67,5÷91,0 km)

Layihə Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilib. Uzunluğu 23,5 km olan yolun tikintisi işlərinə 2013-cü ilin dekabr ayında başlanıb. Tikinti işləri başa çatdırılıb.

Gəncə regionunda 4 ədəd körpünün tikintisi (Ağstafa-Poylu avtomobil yolunda (R-24) 3 ədəd və Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda 1 ədəd)

Layihə Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən həyata keçirilir. Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi ilə (R-24) avtomobil yolinda 3 ədəd körpü, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə 1 ədəd körpü inşa olunur. Tikintinin əvvəlindən 01.07.2017-ci iltarixinə tikinti-quraşdırma işlərinin 89,2%-i yerinə yetirilib. Layihənin 2017-ci ilin sonunda başa çatdırılması nəzərdə tutlur.

Mingəçevir-st.Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) yenidən qurulması layihəsi

Layihə Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) arasında imzalanmış borc sazişinə yuğun olaraq həyata keçirilir. Borc sazişi çərçivəsində Mingəçevir-stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) 3 hissədən (154,4 km) ibarət olmaqla bərpası nəzərdə tutulur.

a) Qarağacı-Bəhramtəpə (26-137,9 km) hissəsi

Uzunluğu 111,9 km olan yolun tikintisi işlərinə 2016-cı ilin aprel ayında başlanıb. Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə layihə üzrə tikinti-quraşdırma işlərinin 56,1% yerinə yetirilib. Layihənin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

b) Aran-Qarağacı (0-26 km) hissəsi

Uzunluğu 26 km olan yolun tikintisi işlərinə 2016-cı ilin noyabr ayında başlanıb. Tikintinin əvvəlindən 01.07.2017-ci il tarixinə layihə üzrə tikinti-quraşdırma işlərinin 59.5% yerinə yetirilib. Layihənin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

***

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində I mərhələdə 26 hektarda yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Layihənin icrasına uyğun olaraq, Yasamal rayon İcra Hakimiyyətini köməyi və Maliyyə Nazirliyinin dəstəyi ilə 3827 yaşayış və qeyri-yaşayış sahəsi tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib.

"Sovetski" kimi tanınan ərazidə birinci mərhələdə 40 hektar ərazi boşaldılaraq, 6 hektar ərazidə 7,1 km uzunluğunda, asfalt-beton örtüyünün sahəsi 87,6 min kv.m təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb və mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri layihəyə uyğun olaraq başa çatdırılıb və ölkə başçısının iştirakı ilə avqustun 14-də ikinci mərhələnin açılış mərasimləri keçirilib.

İlk dəfə olaraq Azəravtoyol ASC şəhər əhəmiyyətli bu layihədə bütün yeraltı kommunikasiyaların (su, kanalizasiya, yağış kanalizasiyası, qaz, rabitə, elektrik və s.) tikintisini aidiyyəti qurumlarla razılaşdıraraq yerinə yetirib. Belə ki, uzunluğu 5,7 km, d=300-800 mm olan drenaj xətti çəkilib, onun üzərində 149 ədəd quyu tikilib. Uzunluğu 1,5 km, dərinliyi 7-8 m, d=600-800 mm təşkil edən Mərkəzi Kanalizasiya Kolektoru tikilib. Bu kollektor üzərində 2,5x2,5x5 m ölçülü monolit dəmir beton quyular tikilib. Uzunluğu 2,6 km qaz xətti, 5,7 km olan su xətti və gələcəkdə abadlaşdırılmış ərazidə lüzumsuz qazıntılar aparılmaması üçün, en kəsiyi 80x100 sm olan 510 m uzunluğunda ehtiyat keçidlər tikilib.

Yol tikinti meydançalarında 340 min kubmetr qaya qruntu qazılaraq ərazidən daşınıb, əvəzinə 270 min kubmetr karbonat daşınaraq yol əsasının alt qatının tikintisində istifadə olunub.

Yol əsasının üst layının tikintisi üçün 36,4 min kubmetr qum-qırmadaş qarışığından istifadə olunub. Yolların kənarına 11,4 km səki daşı düzülüb, yeni tikilən səkilərdə 22,8 min kv.m sahəyə tamet daşları döşənib.

Bundan başqa, 9 ədəd avtobus dayanacağı quraşdırılıb.

Bu yollara 3 laydan ibarət (8+7+5) 20 sm qalınlığnda 42,0 min ton asfalt-beton döşənib.

Yolların işıqlandırılması məqsədilə - 564 ədəd müasir işıq dirəklərindən istifadə edilib.

***

Bakının “Sovetski” adlanan ərazisində piyadaların təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin tikintisi nəzərdə tutulub.

Məscidin qarşısındakı 12.6 min kv.m. sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektləri tikiləcək.

Qeyd olunur ki, yeni yaradılmış Mərkəzi Parkın davamı olaraq Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli Meydanı ərazisində hərəkətin təşkili məqsədilə Füzuli meydanındakı dairədə nəqliyatın hərəkəti bağlanıb, Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun və Nəriman Nərimanov küçələri arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.

Nəriman Nərimanov və Abdulla Şaiq küçələri tamamilə yenidən qurulması imkan verib ki, “Statistika” dairəsi kimi tanıdığımiz, daima avtomobil tıxacları yaranan dairəni ləğv edərək nəqliyyatın fasiləsiz hərəkətini təmin edən rahat bir yol qovşağı yaradılsın. Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmə də ləğv edilib və bir az irəlidə - Nəriman Nərimanov küçəsində yeni dairə tipli yol qovşağı tikilib.

Yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzə Pir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin, həmçinin məscidin qarşısındakı 12.6 min kv.m sahədə 360 yerlik avtomobil dayanacağı, müxtəlif iaşə obyektlərinin tikintisi nəzərdə tutulur.


Müəllif: İlhamə Əbülfət