13 Dekabr 2017 16:22
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki illərdən fərqli olaraq 2015-ci ildən etibarən tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi elektron qaydada, transfer.edu.az saytında iddiaçıların qeydiyyatdan keçib özləri haqqında lazımi məlumatları doldurması ilə gerçəkləşdirilirdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar” qərarını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, qərara əsasən, magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın : “Yeni qəbul olunmuş prosedurda bu qayda yenə də saxlanılıb. Lakin yenilik ondan ibarətdir ki, indiyə qədər olan qaydalara görə, ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirdilər. Yeni qaydalarda da bu gözlənilir.

Ancaq daha başqa ixtisasa köçürülmə magistr pilləsi üçün mümkün deyil. Bu, vaxtında və yerində edilmiş bir dəyişiklikdir. Çünki bakalavrdan fərqli olaraq, magistr təhsili 2 ildir. Əgər bir tələbə 1-ci kursdan sonra başqa bir ixtisasa köçürmə edərsə, o ikinci kursda 1-ci kursun yaranmış fərq imtahanlarını verəcək ki, bunun üçün də akademik müddət yetərli olmayacaq.

Bütün kreditlərin isə 1 il ərzində yerinə yetirilməsi istər fiziki, istərsə də qanunvericilik baxımından mümkün deyil. Yeni qəbul edilmiş qaydalara əsasən ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər”.


Müəllif: Şəfiqə Nazimqızı