17 Yanvar 2018 22:11
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mövcud olduğu dövr tariximizin ən şanlı və parlaq səhifələrindəndir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bu qərarı, eləcə də AXC-nin 100 illik yubileyi haqqında verdiyi müvafiq Sərəncam cümhuriyyətin tariximizdə tutduğu şərəfli yerin müasir Azərbaycan dövləti tərəfindən bir daha təsdiq edilməsi kimi dəyərləndirilməlidir. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin söylədiyi kimi: “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə bildirib.

AXC-nin xalqımız qarşısında müstəsna xidmətləri olduğunu deyən N.Məmmədzadə vurğulayıb ki, bu, özünü bütün sahələrdə - dövlət quruculuğu, siyasət, iqtisadiyyat, təhsil və mədəniyyətin inkişafında büruzə verdiyi kimi, dövlətin ərazi bütövlüyünün qorunmasında da göstərib. Fəaliyyətinin ilk günlərindən cümhuriyyət öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur olub. Lakin ən böyük xarici təhlükə, heç şübhəsiz, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan (Ararat) Respublikasının ölkəmizə qarşı təcavüzkar siyasəti idi. Bu siyasətin əsl mahiyyəti, azərbaycanlılara qarşı soyqırımları törətməklə tarixi Azərbaycan torpaqlarını zəbt etməkdən ibarət olub. Ermənilərin təcavüzkar hərəkətlərinə məruz qalan Azərbaycan bölgələrindən biri də Qarabağ torpağı idi. Cümhuriyyət rəhbərliyi Qarabağ əhalisini müdafiə etmək istiqamətində mühüm tədbirlər həyata keçirib. Belə ki, 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaradılıb. General-qubernator vəzifəsinə cümhuriyyətin ən görkəmli xadimlərindən biri Xosrov bəy Sultanov təyin edilib. Artıq 1919-cu ilin aprelində Azərbaycan ordusu Andranikin başçılıq etdiyi erməni hərbi dəstələrini ölkə ərazisindən çıxarmağa nail olub.

N.Məmmədzadə diqqətə çatdırıb ki, Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalanıb. Buna baxmayaraq 10 minlik erməni qoşunu yenidən ölkəmizə hücum edib və Zəngəzurdan Qarabağa keçən yolda Azərbaycan kəndlərinə divan tutub. Xosrov bəy Sultanovun səyləri nəticəsində Qarabağda nizam-intizam yenidən bərpa edilib. Lakin 1920-ci ilin martında erməni hərbi birləşmələrinin Qarabağa növbəti hücumu baş verib. Bu hücum ermənilərin Dağlıq Qarabağda Azərbaycan hökumətinə qarşı qaldırdıqları qiyamla üst-üstə düşüb. Erməni hərbi qüvvələri Dağlıq Qarabağı Azərbaycanın qalan ərazisi ilə birləşdirən Əskəranı ələ keçirib. Erməni təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan hökuməti general-mayor Həbib bəy Səlimovun başçılıq etdiyi 20 minlik qoşunu Qarabağa göndərib. Qanlı döyüşlərdən sonra Azərbaycan ordusu Əskəran və Xocalını ermənilərdən azad edib. Artıq 1920-ci ilin aprelində Qarabağ erməni silahlı dəstələrindən azad olunub. Beləliklə, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı ərəfəsində cümhuriyyət hökuməti apardığı hərbi-siyasi tədbirlər nəticəsində Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tam bərqərar edib. Azərbaycan ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüz təmin olunub. Bu qəhrəmanlıq cümhuriyyətin Azərbaycan xalqı qarşısındakı ən önəmli xidmətlərindən biridir.

Bildirilib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan yenidən erməni təcavüzü şəraitində milli dövlətçiliyini gücləndirməli olub. Cümhuriyyətin 100 illiyini qeyd edən güclü Azərbaycan dövləti, heç şübhəsiz ki, 1918-1920-ci illərdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyünü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcək. (Azərtac)


Müəllif: Teleqraf.com