19 May 2018 16:28
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 oktyabr 1873-cü ildə (hərçənd məzar daşında 1870-ci il göstərilib) Gəncədə doğulub.

Gəncə klassik gimnaziyasında orta təhsil alıb, Moskva Universitetinin hüquq fakültəsini bitirib. Yekaterinodar və Gəncə dairə məhkəmələrində işləyib. “İttifaqi-müslimin” təşkilatının din və hüquq komissiyalarının üzvü olub.

1907-ci ildə Gəncə valiliyindən 2-ci Dövlət Dumasına deputat seçilib.

Bu şəxs Xəlil bəy Xasməhəmmədovdur.

Xəlil bəy Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olub, Xalq Azadlığı Partiyasını təmsil edib.

3-cü Dövlət Dumasında (1907-1912) Xəlil bəy Azərbaycanı təmsil edən yeganə deputat olub.

1911-ci il noyabrın 30-da hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi xidmətin müsəlmanlara da şamil olunmasını tələb edib. Dumadakı çıxışlarında məhkəmələrdə türk dilinin işlədilməsi vacibliyini qeyd edib.

1913-1917-ci illərdə Gəncə şəhər bələdiyyə rəisi olub, bu şəhərdə qurulmuş “Türk Ədəmi-mərkəziyyət” partiyasının yaradıcılarından, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olub.

Müsavat Partiyasının birinci qurultayında (Bakı, 1917, 26-31 oktyabr) Mərkəzi Komitənin üzvü seçilib.

Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya Komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü kimi fəaliyyət göstərib.

1918-ci ilin fevral-mart aylarında Trabzon Sülh Konfransında Zaqafqaziya nümayəndə heyətinin üzvü olub. Eləcə də, 1918-ci ildə İstanbul konfransına göndərilən, Rəsulzadənin sədr olduğu Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinə daxil edilib.

Xəlil bəy Azərbaycan Cümhuriyyətinin 1-ci Hökumət kabinetində ədliyyə naziri, 2-ci kabinetdə əvvəlcə portfelsiz nazir, sonra ədliyyə naziri, 3-cü kabinetdə daxili işlər naziri, 5-ci kabinetdə ədliyyə naziri vəzifələrində çalışıb. Müsavat Partiyasından Azərbaycan Parlamentinin üzvü olub. Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak edib.

Xəlil bəy 1920-ci il aprelin 1-dən Azərbaycanın Osmanlı dövlətindəki səfiri təyin edilib. Lakin bu vəzifəsini həyata keçirə bilməyib.

1920-ci ildə rusların Azərbaycan Cümhuriyyətini işğalından sonra Xəlil bəy də mühacirət həyatı yaşamağa məcbur olub. Ermənilər Fətəli xan Xoyski ilə Həsən bəy Ağayevi qətlə yetirsələr də, Xəlil bəy yaralı şəkildə xilas ola bilib.

Xəlil bəy 1924-1927-ci illərdə İstanbulda Qafqaz Konfederatları Komitəsinin, 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi katibliyinin, 1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub.

Mühacirətdaxili qarşıdurmalar dövründə Rəsulzadə ilə yolları ayrılıb. Nəticədə Müsavatın 1936-cı ildəki Varşava konfransında Xəlil bəy partiyadan çıxarılıb.

1942-ci ildə Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy də olub.

***

Xəlil bəyin düşüncələrinin formalaşmasında İsmayıl bəy Qaspıralının mühüm rolu olub.

“İsmayıl bəy Qaspıralıya aid bir xatirə” adlı məqaləsində 1895-ci ildə Moskvada oxuduğu zaman Fətəli xanla birlikdə İsmayıl bəylə görüşməsindən bəhs edib: “1895-ci ilin mayında mərhum Fətəli xanla bərabər universitetin binasından çıxarkən qapıda bizi bir nəfər qarşıladı, ünvanımı bir yanlışlıq nəticəsində itirdiyini, tələbə Xəlil Xasməhəmmədlini tanıyıb-tanımadığımızı soruşdu. Müsbət cavab verdikdən sonra ona qoşuldum... Məlum oldu ki, Moskva İslam Cəmiyyəti Malmada Ermitaj otelində İsmayıl bəyin şərəfinə bir ziyafət tərtib edib, mən də İsmayıl bəyin təklifi ilə bu ziyafətə dəvət edilmişəm. İsmayıl bəy şəxsən mənimlə bərabər bu ziyafətə getmək üçün məni axtarırmış. Ziyafət çox canlı və maraqlı keçdi... İsmayıl bəy nitqində bir daha bizə türklük idealı aşıladı, bizə böyük bir iman və ümid verdi”.

Xəlil bəy Dumada Qafqaz türklərini təmsil edərkən İsmayıl bəylə daha yaxın əlaqədə olub, Peterburqda onunla dəfələrlə görüşüb.

Xəlil bəy 1945-ci ildə (bəzi müəlliflərə görə 1947) İstanbulda vəfat edib.

Feriköy İslam Məzarlığında Əhməd bəy Ağaoğlunun məzarının yanında dəfn edilib.


Müəllif: Dilqəm Əhməd