9 May 19:42
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı son razılaşmaya əsasən rus sərhədçiləri Zvartnots hava limanı ilə yanaşı 44 günlük müharibədən sonra yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki (Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş) postları da tərk edəcək. Amma bununla yanaşı Rusiyanın Ermənistandakı hərbi varlığı davam edəcək. Sözsüz ki, bu addımı fərqli istqamətlərdə şərh edənlər, az qala Ermənistanın növbəti gedişi kimi dəyərləndirənlər də var. Təbii ki, məsələnin mahiyyəti tamam fərqlidir.

Bunu Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, burada bir çox məqamları axtarmaq da mümkündür:

“Çünki Paşinyan artıq Rusiyanın ölkəsindəki 5-ci kolonunun dağıdıcı qüvvəyə çevrildiyini anlamağa çalışır. Eyni zamanda Rusiyanın əl altından onun hakimiyyətinə qarşı təxribatlar təşkil etdiyinin də fərqindədir. Bütün bunların fonunda Paşinyanın Moskvaya getmək niyyəti yox idi. Sonradan bir növ gərginliyi azaltmaq, guya “Ermənistan da əvvəlki kimi Rusiyanın tərəfindədir” tezisini Putinin diqqətinə çatdırmaq üçün bu səfər reallaşdı”.

Politoloq hesab edir ki, Paşinyanın səfərində müxtəlif diplomatik variantlardan istifadə edərək, Ermənistanla Rusiya yenə də strateji müttəfiqdirlər və bu davam edəcək - fikrini Kreml rəhbərinə çatdırmaq niyyəti də var idi:

“Belə məlum olur ki, Ermənistan daxilində vəziyyət gərginləşir Rusiya da bu prosesi vətəndaş müharibəsi həddinə qədər çatdırır. Paşinyana böyük vədlər verən Qərb isə onun harayına çatmaq istəmir və yaxud çata bilmir. Bu halda isə Paşinyan balanslaşdırılmış siyasət terminindən istifadə etmək niyyətinə düşür”.

Qabil Hüseynli bildirib ki, Paşinyan hazırda həm Qərbi təmin edəcək fikirlər söyləyir, həm də Rusiyanın imtiyazlı vəziyyətini Emrənistanda qoruyub saxlamaq istəyir:

“İndiki halda Rusiya ilə əməkdaşlıq Ermənistan iqtisadiyyatına milyardlarla dollar gəlir gətirir. Rusiyaya lazım olan Qərb məhsullarının əksəriyyəti Ermənistan vasitəsi ilə alınır. Bundan İrəvan böyük mənfəət götürür. Ona görə də, İrəvan Kremllə körpüləri tamam yandırmağa, qarşıdurma vəziyyəti yaratmağa ehtiyac olmadığından Paşinyan da məhz bu yolu seçdi. Görünən odur ki, bu istiqamətdə hər iki tərəfi qane edən razılaşma əldə edildi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər