28 Aprel 2014 11:42

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür. Bu günün qeyd edilməsi Amerika və Kanada zəhmətkeşlərinin 1989-cu ildə ilk dəfə bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin anma günü kimi başlanılıb, sonradan bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2002-ci ildən Ümumdünya Əməyin Mühafizəsi günü kimi müəyyənləşdirilib. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilən bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

BƏT-in məlumatına əsasən, dünyada hər il istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayı hər il təxminən 2 milyon 340 min nəfər təşkil edir. Digər tərəfdən, bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ÜDM-nin 4 faizinin itirilməsinə səbəb olur.

Azərbaycanda əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Teleqraf.com-a verilən məlumata görə, son beş ilin statistikasına əsasən, 2013-cü ildə 2009-cu ilə nisbətən istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 40 faizədək azalıb.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun regional bölmələri tərəfindən mütəmadi olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair izahat-maarifləndirmə xarakterli tədbirlər keçirilir. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusuna (“Kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi”) uyğun olaraq, əsasən kimyəvi istehsal müəssisələrində keçirilən tədbirlərdə işçi və işəgötürənlərə ölkənin əmək qanunvericiliyi, xüsusən sağlam və təhlükəsiz əmək şəraiti normaları haqqında hüquqi-praktik məlumatlar verilib, əməyin mühafizəsi normaları pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, tətbiq olunan cəza tədbirləri barədə işəgötürənlər məlumatlandırılıb, işçi və işəgötürənlərin müvafiq mövzuda sualları cavablandırılıb.

Hazırda kimyəvi maddələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi məsələsinin son dərəcə aktual olduğu nəzərə alınaraq iş yerlərinin əməyin mühafizəsi normalarına uyğunluğunun müasir üsullarla ekspertizası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi laboratoriyaların yaradılması işləri aparılır.

Naibə


Müəllif: