2 May 2014 11:19
1 536

Arif Əliyev: “Mövcud təhsil sistemi qol-qanadı qırılmış kadr hazırlayır”

Təzə jurnalist imzasına həmişə ehtiyac var. Təkcə oxucuların yox, elə redaksiyaların özlərinin də... Vaxtilə qəzet və jurnalların qapısını döyən gənclərin axını indi sanki dayanıb. Media rəhbərliyi bəzən nəinki istedadlı, heç orta səviyyəli jurnalist kadrları da işə cəlb edə bilmir. Elə bil, ali məktəblər jurnalist ixtisası üzrə qəbul keçirir, onları oxudub diplom verir və bununla da dövrə qapanır. Kadrlar iş yerinə - redaksiyalara gəlib çıxmır. Gələnlərin də səviyyəsi qənaətbəxş olmur.

Görəsən, testdən keçmiş gələcəyin jurnalistləri diplomu alıb hansı ünvana üz tuturlar?

Jurnalist olmaq istəyənlər kəskin azalıb

Jurnalistikanın kəmiyyət perspektivləri haqda da nikbin söz demək çətindir. Bu ixtisasa yiyələnmək istəyən abituriyentlərin qəbul imtahanından əlavə qabiliyyət imtahanı verməsi barədə qərar bu sahəyə üz tutanların sayını azaldıb. Bu ildən tətbiq olunan bu qaydanın ilk göstəriciləri nikbinlik üçün əsas vermir.
Qeyd edək ki, qabiliyyət imtahanı təklifinin müəllifi Mətbuat Şurasıdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 1-də keçirdiyi mətbuat konfransında qabiliyyət imtahanı təklifinin doğurduğu nəticələrdən narazılığını bildirib. TQDK sədrinin sözlərinə görə, sənəd qəbulu başa çatsa da, III qrupa sənəd verən abituriyentlərə jurnalistikanı seçmək üçün daha bir həftə şans veriləcək: “Jurnalistika ixtisasına əlavə qabiliyyət imtahanın verilməsi birinci ildir tətbiq olunur. III qrup üzrə jurnalist ixtisasını seçmək istəyənlərin sayı 350 nəfərdir. Bunlardan neçəsi 250 baldan yuxarı nəticə göstərəcək, bilmirik.

Keçən il jurnalistika ixtisasına bakalaviriat səviyyəsində birinci yerdə yazan 2 min nəfər olmuşdu, onlardan təxminən 300-ü həmin ixtisasa qəbul olunmuşdu".

Mətbuat Şurasından gələn təşəbbüsün məsələyə həlledici təsir göstərdiyini söyləyən TQDK sədri bildirib ki, müəyyən ixtisaslar üzrə təlim-tədris prosesləri müasir dövrün tələblərinə uyğun gəlmir və problemlər bu səbəbdən ortaya çıxır. Onun sözlərinə görə, imtahanın yox, tədris prosesinin formasını dəyişmək lazımdır: “Təkcə yazmaq qabiliyyəti bu məsələni həll etmir”.

Ümumilikdə isə jurnalist qıtlığı probleminin kökünü tapmağa çalışdıq.

“Qol-qanadı qırılmış jurnalist buraxırlar”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev jurnalist yetişdirmək üçün ilk növbədə, mühitin vacib olduğunu vurğulayır: “Bununçun münasib təhsil sistemi və jurnalistlərin öz keyfiyyətlərini nümayiş etdirməsi üçün inkişaf etmiş redaksiyalar, informasiya vasitələri lazımdır. Bizdə jurnalistlər özləri öz hesabına yetişməsə, mümkün deyil. Çünki mövcud təhsil sistemi qol-qanadı qırılmış jurnalistlər buraxır.
Kim hansı redaksiyada özünə iş tapır, şərait əldə edir, güc-bəla nə isə öyrənir. Ancaq bütövlükdə jurnalistika sahəsində təhsil sistemimiz praktikaya və günün tələbatına heç cür uyğun gəlmir.

Redaksiyaların dar çərçivədə fəaliyyət göstərməsi də inkişafa mane olan cəhətdir. Beynəlxalq səviyyəyə çıxmaq lazım olanda və ya sayt, qəzet yarananda, belə desək, əlimyandıda qalırlar".

“BDU-nun praktik bazası zəifdir”

Arif Əliyev ölkənin ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində (BDU) jurnalistika fakültəsinin təhsil prinsiplərinin praktikadan uzaq olduğunu qeyd edir: “BDU-nun jurnalistləri mətbuat orqanlarında görünürlər. Ancaq onların peşəkar kimi yetişməsində öz əməkləri daha böyük rol oynayır. O fakültədə dərs deyən müəllimlər sırasında təcrübəyə malik olanlar çox deyil. Universitetin özünün praktik bazası çox zəifdir.

Beynəlxalq təşkilatlar, xarici fondlar tərəfindən dəfələrlə universitetə praktik baza yaratmaqda kömək üçün müraciət edilib, ancaq təhsil müəssisəsi cavab verib ki, siz həmin vəsaiti verin, biz özümüz yaradarıq. Nəticə də ondan ibarətdir ki, adicə Türkiyədə studiyaları, redaksiyaları görəndə təhsilimizin niyə bu vəziyyətdə olduğu aydınlaşır".

Həmsöhbətimiz bildirir ki, Azərbaycan universitetlərində, o cümlədən, BDU-da jurnalistikadan süni elm yaratmaq meyli böyükdür: “Qəbul etmək istəmirlər ki, burada jurnalistikanın böyük elm kimi öyrənilməsi tələbələrin 98 faizi üçün vacib əhəmiyyət kəsb etmir. Ancaq yenə də jurnalistikanı bir elm kimi tədris etməyə çalışır və elmi çərçivələrə salmaq istəyirlər. Nəticədə həmin fakültəni bitirən tələbələr əldə etdikləri bilikləri tətbiq edə bilmirlər. Öyrədilənlərin böyük qismi praktik fəaliyyətdə lazım olmur”.

“Media orqanlarının jurnalist yetişdirmək gücü yoxdur”

Media eksperti, BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli jurnalist qıtlığının əsas səbəbini medianın mövcud durumu ilə əlaqələndirir: “Media orqanları hazırlanacaq kadrların gələcək həyatını, taleyini müəyyənləşdirmək gücündə deyil. Söhbət ondan getmir ki, Azərbaycan universitetləri peşəkar jurnalist yetişdirmək istəmir, sadəcə bu gücə sahib deyil. Ona görə ki, media qurumları çağdaş prinsiplərə yiyələnməlidirlər, ancaq media qurumlarının vəziyyəti buna imkan vermir. Sadəcə ənənəvi media jurnalisti yetişdirilir.

Əsas olan tədris planı deyil, əsas odur ki, jurnalistika fakültəsində dərs deyən müəllimlər kimlərdir, harada çalışıblar, hansı nüfuz sahibləridir? Digər tərəfdən, redaksiyaların özləri çağdaş jurnalistikanın prinsiplərinə yiyələnən jurnalistlərə nə dərəcədə yer verirlər?"

“Qabiliyyət imtahanını diplom verəndə və işə götürəndə keçirsinlər”

Zeynal Məmmədli başqa bir məqama da diqqət çəkir: “Azərbaycanda sərbəst bazar olsa, bu, media bazarına da təsir edər. Beləliklə, mediada çalışan jurnalistlər peşəkarlaşar. Ancaq indiki halda bu, mümkün deyil”.

Müsahibimiz jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı vermək qərarı ilə razılaşmır: “İndiki durumda məhz jurnalist təhsili almaq istəyənlərə yaradıcı turun tətbiqini mən çox mənfi qarşılayıram. Bunun qəti olaraq əleyhinəyəm. Ona görə ki, bu adamların yaşı və həyat təcrübəsi azdır.

Jurnalistika yeganə ixtisasdır ki, bu sahədə rəsmi icazəsiz də çalışmaq mümkündür. Bu sahədə ixtisas təhsili almaq vacib deyil. Çünki bu, insanların təməl hüquqları, söz və ifadə azadlıqları ilə bağlıdır. Buna jurnalist diplomu tələb olunmur. Axı bu, həkim və ya hüquqşünas ixtisası deyil. Qabiliyyət imtahanını diplom verərkən və işə götürərkən keçirmək olar".

“Nüfuzlu mətbuat nümayəndələri BDU məzunlarıdır”

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova da məsələyə münasibət bildirdi: “Hər il TQDK bizə 100-110 jurnalist qəbulu üçün yer ayırır. BDU-nu bitirən jurnalistlərin çoxu müxtəlif mətbuat orqanlarında çalışırlar. Jurnalistika istedad tələb edən ixtisasdır. Mənim fikrimcə, jurnalist ya doğulur, ya doğulmur... Ona görə də gərək jurnalistika fakültəsini bitirən tələbə, eyni zamanda, özünü bu sahədə görə bilsin və bu ixtisas üzrə çalışmağa həvəs göstərsin.

Bəzən qeyri-ixtisas sahibləri də jurnalistika ilə məşğul olur və bu, normal haldır. Ancaq o demək deyil ki, bizim məzunlarımız jurnalistika sahəsində piyadadırlar. Universiteti bitirəndən sonra azad təyinat olur, heç bir məzunu haradasa işləməyə məcbur etmək mümkün deyil. Seçim onların öz öhdələrinə buraxılır. İnsaf naminə, ölkənin nüfuzlu və peşəkar mətbuat nümayəndələri elə bizim tələbələrdir. Yaxşı nəzər salınsa, bunu görmək olar".

Akademik borca görə jurnalistikadan gedənlər...

BDU-nun jurnalistika fakültəsində çalışan Arzu Əhmədova isə deyir ki, bu ixtisas üzrə qəbul olan abituriyentlərin heç də hamısı ali məktəbdən jurnalist olaraq ayrılmır: “Qəbul planı üzrə hər il 110 nəfər jurnalistika fakültəsinə qəbul olur. Ancaq kəsir ucbatından hər il 85-90 nəfər məzun ola bilir. Akademik borcu qalan tələbələr universitetdən xaric edilirlər. Universitet daxilində başqa fakültəyə və ya başqa ali məktəbə köçürülənlər də olur”.

Arzu Əhmədova qabiliyyət imtahanının tətbiqindən sonra jurnalist kadrlarda keyfiyyət yüksəlişinin olacağını düşünür: “Yəqin ki, bu ildən sonra BDU-nu bitirən jurnalistlər media orqanlarında daha çox gözə çarpacaq. Çünki onlar sevərək bu ixtisasa gələcəklər.

O ki qaldı məzunların gələcək taleyinə, abituriyentlər universitetə qəbul olunur, təhsil alır, məzun olub gedirlər. Onların sonra hansı sahədə çalışması haqqında biz heç nə deyə bilmərik. Buna biz cavabdeh deyilik".

Sevinc Fədai


Müəllif: