15 May 2014 11:50
696

Kvemo Kartlinin qubernatoru: “Dövlətimiz müsəlmanlara hörmətlə yanaşır”

Gürcüstanın Rustavi şəhərində İmam Əlinin (ə) doğum günü münasibəti ilə tədbir keçirilib.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə rəsmi dövlət xadimləri, müsəlman ölkələrinin səfirliyinin gələn nümayəndələri və regionlardan dəvət olunan alim və din xadimləri iştirak edib. 400 nəfərin iştirak etdiyi tədbir Quran sədası ilə başlanıb.

Tədbirdə öncə Gürcüstanın şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb və bayram münasibəti ilə təbrik edib. O, Hz.Əlinin (ə) həyat, şəxsiyyət və İslama göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.

Qərbi Gürcüstanın müftisi Hacı Camal Paksadze və Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev Həzrətin həyatından örnəklər gətirərək, Əlinin (ə) əvəzsiz şəxsiyyət olduğunu qeyd ediblər.

Məclisdə iştirak edən Kvemo Kartlinin qubernatoru Qiorqi Mğebrişvili müsəlmanları bu əziz bayram münasibəti ilə təbrik edib, tolerant dövlətimiz müsəlmanların dini tədbirlərinə və ayinlərinə hörmətlə yanaşdığını bildirib. Sonra müsəlman ölkələrini təmsil edən din xadimləri və mədəniyyət mərkəzi sədrləri də öz fikirlərini bölüşüblər və məclisi təşkil edən Gürcüstan Müsəlmanları idarəsinə öz minnətdarlıqlarını bildiriblər.

Məclis Azərbaycandan dəvət olunmuş “İxlas” İlahi mahnılar qrupunun Hz. Əlinin (ə) şəninə oxuduqları ilahilərlə davam edib.

BƏXTİYAR


Müəllif: