12 Mart 2015 16:07
420

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqi əlillik təyinatının tam avtomatlaşdırılması yolu ilə bu sahədə məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə və şəffaflığın təminatına yönəlib.

Teleqraf.com-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin Şirvan şəhərində əlillik təyinatı üçün göndəriş formalarının təkmilləşdirilməsi məsələlərinə dair keçirdiyi zona müşavirəsində bildirib. Müşavirədə Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, İmişli, Saatlı, Beyləqan Xocavənd rayonlarının TSEK-lərinin və səhiyyə müəssisələrinin, habelə həkim-məsləhət komissiyalarının məsul şəxsləri və əməkdaşları iştirak edib.

Nazir müavini bildirib ki, hazırda əlillik müayinəsinin aparılması üçün Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) göndəriş formaları bu sistem vasitəsilə, yəni elektron qaydada göndərilir və aparılmış müayinənin nəticələri sistemdə yaradılmış elektron bazaya daxil edilir. Yeni sistemin tətbiqi ilə bağlı qeyd olunan göndərişlərin düzgün və əlilliyin dəqiq müayinəsinə imkan verən formada tərtibi diqqətdə saxlanılır.

Bildirilib ki, səhiyyə müəssisələri tərəfindən həmin göndərişlərin həm 18 yaşadək, həm də bu yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan formaları təsdiq olunub. Bu göndəriş formalarında xəstəliklərin əsas və yanaşı diaqnozlarının, həmçinin ağırlaşma halları elə müəyyən edilməlidir ki, TSEK-lər tərəfindən əlilliyin təyin olunub-olunmaması, habelə müayinəsi aparılan şəxsin reabilitasiya potensialının müəyyən olunmasında daha dürüst və obyektiv qərar verilməsinə şərait yaratsın. Bu sahədə qarşıya çıxan məsələlər respublikanın müxtəlif regionlarında səhiyyə müəssisələri və TSEK-lərin birgə zona müşavirələrində bir daha araşdırılır və verilən təkliflər də nəzərə alınmaqla göndəriş formalarının təkmilləşdirilməsi üçün konkret vəzifələr müəyyən olunur.

Müşavirədə TSEK-lərin, səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının rəhbər şəxslərinin və əməkdaşların qeyd olunan məsələlərlə əlaqədar rəy və təklifləri dinlənilib, ətraflı müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif: