25 İyul 2015 00:19

Prezident İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli 349 nömrəli fərmanına dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.

Prezidentin digər bir sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb. Bununla əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının 2 ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək, Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Qeyd edək ki, ötən il Müəllimlər İnstitutunun 11 filialından 4-nə tələbə qəbulu dayandırılmış, Gəncə filialı isə ümumiyyətlə ləğv edilmişdi.

Aqiyə Naxçıvanlı: “Tələbələr bundan uduzmur, əksinə udur”

AMİ-nin rektoru Aqiyə Naxçıvanlı qəzetimizə açıqlamasında bildirib ki, Prezidentin belə bir fərmanı onun üçün gözlənilən olub: “Çünki İnstitutun bəzi filiallarının qeyri-qənaətbəxş fəaliyyəti ilə bağlı bir neçə il araşdırmalar, analitik təhlillər aparıldıqdan sonra 4 filialın ləğv edilməsi qənaətinə gəlinib. Çox minnətdaram ki, cənab Prezident bizim müraciətimizə müsbət yanaşıb. Ötən il bu 4 filialın bağlanması haqqında təqdimat verilmişdi, onlardan Gəncə filialı bağlanmışdı, digər 3-ü qalmışdı”.

Tələbələrin yerləşdirilməsi ilə bağlı rektor bildirdi ki, heç bir narahatlığa əsas yoxdur: “Ötən il Gəncə filialının 600 tələbəsinin əksəriyyəti Gəncə Dövlət Universitetində olmaqla, müxtəlif ali məktəblərdə müvafiq ixtisaslara yerləşdirildi. Çünki tələbələrin əksəriyyəti Gəncə Dövlət Universitetində oxumaq arzusunda olduqlarını bildirmişdilər. Onsuz da tələbələr bundan uduzmur. Əksinə, tələbə dünən institut oxuyurdusa, sabah universitetdə təhsil alacaq”.

Rektor dedi ki, Prezidentin digər fərmanı ilə yaradılacaq Mingəçevir Dövlət Universitetinə də AMİ-nin Mingəçevir filialının tələbələrinin yerləşdiriləcəyi gözləniləndir: “Bu məsələ tələbələrin istəyindən asılıdır. Sumqayıt Dövlət Universitetində də Sumqayıt filialının tələbələrinin yerləşdirilməsi mümkündür”.

Salyan rayonun da paytaxtda yaxın məsafədə yerləşdiyini deyən AMİ rəhbəri Salyan filialının tələbələri üçün də problem yaranmayacağını düşünür: “Onların istəyinə uyğun olaraq Bakıdakı müvafiq ali məktəblərdə, Lənkəran Dövlət Universitetində, AMİ-nin Cəlilabad filialında yerləşdirilmə aparıla bilər. Bütün bunlar isə Prezidentin Fərmanına uyğun olaraq irəli gələn məsələlər həyata keçirildikdən sonra reallaşacaq”.

Bəs ləğv edilən filialların müəllimlərinin aqibəti necə olacaq?

Aqiyə Naxçıvanlı dedi ki, öz bilik, bacarığına, tədris qabiliyyətinə güvənən müəllimlərin yerləşdirilməsində heç bir problem olmayacaq: “Təhsil naziri də dəfələrlə bu barədə çıxışında bildirib ki, bilik səviyyəsi yüksək olan, tədrisini müasir səviyyədə qura bilən müəllimlərə ehtiyac var və belə müəllimlər heç vaxt işsiz qalmır. Ümumiyyətlə isə bütün bunlarla bağlı bəri başdan danışmaq tezdir. Bu məsələlərlə bağlı mexanizm yaranmalıdır”.

Qeyd edək ki, 47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə sosial şəbəkədə Mingəçevir Dövlət Universitetinin yaradılması və ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının bu universitetin balansına verilməsilə bağlı öz mövqeyini bildirib. Millət vəkilinin fikrincə, bu məsələ Mingəçevir və ətraf regionlar üçün çox böyük əhəmiyyət daşıyır: “Bu məsələlər təhsilin inkişafında böyük rol oynayacaq. Əyalətlərdə ali və orta ixtisas məktəblərinin fəaliyyətinə dövlət dəstəyinin verilməsi bir sıra strateji dövlət məsələlərinin həllinə ciddi təsir edəcək. İlk növbədə regionlar tək iqtisadi resurs bazası kimi deyil, həm də elmi -texniki baza kimi inkişaf edəcək. Ziyalı təbəqəsi möhkəmlənəcək, əhali üçün yeni iş yerləri yaranacaq, əhalinin ənənəvi sənaye mərkəzlərinə axını zəifləyəcək. Paytaxtda əhali sıxlığı müəyyən qədər azalacaq. Həmçinin regional universitetin məzunlarının işlə təminatı üçün yeni müəssislərin yaranması sürətlənəcək, ixtisaslar regional tələblərə uyğun olaraq müəyyənləşəcək”.

Millət vəkili hesab edir ki, Mingəçevir universitet üçün tam hazır bir şəhərdir. Bu şəhərdə 26 ildir ali məktəb fəaliyyət göstərdiyini qeyd edən millət vəkili Mingəçevirdə elmi-potensial bazanın olduğunu bildirib: “Bu şəhərdə uzun müddət Baza Politexnik Texnikumu fəaliyyət göstərib, mövcud iki ali məktəbdə 1 elmlər doktoru, 50-yə yaxın fəlsəfə doktoru çalışır. Şəhərin təhsil səviyyəsi çox yüksəkdir, şəhər məzunlarının əksəriyyəti yüksək ballarla ali məktəb tələbəsi olurlar. İndiyə qədər 3 nəfər məzun ən yüksək, 700 bal toplayıb.

Mingəçevirdə universitet yaradılması ətraf rayonların da inkişafına müsbət təsir edəcək, bu rayonlarla şəhərin sıx əlaqələri var. Mingəçevirdə bir neçə iri sənaye müəssisəsi fəaliyyət göstərir, şəhərdə və ətraf rayonlarda bir çox yeni özəl müəssisə yaradılıb. Bütün bu faktorlar universitetin yaranmasını və uğurlu inkişafını inamlı edir”.

Millət vəkili MDU-da politologiya üzrə fəlsəfə doktoru kimi fəaliyyət göstərmək arzusunu da ifadə edib: “Bu universitetdə vaxtaşırı mühazirə oxumaqdan da çox məmnun olardım.

Mingəçevirlilər cənab Prezidentin sərəncamını onun şəhərin inkişafına böyük qayğısı kimi qiymətləndirirlər və bu universitetin gələcəkdə nüfuzlu ali məktəblərdən biri olacağına inanırlar”.

Sevil HİLALQIZI


Müəllif:
Загрузка...