2 İyun 2014 16:07
11 976

Sevda kim idi?

“Bilirdim, onun Sevda adında istədiyi qız var. Qız da onu çox istəyirdi. O qız da Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyurdu. Bu hadisə məndən öncə olmuşdu. Artıq ailəli idik, uşaqlarımız böyümüşdü. Eşitdim ki, Sevda ağır xəstəliyə tutulub. Bunu Nüsrətə dedim və təklif etdim ki, xəstəxanaya yanına getsin, hal-əhval tutsun. Sonra hər axşam onu maşınla gəzdirirdi, evə gələndə də mənə danışırdı. Bir dəfə Moskvaya gedirdi, Nüsrətə dedim ki, Sevdadan soruşsun, bəlkə oradan ürəyi nəsə istəyir. Şokoladlı zefir istəmişdi. Nüsrət Moskvadan qayıtdı, amma zefir yadından çıxmışdı. Anamın vasitəsilə Moskvadan zefir gətizdirdim və verdim Nüsrətə. Dedim ki, bunu Sevdaya apar. Sevda çox ağır xəstə idi və tez rəhmətə getdi. O qızın şəklini indiyə kimi Nüsrətin stolunun üstündə saxlamışam. Mənə elə gəlir ki, bu hərəkətimlə Nüsrətin xatirəsini şad edirəm”.
Bir qadından həyat yoldaşının çox sevdiyi başqa qadını soruşmaq ağır işdir. Amma yenə soruşmağı qərara aldım Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə xanımdan.

Onun əminliyi, qadın mərhəməti, sevgiyə və sevgililərə duyduğu hörmət başqa suallar da verməyə həvəsləndirirdi məni...

Beləcə, yadda və yaddaşlarda qalan Nüsrət Kəsəmənlinin Sevdaya məhəbbəti oldu bu günkü mövzumuz.

Tanışlıq

Nüsrətlə Sevda universitet illərində tanış olublar. Nüsrət 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1969-cu ildə Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilib.

Sevda BDU-nun Filologiya fakültəsinin məzunu olub. Varlı və ziyalı ailənin qızı olub. Amma çox dözümsüz, qısqanc qadın olub. “Mən Nüsrətlə ailə qursaydım xoşbəxt olmayacaqdım. Bir tərəfdən istədiyimə nail olacaqdım, ikinci bir tərəfdən Nüsrəti kəşf etdikcə, öyrəndikcə bilirdim ki, onunla rahat yaşama bilməzdim”. Bu kəlmələri hələ çox sonralar deyəcəkdi Sevda.

Ayrılıq

Necə və nə səbəbə ayrılıblar, yəqin bunu Nüsrətlə Sevdadan başqa kimsə bilməz. Heç Rəhilə xanım da bunun səbəbini Nüsrətdən soruşmayıb: “Nüsrətlə tanış olmamamışdan öncə də mən onlar haqda bilirdim. Hətta universitetdə də danışanda “Nüsrətin Sevdası”, “Sevdanın Nüsrəti” deyə müraciət edirdilər. Mənə də qəribə gəlirdi ki, bu cür bir-birilərini istəyən iki insan niyə evlənməyiblər? Görünür, hökmləri çatmayıb ki, evlənsinlər. Kimlərəsə qalib gələ bilməyiblər. Zaman keçdikcə, mən özüm belə nəticəyə gəldim ki, yəqin Nüsrətin evi-eşiyi olmadığına, ailəsi çətin vəziyyətdə olduğuna görə onlar bir-birilərinə qovuşa bilmədilər...”
“Sevdanı iki dəfə görmüşəm. Bir dəfə nişanlı vaxtı Nüsrət, mən və rəfiqəm univermağa getmişdik. Rəfiqəmlə xalçalara baxırdıq, Nüsrət bir dostu ilə kənarda söhbət edirdi, o qız gəlib yanımızdan necə keçdisə “Tanımadın, mənəm. Sevda mənəm”, dedi. Bir dəfə də poliknikada görmüşdüm. Dişim ağrıdığına görə Nüsrət məni həkimə aparmışdım, onu da orda gördüm. Onu da hardasa başa düşmək olardı, görün içi nə qədər doluydu. Çox gözəl ailənin qızı idi. Anası çox xanım-xatun qadın idi”.

Nüsrət Kəsəmənlinin toy günündə Sevda Səadət sarayının qapısının ağzında dayanıb, içəri keçməyib. Amma Rəhilə xanım onu görməyib:“Toydan sonra Nüsrət dedi ki, Sevda Səadət sarayının qapısının ağzında dayanıbmış. Çox pis oldum. Mən onu orda görməmişdim”.

“Dünən toyun idi”

Sonralar Sevda da ailə qurur. Hətta Nüsrət Kəsəmənli bu tarixi və içindəki hissləri qələmə alır və “Dünən toyun idi” şeiri yaranır. Şair sevdiyinə xeyir-duanı belə verir:

Dünən toyun idin...
Xoşbəxt olasan!
Görünür bu bizə
qismət deyilmiş...
Unut!
Elə bil ki,
Sevdiyin oğlan
Getdiyin oğlanmış,

Nüsrət deyilmiş.
Sevda ailə qursa da, xoşbəxt ola bilmir. İlk sevgisini itirdiyinə görə bir yerdə qərar tuta bilmir. Yoldaşından ayrılır.

Bir şəklin tarixçəsi

“Ailəli idik, günlərin bir günü Nüsrət bu şəkli evə gətirdi və mənə göstərərək “Sevda yadındadır? Bu deyildi?”-deyə gülə-gülə soruşdu. “Vallah o qədər də yadımda deyil”,- dedim. Elə o vaxtdan o şəkil onun stolunun üstündədir. Stolu, üstündəki əşyaların tozunu siləndə, bu şəklin tozunu alıb, yerinə qoyuram. “Nüsrət, Sevdan yenə burdadır”, deyirəm.

Xəstəlik

Sevdanın böyrəklərində problem var idi. Xəstəlik irəlilədikcə onun halı pisləşir və xəstəxanaya yerləşdirirlər. Bu xəbəri isə Nüsrətə Rəhilə xanım deyir: “İş yoldaşımdan eşitdim xəbəri. Gəldim Nüsrətə də dedim. Əlavə etdim ki, get yanına. Sevdanın Nüsrətin heç nəyinə ehtiyacı yox idi, bircə quru təsəlliyə möhtac idi. Ömrünün son günləri idi, rahat yaşamağını istəyirdim. Ürəyimdə çəkmişdim, amma inanın, yeganə qısqanmadığım qadın o idi. O Nüsrətin əsəri idi. Hətta deyərdim ki, Sevda onun şah əsəri idi. Poeziyasının 80 faizi onunla bağlı olub. Məhəbbətdən yazan adama mən necə deyə bilərəm ki, nahaq ondan yazmısan? Bu, mənim vaxtımda olsaydı, özüm çəkilib gedərdim. Fikirləşərdim ki, onlar belə rahat yaşayırlar. Kiminsə həyatına, ömrünə -gününə girməyin, axı, nə mənası var.. Üstəlik də Nüsrətə qarşı “Sevdanı görmə, danışma, yazma” kimi kaprizlərim olmayıb. Bu sevgi artıq ürəyindədir, oradan ki, götürüb ata bilməyəcəm”.
Sevdanın xəstəliyi aman vermir, günü-gündən şiddətlənir. 1983-cü ilin dekabr ayında gözlərini bu dünyaya əbədi yumur.

Sevda rəhmətə getdiyi günün gecəsi isə Nüsrət qəribə bir yuxu görür: “Səhər danışdı yuxunu mənə. Görüb ki, Sevda evin bir küncünə qısılıb qalıb. Bir öküz də onu evdə qovalayır. Dəqiq yadımda deyil, öküzünmü üstündə, yoxsa qızın əlindəmi zümrüd rəngli ipək parça olub. Yuxudan yarımçıq ayılıb. Nüsrət yuxunu mənə danışdı, sonra işə getdi. Getdiyi ilə də qayıtdığı bir oldu. “Sevda rəhmətə getdi”, dedi.
1983-cü il idi, yadımdadır. Həmin gün Nüsrət çox pis olmuşdu. Həyatın qəribəliyə baxın... Sevda yerdən götürüləndə həmin zümrüd rəngli parça üzündə olub. Düz 20 il sonra 2003-cü ildə Nüsrət də yerdən zümrüd rəngli parça ilə götürüldü. Təsadüfə baxın...”.

Uçdu əllərimdən son ümid kimi
İndi bu yıxılmış dünyama baxma.
Qolumda yalqızlıq qandalları var
Məni bu sevgidən yetim buraxma.
Sevdalı günləri necə unudum,
Elə soyuq baxıb canımı yaxma.
Anasız-atasız bir uşaq kimi
Məni bu sevgidən yetim buraxma.
Gedirsən, xoşbəxt ol, acıma mənə
Demə, ayrılığı qafana taxma.
Düşdüm ayağına qurbanam sənə
Məni bu sevgidən yetim buraxma.
Qədərdən qaçılmaz söylənib, amma
Yolumu qaranlıq çıxmaza soxma.
Xoşbəxtlik mənim də haqqımdır axı,
Məni bu sevgidən yetim buraxma.

“Yaxşı ki, Nüsrət Sevda xəstə yatanda onun yanına getdi. Buna görə çox rahatam. Səhv etmirəmsə, fevral ayının 25-də Sevdanın ad günüdür. O gün həmişə Nüsrətlə onun qəbrinin üstünə gedib, ziyarət edirdik.
Nüsrət “Bir sevda ağlayır içimdə mənim” şeirini də ona yazmışdı:

Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
***
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,

Bir sevda ağlayır içimdə mənim.
***
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri, yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim...

***
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...

***
Bacara bilmədim özüm – özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.
***
Mənəm daş daşıyan o məhəbbətə,
Itmiş qaş – daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim...

***
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim...

Nərmin Muradova

Teleqraf.com Sevdanın və Nüsrət Kəsəmənlinin ailəvi fotosunu təqdim edir:


Müəllif: