6 İyun 2014 11:11
467

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri Abdulla ibn Mühəmməd Ən-Nasirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə A.Paşazadə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, dini-mənəvi sahədə inkişaf etdirilməsinin önəm kəsb etdiyini xüsusi vurğulayıb. Dini-mənəvi dəyərlərə xüsusi əhəmiyyət verən, dövlət səviyyəsində dini abidələrin bərpa və tikintisini böyük məhəbbətlə həyata keçirən müstəqil Azərbaycan dövlətində bu yöndə aparılan işlər barədə qonaqları məlumatlandıran QMİ sədri, İslam dünyası üçün müqəddəs sayılan məkanların yerləşdiyi Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu dilə gətirib. Şeyxülislam bildirib ki, Səudiyyə Ərəbistanı qardaş müsəlman ölkəsi olaraq, Azərbaycana müstəqillik qazandığı ilk illərdən başlayaraq haqq işimizin – Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində davamlı şəkildə obyektiv mövqe nümayiş etdirir.

A.Paşazadə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin qurulmasında böyük və dəyərli səyləri olmuş ulu öndər Heydər Əliyevin Səudiyyə Ərəbistanına müqəddəs məkanlara etdiyi səfərləri, bu böyük şəxsiyyətin Kəbə evi içərisində Vətəni, xalqi üçün etdiyi ülvi arzularının şahidi olduğunu böyük qürurla xatırladıb.
Səudiyyə Ərəbistanının Parlament sədri Ən-Nasir İslam dininin müqəddəs hökmlərinə əsasən, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün müsəlmanların vahid ümmət olduqlarını və yalnız təqvalarına görə Allahın nəzərində dəyərləndirildiklərini diqqətə çatdırıb. Azərbaycanın ateizm dövrünün mövcud təqib və repressiyalarından qurtulmağını və müstəqil dövlət olaraq dini dəyərlərinə qovuşmaq imkanını əldə etməsini Allahın böyük lütfü kimi dəyərləndirib.

Görüşdə Səudiyyə Ərəbistanının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, Azərbaycan Parlamentinin Səudiyyə Ərəbistanı Dostluq Qrupuna daxil olan deputatları, QMİ sədrinin müavinləri – Müfti Salman Musayev və Sabir Həsənli iştirak ediblər.

Görüşün sonunda A.Paşazadə qonaqlara İçərişəhərin əks olunduğu tablo və qələm hədiyyə edib.

BƏXTİYAR

QMİ-nin Mətbuat Xidməti


Müəllif: