21 İyun 2017 11:17
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir qatdaşına qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesə zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib.

Hakim bildirib ki, məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edib.

Təqsirləndirilən Samir Nəbiyevin vəkili Ceyhun Yusifov buna etiraz etiraz edib. O, Əlikram Camalovun özünün prosesdə iştirakının təmin edilməsi barədə vəsatət verib: "Xüsusatlar onun özü ilə bağlıdır, bəzi suallara cavab verməlidir".

Hakim deyib ki, Əlikram Camalov məhkəməyə ərizə təqdim edərək bildirib ki, hüquqlarını nümayəndəsinə etibar edib və özünün iştirakı olmadan baxılmasını istəyib.

Ceyhun Yusifovun vəsatəti təmin edilib və hakim bildirib ki, növbəti iclasda Əlikram Camalovun məhkəmədə iştirak edərək ifadə verməsinin təmin ediləcək.

Daha sonra dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib.

Təqsirləndirilən Samir Nəbiyev özünü təqsirli bilmədiyini bildirib.

Prokuror ifadə verməyə təqsirləndirilən şəxsdən başlanmasını təklif edib. Bu isə mübahisəyə səbəb olub.

Təqsirləndirilən şəxsin vəkili deyib ki, müdafiə etdiyi şəxs özünü təqsirli bilmədiyi üçün ifadə almağa zərərçəkmişdən başlanılmalıdır. Hakim bununla razılaşmayıb. Samir Nəbiyev ifadə verməkdən imtina edib.

Nöbbəti proses iyunun 23-də davam etdiriləcək.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklifi edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” mağazasına yatırım etmək istəyib. Əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Əlikram Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək Əlikram Camalova pulu qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov