24 Aprel 2014 14:32

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısına sataşmış şəxsi qətlə yetirməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü, Qubadlı rayon sakini Nazim Xanışovun məhkəməsi başa çatıb.

İttihama görə, Nazim Xanışov bacısı Əfsanə Yəhyayevaya 2013-cü il yanvar ayının 6-da və 7-də gələn SMS-lərdən xəbər tutduqda bunu özünə və qohumlarına təhqir hesab edib. Bu səbəbdən SMS göndərilməsinin səbəblərini araşdırıb. O, SMS gələn mobil telefon nömrəsinin sahibini müəyyən etməyi qardaşı Razim Xanışova tapşırıb. Razim Xanışov mesajların Samir adlı şəxsdən göndərildiyini öyrənib.

Razim məsələni Nazimə deyib. O da Razimdən həmin şəxsi görüşə dəvət etməyi istəyib. Razim belə bir plan qurub. Samirə zəng etmək üçün telefonu Jalə Əliyeva adlı xanıma veriblər. Jalə anasının yanında olduğunu bəhanə gətirərək danışa bilmədiyini deyib.

Bundan sonra Razim Xanışov bacısına mesaj göndərən Samir adlı şəxsə qız adı ilə mesajlar yazıb. O, aldatma yolu ilə onu axşam saatlarında Sumqayıt şəhər, Novxanı bağlar sahəsinə dəvət edib. Razim və Nazim Xanışov qardaşları yeznələri Nəriman Yəhyayevin idarə etdiyi “Honda” markalı avtomaşınla görüş yerinə gediblər. Orada yerləşən “Sindibad” istirahət mərkəzinin yaxınlığında mağazanın qarşısında duran adamın Samir olduğunu öyrəniblər.

Bu zaman Nazim Xanışov qardaşı Razimə və Nərimana avtomaşını təxminən 100 metr qabağa verib və onu gözləməyi tapşırıb. Sonra istifadə etdiyi telefonu götürərək avtomaşından düşüb və həmin telefondan Samir Məmmədova bağ yoluna girmək barədə 2 mesaj göndərib.

Samir Məmmədov da həmin istiqamətə gedib. Nazim 789 saylı bağ evinin arxasında Samirə yaxınlaşıb və ondan bacısına mesajlar göndərməsinin səbəblərini soruşub. Onların arasında mübahisə yaranıb. Nazim bıçaqla Samir Məmmədova bir neçə zərbə vurub. Samir aldığı zərbələrdən ölüb.

Hakim Azər Orucovun sədrliyi ilə keçən prosesdə Nazim Xanışov ifadə verib. O, deyib ki, bacısı Əfsanəyə naməlum oğlan tərəfindən zəng və mesaj gəldiyindən xəbər tutub: “Həmin oğlanı əvvəlcə telefonla xəbərdar etsəm də, buna məhəl qoymadı. Bacım ailəlidir deyə bu hərəkəti təhqir hesab elədim. Bundan sonra öyrəndim ki, həmin mesaj göndərən Samir adlı şəxsdir. Onun nömrəsinə qız adı ilə mesaj göndərdim. Yanvarın 10-da Samirlə görüşdüm. Ona izah etməyə çalışdım ki, etdiyi əməllər əxlaq normalarına ziddir. Samirdən bacıma mesaj yazmamasını tələb etdim.

Samir bu söhbətdən daha da hiddətləndi. Bıçaq çıxararaq, məni vurmaq istədi. Özümü müdafiə üçün əlimi qabağa verdim, əlim kəsildi. Sonra bıçağı Samirdən aldım, qorxutmaq üçün ayağından vurdum. Samir də yaxamdan tutaraq məni yumruqladı. Həmin vaxt sulu qar yağdığından yerə yıxıldım. Samir də mənim üstümə yıxıldı. Hava qaranlıq idi. Buna görə də Samir yerə yıxılarkən ona bıçaq dəyməsindən xəbərim olmayıb".

Nazim Xanışov deyib ki, Samirdən yaxınlarına zəng vurmaq məqsədilə telefonunu istəyib: “Samir cavab verdi ki, telefonu yerə düşüb, tapa bilmir. Bu zaman 103-ə zəng vurdum və təcili tibbi yardım çağırdım. Samirin dünyasını dəyişdiyini öyrəndim”.

Nazim Xanışov Sumqayıt şəhər Prokurorluğuna gələrək könüllü təslim olduğunu deyib. Məhkəmənin hökmü ilə Nazim Xanışov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı


Müəllif: