22 Avqust 2017 18:49
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş İlham Həmidov ifadə verib.

O, bildirib ki, torpaq sahəsi almaq üçün Vaqif Nəbiyevə 15 min dollar verib: “Bələdiyyə sədrini qohumum Müslümün vasitəsi ilə 2015-ci ildə tanımışam. Onunla qohumumun ofisində görüşdük. Torpaq sahəsi almaq üçün danışdıq. 2016-cı ilin may ayında 15 min dollar verdim, qarşılığında 30 sot torpaq alacaqdım. Amma sonra eşitdim ki, onu həbs ediblər. Bilmirəm, bəlkə də həbs edilməsəydi, torpağın sənədlərini verəcəkdi”.

İlham Həmidovun sözlərinə görə, 15 min dolları notariusda Vaqif Nəbiyevə verib və aralarında da borc müqaviləsi imzalayıblar. Sabiq bələdiyyə sədri pulu zərərçəkmişdən borc olaraq aldığını deyib.

Daha sonra hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxslərin hamısı məhkəmədə dinlənilib. Onlardan Rasim İsmayılov məhkəməyə məktubla müraciət edərək dəymiş zərərin ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmədə iştirak edən zərərçəkmiş Rüfət Talıbov isə məhkəməyə yeni mülki iddia təqdim edib. O, bildirib ki, sabiq bələdiyyə sədri ondan əlavə 5 min manat alıb: “Kəndə şəhid gəlmişdi. Bələdiyyə sədri də məndən pul istədi. 5 mini verdim, amma qaytarmadı. 23800 manat isə torpaq almaq üçün verdim. İndi həmin torpaq sahələrindən istifadə edə bilmirəm. Tələbim 28800 manatdır”.

İttihama görə, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasında xanım iş adamı Ülviyyə Abdalova da var.

Ülviyyə Abdalova Vaqif Nəbiyevin ondan 353 min 300 manat aldığını, bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.


Müəllif: Hacı Zeynalov