12 Oktyabr 11:46

Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə Cahangir Hacıyevin vəkilləri Aqil Layıcovla Fəxrəddin Mehdiyev kasasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim etdiyi məlum olub.

Onlar bildiriblər ki, əlavə sənədlər əsasında kasasiya şikayətini yenidən hazırlanması zərurəti ortaya çıxıb.

Cahangir Hacıyev də məhkəməyə ərizə göndərərrək vəkilləri ilə razı olduğuni qeyd edib. Məhkəmənin qərarı ilə kasasiya şikayəti geri qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.

Təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.

Bundan başqa, məhkəmə təqsirləndirilən Məhəmməd Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manatın Cahangir Hacıyevdən tutulması barədə qərar çıxarıb.


Müəllif: Hacı Zeynalov