20 Oktyabr 2017 11:32
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib.

Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilir.

İttiham aktına əsasən, hadisə 2015-ci ildə Bakı sakini Tofiq Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdulov və Tural Qasımov saxlanılıb.

Həmin şəxslər CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olununlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman Abdullayev 18 il, Pərviz Rzayev 16 il, Emin Qasımov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ruslan Hacıyev, Fərhad Tağıyev Tural Babazadə və Gəray Abdullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddə tətbiq olunaraq, onlara şərti cəza verilib.

Cinayətin iştirakçısı olmuş Loğman Abdullayevin atası Çingiz Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilib. Sonradan həbs olunan Çingiz Abdullayev məhkəmə qarşısına çıxarılıb.


Müəllif: Hacı Zeynalov