17 Aprel 15:58

Bakıda “İraq Hava Yolları” şirkətinin ofisində qətl törədən Elşən Bəşirovun apelyasiya şikayəti və prokuror tərəfindən verilən apelyasiya protesti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxs tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Prokuror tərəfindən verilən apelyasiya protesti də müəyyənləşib. Məlum olub ki, prokuror şikayətində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Əli Ağalının atası Valid Ağayevin də apelyasiya şikayəti verdiyi məlum olubb. O, Elşən Bəşirovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Növbəti proses aprelin 30-da davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən Dəmirçi Plaza MMC-nin binasında icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə qətl hadisəsi baş verib.

Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer Əli Ağalını qətlə yetirib. O, qətli “COBALT” markalı tüfənglə törədib.

Hadisədən əvvəl Elşən Bəşirov idarə etdiyi “Toyoto” markalı avtomobillə hava limanına gedib. Avtomobildə Əli Ağalı da olub. Yolda mübahisə yaranıb. Elşən Bəşirov evə qayıdaraq ov tüfəngini götürərək ofisə gəlib və Əli Ağalını öldürüb.


Müəllif: Hacı Zeynalov
Загрузка...