3 İyul 2014 10:55
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının belə vurhavur, qızğın vaxtında Avropada Braziliyadakı qədər olmasa da, hər halda futbol həyəcanı yaşanmaqdadır. Və bu həyəcan bizim futbolsevərləri daha çox maraqlandırır.

Nəhayət, azərbaycanlı futbolsevərlər və futbol ictimaiyyəti üçün yeni mövsümə start verilir. Həmişə olduğu kimi, bu mövsümə də klublarımızın Avrokuboklardakı çıxışları ilə "mərhəba" deyəcəyik.
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi oyunları çərçivəsində iki klubumuz bu gündən yarışlara qoşulur. "Qəbələ" üçün bu, ilk hadisədirsə, "İnter" artıq Avrokuboklarda stajlı komandalardan sayıla bilər.

Yuxarıda qeyd elədiyimiz kimi, ilk dəfə Avropada oyun həyəcanı yaşayan "Qəbələ" öz meydanında Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edəcək.

Yarandığı qısa müddətdə iddialı kollektiv formalaşdırmağa çalışan bölgə klubu nəhayət, bu il ölkə çempionatında mükafatçılar sırasına düşə bildi. Bununla həm də ilk dəfə Avropada çıxış eləmək imkanı qazanan "qırmızı-qaralar"ın ölkə xaricindən kənarda özünü necə göstərəcəyini gözləməyə dəyər.

Ötən mövsümün bürünc mükafatçısı həm də ölkə kubokunun finalçısı kimi tarixə düşmüşdü. Ancaq elə kubokun finalından sonra gözlənilmədən klubda böyük dəyişikliklər yaşandı. Əvvəlcə baş məşqçi Yuri Syominlə yollarını ayıran klub rəhbərliyi daha sonra heyətdə də köklü dəyişikliklərə getdi.

Əlbəttə, Avrokubok oyunları zamanı kəskin dəyişikliklər həmişə effektiv olmur. Xüsusilə də baş məşqçisini dəyişmiş komanda yeni mütəxəssisin fəlsəfəsinə, taktiki tapşırıqlarına öyrəşənə kimi kifayət qədər vaxt itirir.

Belə bir məqamda daxili çempionatdakı uğurda əsas pay sahiblərindən olan Kamanan, Marat İzmaylov, Daniel Subotic, Afolabi, Niasse, Amit Quluzadə kimi oyunçularla yollarını ayıran komandanın nə edəcəyi olduqca maraqlıdır.

Onların yerinə isə Ruslan Əmircanov, Andrey Kristea və Adrian Rapotan kimi oyunçular cəlb eləyən komanda Sloveniyada keçirdiyi təlim-məşq toplanışı ilə də ilk oyuna yaxşı hazırlaşıb.

Hər halda bu günkü oyunda baş məşqçi Dorinel Muntyanu və yetirmələrinin nəyə qadir olduqlarını görmək imkanımız olacaq. "Şiroki Briyeq" Avropa səviyyəli nəhəng komanda və qorxulacaq rəqib deyil.
Qəbələli futbolçular meydan amilindən istifadə edərək ilk oyunda sərfəli nəticə qazanmalı və növbəti mərhələ üçün şanslarını saxlamalıdırlar.

Çempionatın gümüş mükafatçısı "İnter" isə səfərdə Moldovanın "Tiraspol" klubununa qarşı çıxış edəcək. Rəqibinə nisbətən üstün hesab olunan komandamız səfərdən sərfəli nəticə ilə dönərək evdə mərhələ keçmək üçün çalışacaq.

Kifayət qədər güclü və stabil heyətə malik olan "bankirlər" istənilən cəhətdən rəqibindən bir baş üstündürlər. Yetər ki, bu üstünlüyü meydanda da göstərib cütlüyün qalibi ola bilsinlər.

"Gümüş heyətdə" kifayət qədər dəyişikliklər eləyən klub rəhbərliyi bu və ya digər səbəblərdən Vaqif Cavadov, Ruslan Əmircanov, Brüs Abdulayev, Elşad Nəziri kimi oyunçularla yollarını ayırdı.

Onların əvəzinə isə "Bakı"dan Elvin Məmmədov, "Krılya Sovetov"dan gürcü müdafiəçi Aleksandr Amisulaşvili, "Sumqayıt"dan Mirzağa Hüseynpur və Məhəmməd Mirzəbəyov kimi oyunçular dəvət edilib.

Yenilənmiş heyətlə "bankir"lərin nəyə qadir olduqlarını bu gün görəcəyik.


Müəllif: Zaur Xudiyev