10 Oktyabr 2017 08:59
2 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Ədalətin haqqında yazını hamı yaza bilər, lap elə elə uşaqdan böyüyə hər kəs. Ən azından sinəsində cövlan eyləyən qara sazdanmı, cezvlənib çaldığı “Yanıq Kərəmi”dənmi ip ucu götürüb, bir xatirəni çözüb də yazmaqdan asan nə var ki.

Və bilənlər onu da yaxşı bilir ki, Dədə Ədalət haqqında ən cox yazılar və şeirlər yazılan bəlkə də yeganə sənətkardır. Yəni Aşıq Ədaləti tanıyıb onun haqqında şeir, yaxud yazı yazmaqdan asan bir iş yoxdu əli qələm tutan hər kəsə. Amma zulum Ədaləti tanıyıb da, dərk edib də, duyanların dərdidi... O kəslərin dərdidi ki, onlar Dədəni ilmə-ilmə bilir, naxış-naxış toxumaq istəyir, bacarmır.

O kəslərindi ki, Dədəni iliyindən sümüyünəcən dərk edir, o ənginliklərə baş vurur, amma azıb qalacagından qoruxur...

O kəslərindi ki, bu sirli dünyanın qatlarına enir, geri qayıtmağa yol tapmaq ümidini itirir.

Zülüm o kəslərindi ki, onlar bu təxti-səltənət sahibinin hikmətinə bələddirlər və onun böyüklüyünə qalxacaq yazı yazmağa cəsarət etmirlər. Şahların, sultanların xəzinəsində nələrin olduğunun marağında olmayan insanlar olub ki, Dədə Ədalətin içindəki ləl-cəvahirata bənd olub, illərcən bu xəzinənin dalınca sürünüb, ona varmaq arzusuynan yaşayıb...

Pinəçi Məhəmmədəlinin kirayələrdə ölən oğlunu deerəm, Aşıq Ədaləti -Allahın ən zəngin və seçilmiş bəndələrindən biri. Təbii ki, seçilmişlərin zaman-zaman yaşadıqları məkanlarını da, yerlərini də, talelərini də Tanrı seçir. Elə Dədə Ədalət kimi...

Hər kəs Aşıq Ədaləti dərk etdiyi qədər gördü... Kim nə miqdar idisə, o miqdar da ona dəyər verdi. O üzdən idi ki, onun ərşdən-kürşdən söylədiklərindən bixəbərlər onun içməyindən və söyüncündən yazdılar. Onun Haqdan gələn vergisini, tanrısal tərəflərini yox, özləri boyda, öz çəkilərində bəndəlik tərəfini gördülər. (Belə böyük, fitri istedadlı insanlarda elə xırda cizgiləri görmək də, qabartmaq da bəsirət gözünün bağlılığından dolayı bir şey də deyildi). Ancaq anlamadılar ki, Ədalətin söyüncü də haqq idi, ədalətli idi. Ona hər şey yaraşırdı, necə ki, saz Ədalətə yaraşan kimi. Çünki o, sənətinin şahıydı, sultanıydı, təkiydi, yekiydi, biriydi, dövrünün birincisiydi...

Fələyindən açılmamış sirdimi,

Sinəsindən yaralanmış şirdimi,

Ozandımı, ocaqdımı, pirdimi,

Dilmi tutar, yazılarmı bu hikmət?

Saz çalanda Allah olur Ədalət...

Səs sitəmli, sinə-körük, gözlər-qan,

Barmaqlar - dərd, kəlmələr – od, sözlər - qan

Bundan betər nə inqilab, nə üsyan,

Bundan anrı hayqırmağa nə hacət

Saz çalanda üsyan olur Ədalət,

Saz çalanda Vətən olur Ədalət...

(A. Sadiq Əfəndi)

Bundan o yana yazmağa nə hacət?! Yerindəmi deyilmiş, heyrətdənmi deyilmiş, hikmətdənmi deyilmişdi bu misralar? Özümü demiş, özgəmi dedizdirmişdi şairə bu heyrəti? Niyə Aşıq Ədalətə “sazın peygəmbəri” deyəndə, yaxud saz çalanda “Allah olur Ədalət” deyəndə əli qılınclı üsyana qalxırıq? Allah hardadı ki? Allahı niyə yoxluqlarda axtarırıq? Allah elə bizim içimizdə, könül taxtımızda deyilmi? Gülən gözlərdə, sevən ürəklərdə, dilsiz tut agacının simlərdən ötürdüyü iniltisində, sızıltısında deyilmi ki? Niyə saz çalanında özümüz oluruq, niyə saz çalınanda duyğulanırıq, duruluruq, saflaşırıq, ən ali, ilahi məqamları yaşayırıq? Biz Tanrının bir zərrəsi - bu yaşadığımız Tanrının halı deyilmi ki? Niyə saz çalınanda bizə hardansa bir işıq, bir eşq süzülüb gəlir... İşıqdı, eşqdi Yaradanın özündən bizə ötürdükləri deyillmi? Eşq, işıq, aşiq, aşıq – haqq aşıqlarının tanrısal üzləri, sifətləri, adları deyilmi? Yoxsa bu qədər ovsunun, sehrin sirri nədəydi ki? “Şahi-mərdan nökəriyəm, dərsimi pünhan verib” (A.Ələsgər) - deyən Dədə Ədalətin ömrünün son günlərənicən başı üzərində yanan işıq da o işıq deyildimi? Bəs bu yer üzü bəndələrinin ağlımızı kəsdirmək istədikləri nədi görəsən?

Sənət meydanında yüyəninə hər əl yetməyən atını dörd nala çapıb meydan sulayan, hikkəsindən-haytasından sazını gəmirib yeyən dəli bir Ozanıydı Ədalət. Sazın, aşıqlığın (Dədə Ələsgərdən sonra, sonuncu) ocağı, səcdəgahı, piriydi Ədalət! Tanrının möcüzəsi, sehri, sirriydi Ədalət! Aşıqlıq elminin vaqifi, kamili, dürrüydü Ədalət. Alnının hər qırışı, üzünün hər cizgisi, saçının hər dəniylə yurduydu, eliydi, ulusuydu, Vətəniydi Ədalət!

Oxuları da çalğıları kimi ahıydı, naləydi, dərdiydi, çağrışıydı, üsyanıydi, hayqırtıydı, tarixiydi Ədalət! Uzaq-uzaq Altayların başından, Tanrıdağın yaşından, Ərzurumun qaşından qopub gələn Qoca bir Türküydü, Lələydi, Kərəmiydi, hər kimiydi, hər nəydisə saz çalıb oxuyanda bəşər övladından çox uca mərtəbədəydi Ədalət!!!

Sərdara söz deməyən, şaha baş əyməyən, hökmüydü, hikkəydi, ədaydı Ədalət!

Ancaq...

Ancaq körpə uşaq kimi kövrək idi, imanlıydı, ədalətliydi Ədalət! Sadədən sadə, böyüklə böyük, uşaqla uşaq olan müdrik bir danəndəydi Ədalət!!! (bu məqamda Bəhlul Danəndəyə də çoxlarının Bəhlul Divanə dedikləri yadıma düşdü, necə ki Dədəyə dedilər).

Dədə adını ona Osmanlıda Əziz Nesin, vergisini yuxuda Şahi-mərdan Hz.Əli, ilk dərsini atası Məmmədəli kişi vermişdi. Sazı ona, onu bizə isə Ulu Yaradan bəxş etmişdi. Kərəm Əslisini sevən kimi, Məcnunun Leylisini sevən kimi sevirdi Sazı.

“Yanıq Kərəmi”, ”Fəxri”, “Hüseyni”, “Hicran Kərəmi”, “Qaraçı”, “Naxçıvani”, “Qəhrəmani”, “Mirzəcanı”, “Kərəm Gözəllməsi”, “Aran Gözəlləməsi” kimi onlarla, yüzlərlə havacatlara ürək qoyub, ömür vermişdi, beynindən ürəyinə, ürəyindən barmaqlarına süzülüb gələn hər nə varıydısa Allahınıydı,Tanrının halıydı... Elə onçun da bu dəlilik, bu vəlilik, bu vergilik Sultan qapısından ucada duran kasıb kirayə komasının qapısını ziyarətgaha cevirmişdi...

Tanrı dərdi çəkə bilənlərə verir - deyirlər. Hamıdan gizlətdiyi çox ağrıları, çox dərdləri varıydı Dədənin. Heç kimə danışıb öz ağrılarını yükləməzdi. Yaraların qaysağını açan kimi uşaq təki kövəlib ağlayırdı... Hər çiçəyin boynunu bükdürən bir mövsüm, hər insanı həyata küsdürən biri olduğu kimi Dədəni də həyata küsdürənlər varıydı. Kim bilir bəlkə də o sazda öz taleyini, öz alın yazısını çalıb oxumağa gəlmişdi bu dünyaya...

Hər gələnin sevmədiyi, hər sevənin getmədiyi, bu gəlimli gedimli, son ucu ölümlü dünyanın nəyinə bənd olub qalasıydı ki, bu Ustad?

Anan ölsün, gidi dünya... Səni deyib gələnə bax, gəlir ağlaya-ağlaya,

Səndən dönüb gedənə bax, gedir ağlaya-ağlaya... (A.Sadiq)

Sonunda Ölümü də gülə-gülə qarşıladı. Amma əllərini açıb göylərə -Tanrıya dogru uçanda gözlərindən iki damla yaş süzüldü. Yanağını göynədən o iki damla yaş deyə bilmədikləri son intizarı, son ağrısı, son vəsiyyəti, son ismarıcıydı bu dünyaya. Həm də ömür nağılının son iki cümləsiydi: - Sizə bir nağıl danışım, aglaya-ağlaya gülün... Sazın Ədalət nağılı, Ədalət əfsanəsi...

Dərd də, sevgi də, ölüm də dünyanın əbədi və əzəli olanları, olacaqlarıdı. Əslində, dünyada nə varsa, hər şey böyük Yaradanın insanlara sınağı üçündür. Olumdan-ölümə, ölümdən Allaha qədər bir yol var ki, o yolda hər yolçunun qazana bilmədiyi bir Ölümsüzlük zirvəsi var. O zirvəni qazananlara, o zirvəyə qovuşanlara eşq olsun. Allahın izninnən halallığına, haqqına, Ədalətinə qismət olan o zirvəyə - payız köçünə bənd olub gedən uçan durnalardan bir ismarıc da mən yollamaq istədim: - Ölümsüzlüyün mübarək, Dədə!!!

Uşaq məsumluğu ilə gülərək sifətindən göynəyə-göynəyə süzülən son iki damla yaşına belə dəyməyən bu beş-on cümlə də məndən sənin uca ruhuna bir ehtiramım olsun, Dədə, qəbul eləsən əgər...


Müəllif: Çiçək Mahmudqızı