28 Oktyabr 2017 14:41
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

94 il bundan öncə, 1923-cü ilin 28 oktyabrında Mustafa Kamal Çankayada ən yaxın silahdaşları ilə birlikdə yemək masasında ikən onlara illərdir planlı həyata keçirdiyi, amma açıq söyləmədiyi fikrini bildirir: “Əfəndilər, sabah Cümhuriyyəti elan edəcəyik”.

Əfəndilərin onun bu planını necə qarşılamasını isə Mustafa Kamal “Nutuk”da bu şəkildə xatırlayır: “Yemək əsnasında “Sabah Cümhuriyyəti elan edəcəyik” dedim. Orada olan dostlar dərhal düşüncəmə qatıldılar. Yemək bitdi. O dəqiqədən etibarən necə hərəkət ediləcəyi məsələsində qısa bir plan hazırlayaraq dostları vəzifələndirdim”.

600 illik bir xanədanlığın, xilafətin bir yemək masasında ani verilmiş bir qərarla yox edildiyini düşünmək, əlbəttə, yanlışdır. Cümhuriyyət fikri Mustafa Kamalda öncə Avropa siyasi, fəlsəfi ədəbiyyatı ilə tanışlıqdan sonra doğmuşdu.

I Dünya Müharibəsində xanədanlığın məğlub olması, İstanbulda işğalçıların bayrağının dalğalanması, yeganə çıxış yolunun yalnız özündə olduğunu dərk etməsindən sonra o, ölüm-dirim savaşına başladı. Simvolik olaraq Samsuna çıxışı ilə başlayan istiqlal davası Cümhuriyyətin elanı ilə yekunlaşdı.

Mustafa Kamal Avropa ilə savaşdı, ingilislər və yunanlara qarşı əzmlə mübarizə apardı. Amma ilk dəfə Fransada elan edilmiş bir sistemi yurdunda tətbiq etdi. Nəyə görə?

Çünki Mustafa Kamal digərləri kimi təkcə hərb sahəsində lider deyildi. O, Avropa kültürünü, siyasi fikrini, fəlsəfəsini dərindən bildiyi üçün türk millətinin XX əsrdə hansı idarəçilik altında yaşayacağını hesablamışdı. Özü bu barədə sonralar belə deyəcəkdi: “Cümhuriyyət ağıl və şüurla qurulub... Türk millətinin təbiətinə və şanına ən uyğun idarəçilikdir”.

Çünki Mustafa Kamal Monteskünün “Qanunların ruhu” əsərindən xəbərdar idi, o ruhun türk millətinin düşüncəsi ilə uyğunluq təşkil edəcəyinə inanırdı. O, Jan Jak Russonun “İctimai müqavilə” əsərindən xəbərdar idi, insan haqq və azadlıqlarının XX əsrin əsas aparıcı mövzusu olacağını zamanında dərk etmişdi.

O, Böyük Fransa İnqilabından xəbərdar idi, fransızların cümhuriyyət uğrunda nə cür fədakarlıq etdiyini kitabxanasındakı qaynaqlardan oxumuşdu.

1925-ci ildə o bunları söyləmişdi: “Cümhuriyyət əxlaqi fəzilətə söykənən bir idarəçilikdir. Cümhuriyyət fəzilətdir. Sultanlıq qorxu və təhdidə dayanan bir idarəçilikdir. Cümhuriyyət idarəçiliyi fəzilətli və namuslu insanlar yetişdirir. Sultanlıq qorxuya, təhdidə söykəndiyi üçün qorxaq, zəlil, səfil, rəzil insanlar yetişdirir”.

Mustafa Kamalın nəyə görə Cümhuriyyət elan etməsi məhz bu cümlələrində yatır. Necə ki o, Cümhuriyyəti elan edərkən silahdaşları onun gücünə, düşüncəsinə, mücadiləsinə inandıqları üçün qəbul etdilər, eləcə də o, özünü yeni sultan, xəlifə elan etsəydi, eyni şəkildə qəbul olunacaqdı. Amma Mustafa Kamal bunları istəmədi. Özünün də dediyi kimi, rəzil, qorxaq, səfil türk milləti deyil, namuslu, fəzilətli bir türk milləti yetişdirmək istəyirdi.

O, heç bir kompleks duymadan dövləti və milləti üçün ən çağdaş Avropadan qanunlarını tətbiq etdirdi, tarixə “Atatürk inqilabları” kimi keçən yenilikləri gətirdi.

Bu gün Osmanlıdan qalan torpaqlarda baş verənlərə baxdıqda bir daha əmin oluruq: həqiqətən, cümhuriyyət fəzilətdir!


Müəllif: Dilqəm Əhməd