20 İyul 2016 14:37
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Şövqi Hüseynov Gənc Tamaşaçılar Teatrının mövsüm ərzində ən məhsuldar aktyoru seçildi və mükafatları sırasına daha birini – “Sima”nı əlavə etdi.

Mövsümboyu həm Gənc Tamaşaçılar, həm də Musiqili Teatrın səhnəsində çıxış edən aktyor özü də bu mövsümü məhsuldar hesab edir.

Mükafatın təqdimedilmə mərasimində fürsətdən istifadə edib, əməkdar artistlə həmsöhbət olduq. Öncə “Sima”dan başladıq...

- Aktyor mükafatı xoşlayır. Kim desə ki, mükafatı xoşlamıram, mən o insanın səmiyyətinə inanmıram. Aktyor istəyir ki, diqqət mərkəzində olsun, aktyor istəyir ki, seçilsin. Və hər aktyor bu cür yaşamalıdır. Onda inkişafdan söhbət gedə bilər.

Artıq iki ildir ki, bütün teatrlarda yaradıcı heyətə mükafatların təqdimedilməsi ənənəsi başlayıb. Bu, çox böyük stimuldur. Növbəti addım atmağa köməkdir. Əsasən də gənclər üçün... Özü də bu keçici bir haldır. Bu gün Ramil mükafatı aldısa, gələn il o sənətinə necə münasibət bəsləyəcəksə, o biriləri də elə münasibət bəsləyəcək. Beləcə, keçici xarakter daşıyacaq və bu da teatrın inkişafına gətirib çıxaracaq.

- Neçənci mükafatınızdır? Heç saymısınızmı?

- Saymıram. Amma bilirəm ki, mükafatlarım çoxdur. Mükafatlarımın da əksəriyyəti əsasən xarici ölkələrdən olub. Azərbaycanda teatrla, aktyorla bağlı elə bir mükafat yoxdur ki, mən ona layiq görülməyim. “Qızıl dərviş”, “Zirvə” və başqaları...

Xarici ölkələrdə də demək olar ki, hara getmişəmsə, mükafatla qayıtmışam. Elə bu yaxınlarda Moskvada iki mükafat aldım. Bu, çox xoşdur.

- Bəs mükafat almayanda nə hiss keçirirsiniz?

- Biz işimizi görürük. Mükafat almağı qarşıya məqsəd qoymaq bir az normal hal deyil. Tamaşanı hazırlayanda qarşıma bir məqsəd qoyuram: tamaşa alınsın. Mənə o prosesin özü maraqlıdır. Bu proses bir ay, iki ay, üç ay bəzən bir il davam edir. Allaha şükür ki, hər zaman təqdir olunmuşam. Amma o prioritet deyil. Heç bir şey fikirləşmədən, heç bir təmənna gözləmədən vicdanla işimizi görürük.

- Məşhur “Kontrabas” tamaşanızı hələ də oynayırsınız...

- Bəli, hələ də oynayıram. Əsasən də festivallara gedəndə nümayiş etdiririk.

- Siz nə vaxtsa rejissor kimi görə biləcəyik?

- “Mən Feyerbaxam” adlı bir tamaşa hazırlamışam. O da Azərbaycanda keçirilən Beynəlxalq Monotamaşalar Festivalında birinci mükafata layiq görülmüşdü.

Rejissorluq tamam başqa sənətdir. Nə qədər güclü, inkişaf etmiş aktyor olursan ol, mütləq sənin yanında rejissor olmalıdır. Aktyor deyə bilməz ki, mən artıq rejissorluq edirəm. O tamam başqa sənətdir.

Mən aktyor olmaq istəyirəm. Rejissorluq etmək istəmirəm, çox çətin sənətdir. Rejissor olmaq üçün gərək aktyorluq etməyim.

- Amma həmkarlarınız arasında həm rejissorluq, həm də aktyorluq edənlər az deyil...

- Olsun, mən buna normal baxıram. Bacarırsa, lap gözəl. Mən bacarmıram, elə bir istedadım yoxdur. Bəlkə də var, amma düşünürəm ki, onun da vaxtı var. Aktyor nə vaxt tamaşa hazırlayır? O vaxt ki, boş qalır, heç kim onunla işləmir. Aktyor məşğul olsa, dayanmadan tamaşalarda oynasa, onun tamaşa hazırlamağa vaxtı olmaz. Aktyor o vaxt tamaşa hazırlayır ki, onun istədiyini rejissor etmir, yəni ona rol vermirlər.

- Ola bilməz ki, elə rejissorluq etmək istədiyinə görə rejissorluq etsin?

- O da yalnız mən dediyim faktordan qaynaqlana bilər. Çünki məşğul olan aktyorun tamaşa hazırlamağa vaxtı və istəyi ola bilməz. Fuad Poladov heç vaxt tamaşa hazırlamaq istəməz. Çünki həmişə məşğuldur. Seçilən, sevilən, tələb olunan aktyordur.

- Elə dönəm olub ki, tələb olunmamısınız?

- Allaha şükür, elə bir dönəm olmayıb. Amma onu da deyim ki, “Mən Feyerbaxam” tamaşasını boş qaldığım ərəfələrdə hazırladım. O da bir mərhələ idi, keçməliydim. İndi yenə boş qalsam, yəqin ki, nəsə hazırlayacam.

“Kontrabas”ı xatırlatdınız, o tamaşa 1998-ci ildə hazırlandı, elə o vaxtdan Orta Asiyanın elə bir şəhəri yoxdur ki, orda oynanılmasın. Köhnə Sovet İttifaqının elə bir şəhəri yoxdur ki, orda göstərilməsin. Avqustun 5-də də İranın Mazandaran şəhərində nümayiş etdirəcəyik.

- Ən uğurlu tamaşanız demək olar?

- Deyə bilərik. Əlavə edim ki, tamaşanı bu il noyabr ayının 21-27-si arası Moldovada keçirilən beynəlxalq festivalda da oynayacam.

- Bəs ən sevimli tamaşanız hansıdır?

- “Hamısını sevirəm” desəm kitab cümləsi olacaq. Ən çox sevdiyim, mənə çox əziyyətlə başa gələn ilk monotamaşam olan “Dəlinin qeydləri”dir. 1994-cü ildə bu tamaşanı hazırladıq və ilk dəfə elə bu tamaşa ilə Moskvada mükafat aldım. 94-cü ildən oynayıram və il keçdikcə daha yaxşı dərk edirəm. 21 yaşımda ilk dəfə oynayanda o dərəcədə dərk etmirdim. Artıq personaj mənim yaşıdımdır.

- Şövqi bəy, teatrda sizi ən müxtəlif obrazlarda, janrlarda görmüşük. Yəqin özünüz də bununla razılaşarsınız. Bəs kinoda necə?

- Kinoda bəxti gətirən aktyorlardan deyiləm. Mənim dədə evim teatrdır. Kinoda da işlərim çox olub: seriallara çəkilmişəm, Eldar Quliyev, Yavər Rzayev, Oktay Mir Qasımla işləmişəm. Amma özümü kinoaktyor saymıram. Mən teatr aktyoruyam.

- Bu, sizi narahat etmir?

- Etmir. Mən onda narahat olaram ki, teatrda işim olmasın. Kinoda olar, nə yaxşı, olmazsa da bundan narahatlıq keçirmirəm. Mənim prioritetim teatrdır.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər