18 İyul 2017 18:42
3 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İllər əvvəl hazırladığım geyimləri bu gün podiumlarda görürəm. Özümə, Tünzalə Ağayevaya hazırladığım geyimlər göz qabağındadır. Kimisə bəyənmək olar, amma onu təqlid etmək yaxşı deyil. Öz xəttin, öz çizgin olmalıdır”.

Teleqraf.com-un zövqlü qonağı “İlin dəbli personası”, “İlin modelyeri”, “İlin ən yaxşı modelyeri”, “İlin ən gözəl ziyafət geyimi”, “Uğur zirvəsi”, “The First” və başqa mükafatlara layiq görülən tanınmış modelyer Gülnarə Xəlilovadır.

- Deyirlər, zövq məsələsində mübahisə etməzlər. Hərənin öz zövqü özü üçün gözəldir. Siz necə düşünürsünüz? Zövq nədir?
- Zövq uşaqlıqdan formalaşan bir xüsusiyyətdir. Get-gedə bu, yaxşılaşa da bilər, pisləşə də... Məsələn, düşdüyü mühitə görə yüksək zövqü olan bir insanın zövqü geriyə gedə bilər, yaxud da əksinə. Ümumiyyətlə, ətraf mühit, ətrafında olan insanlar, yaşadığın ərazi zövqün formalaşmasında böyük rol oynayır. Amma yenə də zövq ya var, ya yoxdur. Zövqünü formalaşdırmağı, öz üzərində çalışmağı sevən insan mütləq uğurlu nəticə əldə edə bilər. Bəzən çox zövqlə geyinmiş insanla rastlaşırsan. Əlbəttə belə insanları görəndə çox xoş olur. Bəzən də görürsən ki, əksinə, kimsə üslubları və rəngləri qarışdırıb bir- birinə... Yaxud geyiminə uyğun olmayan aksessuar taxıb. Bu, artıq o insanın zövqsüzlüyündən xəbər verir. Zövqlər müxtəlifdir. Bəlkə də o özünü zövqlü sayaraq o seçimi edir. Bu, artıq psixoloji problemdir. Demək ki, o insan özünü həddən artıq çox sevir, bəyənir və etdiyi hər bir hərəkət ona xoş gəlir. Bu gün ətrafımızda belə insanlar həddindən artıq çoxdur. Öz zövqünü bəyənir və sən ona səhvini deyəndə hələ sübut etməyə də çalışır ki, səhv olan o yox, sənsən. Belə bir hal insanın özünə tənqidi yanaşma qabiliyyəti olmadığı halda meydana çıxır. Ən azından hər gün hər birimiz güzgüyə baxırıq. Mən hər zaman deyirəm: “Güzgü bizim ən yaxın dostumuzdur.” O bizim eyiblərimizi, əyri və düzlərimizi göstərir. Dostun dediyini başa düşməyə çalışmaq lazımdır.

“Zövqlər müxtəlifdir” deyimi təkcə geyimlə bağlı olan məsələ deyil. İnsanın digər bir insanı bəyənməsi də zövq müxtəlifliyinin nəticəsidir. Yəni bu seçdiyin dostla da bağlı ola bilər, məişətdə işlətdiyin əşyalarla da bağlı ola bilər... Geyim tərəfinə gəldikdə isə onu deyim ki, zövqlü insan dərhal bəlli olur. Onun geyiminə, ümumiyyətlə, obrazına baxdığın zaman görürsən ki, hər şeyi necə də düzgün, səliqəli, uyğun seçib və geyinib.

- Bir modelyer kimi bir çox tanınmış insanlara geyim üslubu ilə bağlı məsləhətlər verirsiz. Bəs, öz yaxınlarınız, ailənizin üzvləri sizin zövqlə bağlı məsləhətlərinizə qulaq asırlar?
- “Bir modelyer kimi hər zaman zövqlü, gözəl görünüşlü, hər bir şeyi bir-birini tamamlayan formada qarşımıza çıxırsız və sizin həqiqətən bu işin ustası olmağınızı görürük“, - bu sözləri mənə ətrafımdakı insanlar deyirlər. Mən də belə düşünürəm ki, yetərincə zövqlü insanam və çalışıram ki, hər zaman bu zövqümdən istifadə edim. Ən azından bu xüsusiyyət məndə uşaqlıqdan formalaşıb. Bu bir! İkincisi isə gördüyüm iş elə bir işdir ki, insanların önünə mən düzgün formada çıxmalıyam, sabah mənə deməsinlər ki, modelyerdir, amma özü yaxşı geyinmir, hamı geyinəndən geyinir və s. Mənim geyindiyim libaslar həmişə bəyənilib. Zövqlər müxtəlifdir deyirik: Ola bilsin ki, məni də bəyənməyən insanlar ola bilər. Ailəmin geyim seçimində də mənim rolum çoxdur. Mən qızıma, oğluma, həyat yoldaşıma geyim hazırladığım zaman orda mənim fikirlərim üstünlük təşkil edir. Amma mağazaya getdiyimiz zaman isə geyimlərə birgə baxırıq. Hətta olur ki, mən də onlardan məsləhət alıram. Bir geyimi geyindiyim zaman ailəmdən soruşa bilərəm ki, necədir, yaraşırmı? Bu normaldı və bu olmalıdı...

- Şoubiznesin ən zövqlü və ən zövqsüz məşhuru kimdir?
- Mən professional şəkildə modelyerliklə məşğul olmağa başlayan gündən bu günə qədər heç vaxt belə suallara cavab verərək, reytinq qazanmamışam. Belə sualları heç vaxt cavablandırmıram. İstənilən insan istəsə zövqünü yaxşılaşdıra bilər. Sənət adamları gün ərzində çoxlu tədbirlərdə, görüşlərdə, çəkilişlərdə olurlar. Əlbəttə ki, hər bir insan yorula bilər. Bir gün xeyli şıq, bir gün daha zəif görünə bilər. Bu o demək deyil ki, onlar zövqsüzdür və ya geyim seçə bilmirlər. Əhval-ruhiyyələri olmadığı zaman onlar əlinə keçəni geyinə bilər və nəticədə onu qınaya bilərlər. Amma qınamaq lazım deyil. Hər birimiz insanıq və bu, hamımızın başına gələ bilər. Elə bir gün ola bilər ki, mənim əhvalım olmaya bilər və mən çox sadə görünə bilərəm. Mən o zaman dərhal anlayaram ki, həmişə göründüyüm kimi deyiləm.

- Deyirlər, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Siz necə düşünürsünüz?
- İlk görünüşdən insan səni öz geyimi ilə cəzb eləyə bilər. Amma onunla təmasda olduğun zaman, onun hər hansı yanlış bir fikrini eşidə bilərsən və o, tamamilə sənin gözündən düşə bilər. Bu zaman sən onun gözəl geyimini də görməyə bilərsən. Çünki ağıllı insanın qiyməti bir başqadır. Əlbəttə, gözəl olar ki, zahirlə daxil uyğunluq təşkil etsin. Amma uyğunluq olmadığı hallar da çox olur. Neyləyək? Allah hərəmizi bir cür yaradıb. Amma mən deyərdim ki, insan necə ki, öz zövqü, geyim tərzi üzərində işləyə bilər, eləcə də ağlını, danışığını formalaşdırıb, bu tarazlığı qaydasına sala bilər.

- Geyim üslubları necə formalaşır? Onların da öz qanunları varmı? Geyinərkən, hansı qaydaları pozmaq olmaz?
- Üslub dəyişkəndir. Zamanla yeni-yeni tendensiyalar, yeni üslublar gəlir. Dəbdə heç bir qadağa olmur. Sadəcə bəzi geyim qaydaları var ki, imkan daxilində onlara riayət etmək yaxşı olar. Hər bir insan daha çox özünü rahat hiss etdiyi geyimi geyinməyə çalışır. Qaydalara qaldıqda isə, zamanla bu yazılmamış qanunlar da dəyişir. Məsələn, əvvəllər çanta və ayaqqabıların rəngi bir-birinə uyğun olmalı idisə, indi geyimin üzərindəki rənglərdən biri ilə çantanı, biri ilə ayaqqabını uyğunlaşdırıb geyinə bilərik. Amma yenə də diqqətli olmaq lazımdır.

Bəzi geyimlərdə isə qanunlar dress-kodlara uyğun ola bilər. Yəni hər bir işin öz geyim tərzi var. Ümumilikdə isə artıq elə bir ciddi qadağa və qaydalar yoxdur. Tamamilə sərbəstlikdir.

- Yaxşı görünmək üçün 175 sm və 90-60-90 olmaq vacibdirmi? Yoxsa ən yaraşıqsız insanı da geyim gözəlləşdirə bilər?
- Bu ölçülər podiumlara çıxan modellərin kriteriyalarıdır. Podium üçün geyimlər hər zaman bu ölçülər nəzərə alınaraq hazırlanır. Gündəlik həyatımızda isə hardadır bu cür ideal boy, çəki kriteriyalarında olan insanlar? Hündürboy insanlar həyatımızda çoxluq təşkil etmir. Bu həm xanımlara aiddir, həm kişilərə. Boyu uca olan insanlara daha çox üslublar yaraşır, nəinki orta və ya bəstəboy insanlara. Ona görə də bəstəboy olanlar və ya çəkisində normaldan fərqi olanlar geyinərkən daha diqqətli olmalıdırlar. Dəbdə olan geyim hər insana yaraşmaya bilər. Dərinin rəngi, göz rəngi, saç rəngi, boy-buxun, bədən ölçüləri burda böyük rol oynayır. Həqiqətən də çirkin insan yoxdur, sadəcə özünə baxmayan insan var. Baxımsız insanlar belə özünə baxdıqda az-çox xoş təəssürat yaradır. Sadəcə çalışmaq lazımdır ki, düzgün və özünə yaraşanı geyinəsən.

- Deyirlər, gözəllik ondur, doqquzu dondur. Düz fikirdimi?
- Bu deyimin düz tərəfləri çoxdur. Tam bir ansamblın yaranması üçün həm geyim, həm saç, həm makiyaj, həm aksessuarlar düzgün seçilməlidir. Bunların biri yanlış seçildiyi və ya biri əskik olduğu zaman bir-birini tamamlamır. Yaxud baxırsan ki, gözəl qadındır. Amma hər hansı bir tədbirə yanlış geyinib. Bütün bu hallarda yenə də bu deyimin üzərinə gəlib çıxırıq. Bu misal təkcə gözəl geyinib bəzənmək naminə deyilməyib. Geyimdə də, hərəkətimizdə də, düşüncəmizdə də hər zaman düzgün seçim etməliyik.

- Hər zaman sizi özəl və gözəl geyimlərdə, xüsusi aksessuar, saç düzümü və makiyajda görürük. Bəs Gülnarə xanımın ən adi halı necə olur? Adicə ev geyimində belə olarkən geyim tərzi qaydalarına riayət edirsiniz?
- Biz tez-tez tədbirlərdə, efirlərdə, ziyafətlərdə görüşdüyümüz üçün mən öz brendimi təmsil edən bir xanım kimi insanların qarşısına hər zaman gözəl şəkildə çıxmalıyam. Amma işə gəldiyim zaman mən rahat idman üslubunda geyinməyi sevirəm. Makiyajsız, sadə və rahat geyimdə işləyirəm, aksessuarlardan da çox istifadə etməyi sevmirəm. Bəzək əşyalarından yalnız geyimim bunu tələb edərsə, istifadə edirəm... Evdə isə idman üslublu ev geyimlərindən istifadə edirəm. Çalışıram təmiz, səliqəli, rahat formada olum. Evdə isə mümkün deyil ki, mən hansısa sırğa, üzük və ya qolbaqla gəzim. Elə insanlar var ki, evdə də bəzək əşyaları onları narahat etmir. Elə alışıb və bu ona rahatdır. Mən isə tam rahat olmağı sevirəm.

- Rənglər insanın əhvalına təsir edirmi?
- Bəli, rənglərin insan həyatına təsiri var. Məsələn, əhvali-ruhiyyəsi yerində olmayan, bədbin düşüncəli insanların çox vaxt solğun, monoton, tünd rənglərdən istifadə etdiyini görürük. Amma çılğın, deyib-gülən və xarakteri, aurası pozitiv olan insanlar isə əlvan rəngli geyimlərdən istifadə edirlər. Ümumiyyətlə, rənglərin həqiqətən öz dili, öz danışığı, öz ismarıcları, öz sözləri var. Hətta hər ölkəyə uyğun hər rəngin öz mənası var. Ekvator, iqlim dəyişikliyinə görə, şimal və cənuba görə rənglərin daşıdığı mənalar da dəyişir və insanın xarakterinə də rənglər güclü təsir edir.

- İnsan var ki, çörək almağa gedərkən də bəzək-düzəyini unutmur, adam da var ki, iş dress-kodunu pozur. Sizcə, onlardan hansı səhvə yol verir?
- Əgər kimsə çörək almağa da bəzək-düzəkli gedirsə, bu, həmin insanın birinci özünə, ikinci isə ətrafına göstərdiyi hörmətdir. Düşünürəm ki, belə də olmalıdır. Mən demirəm ki, kimsə mağazaya adi geyimdə düşürsə, bu, ətrafına hörmətsizlikdir. Yox. Amma kim istəsə həyətə şəpiklə, yaxud səliqəsiz paltarla da düşə bilər. Bu, ailədən gələn xüsusiyyətdir. Buna artıq uşaqlıqdan valideyn diqqət etməlidir. Burda kiməsə nöqsan tutmaq, bunu səhv saymaq da düzgün olmaz. Bəzən valideyn başa salsa belə uşaq “mənə belə rahatdır” deyib ev halında da mağazaya və ya həyətə düşə bilər. İnsan nə edirsə, özünə edir. Pis görünəcəksə, bu özü üçün mənfi olacaq. İnsan haqda məlumatı biz zatən birinci onun geyimindən, sonra isə daxili xüsusiyyətlərindən alırıq. Ona görə çalışmaq lazımdır ki, həyətə belə düşərkən səliqəli görünək.

- Özəl qarderobunuzda elə bir geyim varmı ki, onu bircə dəfə də geyməmisiz? Bəs elə bir don var ki, 3-4 dəfə geymisiz?
- Qarderobumda elə geyimlər var. Çox qəribə bir haldır. Sanki o geyimlər öz zamanını gözləyir. Bu o demək deyil ki, həmin geyim bəyənilmədiyi üçün geyilməyib. Yox, sadəcə əhvalıma uyğun olmayıb və ya zamanında hazırlanmayıb, gecikib və bir kənarda qalıb. Mənim emalatxanamda hazırlanan geyimlər illər sonra belə öz sözünü deyən geyimlər olduğu üçün elə bir qorxum da yoxdur ki, filan geyimi geyinmədim, qaldı, dəbdən düşdü... Mən hətta hazır geyim alanda da qısa müddətə yox hər zaman aktual və dəbdə olan geyimlər seçirəm. O geyimin elə bir görünüşü olur ki, sanki bu gün alınıb. Elə geyimlər də var ki, 3-4 dəfə geyinmişəm və ya heç olmasa ildə bir dəfə o geyimə müraciət etmişəm.

- Ən sevdiyiniz geyim tərzi hansıdır?
- Klassik və idman üslubunu çox sevirəm. İdman üslubu gündəlik həyatda ən çox istifadə etdiyim üslubdur. Bu, qarışıq da ola bilər, klassik-idman üslubu da, sırf idman üslubu da. Mən hər obrazda görünməyi sevirəm və mən onları doğru təqdim etməyi bacarıram.

- Xarici stilistlərdən, modelyerlərdən bəyəndiyiniz və onlardan görüb götürdüyünüz nələrsə var?
- Bəyəndiyim xarici brendlər və dizaynerlər var. Amma öz iş üslubumda heç kimdən heç nə görüb götürmürəm.Yaratdığım əsərlər öz beynimin və qəlbimin məhsuludur. Mən illər əvvəl hazırladığım geyim üslublarını bu gün podiumlarda görürəm. Hər zaman ancaq öz qəlbimin səsini dinləyirəm və özümü işimin peşəkarı hesab edirəm. Özümə, Tünzalə Ağayevaya hazırladığım geyimlər göz qabağındadır. Hər bir yaradıcı insan özü olmalıdır. Kimisə bəyənmək olar, amma onu təqlid etmək yaxşı deyil. Öz xəttin, öz çizgin olmalıdır.

- Bu ilin trendi hansı rəng, hansı növ geyimlərdir?
- Bu ilin trendi rənglər baxımından yaşıl, göy, bənövşəyi, qırmızı, mavi və müxtəlif pastel tonları, şaftalı çiçəyinin rəngi, açıq mavi kimi rənglərdir. Üzərinə toz qonmuş görüntüsü olan pastel tonları, krem və çəhrayı rəngin qarışığı, ağ-qara, qırmızı rənglər də gündəmdədir. Dizaynerlərin ümumi kolleksiyalarına nəzər saldıqda görürük ki, demək olar, bir çox rənglər və formalar dəbdədir, həm qısa, həm həcmli, həm bədənə yatımlı, həm fransız uzunluğunda olan geyimlər, aborkaların, çiyində valanların olması, assimmetriya, çiyindən ətəyə gələn formalı şifon hissənin şleyfə dönüşü, həm avanqard, həm klassik, beldən genişlənən geyim formaları kreativ çoxşaxəli geyim trendləri gündəmdədir, aktualdır. Bu da insanlara özlərinə uyğun seçim etməyə kömək edir.

- Modelyer olmaq üçün institut oxumaq kifayət edir? Yoxsa bu zövq və sevgi işidir?
- Hər bir insanın ali savad alması, təhsilli olması vacibdir. Bəylər üçün də, qadınlar üçün də bu çox önəmlidir. Amma yaradıcı iş ya canında, qanında var, ya da yoxdur. Mən istəməzdim ki, bu gün gündəmdə olan bir sahənin fakültəsinə qəbul olub sonra ortaya çıxa bilməyən insanlar olsun. Təhsildən də önəmli olan təcrübədir. Bir də ürək, sevgi bu işdə mütləqdir. Hansı sahəni bitirirsən-bitir, yalnız işə sevgi varsa, professional modelyer və ya digər sənət sahibi ola bilərsən. Mən özüm Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Pedaqogika-psixologiya fakültəsini bitirmişəm. Professional işimdə bu mənə çox kömək olub. Çünki insanlarla işləyən zaman onların psixologiyasını bilmək çox önəmlidir. Birtərəfli olmaq olmaz. Modelyerin çoxşaxəli bacarığı olmalıdır. İşini bilməli və işini sevməlisən. Qısası, təhsil mütləqdir, amma istedad olan yerdə tam fərqli ixtisası bitirən biri də professional modelyer ola bilər.

- Həmkarlarınız arasında sizi rəqib görən var?
- Mən bilmirəm məni kimsə özünə rəqib görür, ya yox. Şəxsən mən özümə heç kimi rəqib görmürəm.
Ümumiyyətlə, bu işlə məşğul olan hər kəsin uğuruna sevinən insanam. Düşünürəm ki, bu işdə rəqabət olduğu zaman da sağlam və səmimi rəqabət olmalıdır. Bir-birini arxaya dartan, dalınca danışan rəqabət yox. Nə deyim, Alah hamının köməyi olsun. Hamımıza uğurlar olsun.

- Boş vaxtlarınızda evinizdə lazım olmayan geyimlərdən, əşyalardan nələrsə yaradır, özünüzdən nələrsə icad edirsizmi?
- Beynim hər zaman ideyalarla doludur. Boş vaxtım çox olmur, amma olanda daima nədənsə nələrsə yaradırıq. Bu, divar üçün maraqlı bir əsər də ola bilər, çanta da, aksessuar da!

- Özünüzü sənətinizdə lazımi zirvəyə çatmış kimi hiss edirsinizmi?
- Bəli. Çox səviyyəli yerdəyəm. Mənə verdiyi xüsusiyyətlərə, işə, sənətə, insanlara olan sevgiyə, səmimiyyətimə, insanlığa verdiyim qiymətə görə Allaha borcluyam. Bu qabiliyyətləri mənə verdiyi üçün Allahımdan çox razıyam.

- Vəzifəli şəxslərdən geyim problemi ilə bağlı sizə müraciət edən olurmu?
- Fərqi yoxdur, vəzifəli şəxs və ya adi ev xanımı... Hər bir müraciət edən insanın bizdən razı qalmasına çalışırıq. Qazandığım ad mənə elə də asan başa gəlməyib. Burda illərin zəhməti, əməyi var. Ona görə də mənim üçün birinci yerdə Gülnarə Xəlilova brendinin daima ucalarda olmasıdır.

- Zövq və dəbin fərqi nədədir? Dəblə geyinmək vacibdir, ya zövqlə? İnsanlara nələri məsləhət görərdiniz?
- Hər zaman zövqlü olmağı, geyim tendensiyalarından düzgün istifadə etməyi, yüksək geyim mədəniyyətinə yiyələnmələrini arzu və məsləhət edərdim. Dəb gözəldir, yaxşı geyinmək də gözəldir. Amma dəbdə olan hər şey hamıya yaraşmaya bilər. Məsləhətim budur ki, podiumda gördükləri hər şeyi həmən öz üzərlərində görmək istəməsinlər. Dəbdə olan geyim onu geyinənə yaraşmalıdır. Burda üzün rəngi, boy-buxun və s. rol oynayır. Məsləhət görürəm ki, insanlar daha çox zövqlə geyinsinlər! Dəb hər zaman hamıya yaraşmır. Ən böyük trend zövqün özüdür. Zövqlü olmaq elə dəbdə olmaq deməkdir!


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər