4 May 17:31
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, CHP lideri prezidentə zəlzələ ilə bağlı nazirlik yaradılmasını təklif etdiyini bildirib.

“Cənab Ərdoğana təklif etdim ki, zəlzələ ilə əlaqədar nazirlik yaratsın, adı Zəlzələ Nazirliyi olsun, yaxud Təbii Fəlakətlərlə Mübarizə və Zəlzələlərə Hazırlıq Nazirliyi olsun”, - Özəl deyib.

CHP sədri bu mövzuda hökumətə kömək etməyə hazır olduğunu da qeyd edib:

“Təklif etdim ki, parlamentdə fraksiyası olan bütün siyasi partiyalar nazir müavini tələb etsələr, mən öz partiyamdan nazir müavini təyin edim və zəlzələ məsələsinə siyasətdən kənar yanaşmağın vacibliyi ilə bağlı fikir bildirim.

Cənab prezident bunu diqqətlə dinlədi, qeydlər aldırdı. Konstitusiyaya uyğun olaraq yeni nazirliklərin yaradılması onun səlahiyyətindədir. Bu, onun öz məsuliyyətindədir. Hansı addımı atacağını bilmirəm. Belə bir qurumun yaradılması təklifini verdim. Partiyamıza tələb olarsa, Zəlzələ Nazirliyinə nazir müavini təyin etməyi siyasi baxımdan yox, humanitar, vicdan prizmasından və həmin gün peşman olmamaq üçün götürməli olduğumuz bir məsuliyyət kimi görürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu