4 May 18:00
6 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta dəhlizin formalaşdırılması ilə bağlı Avropa Birliyi (AB) – Azərbaycan dialoqu dərinləşir.

Teleqraf.com xəbər verir ki, bunu erməni analitik Vahe Davtyan deyib.

“Bir neçə gün əvvəl Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Orta dəhlizin AB-nin iqtisadi və logistik şaxələndirilməsinə yönəlmiş mühüm layihə kimi nəzərdən keçirilməsi ilə bağlı Avropa Komissiyası ilə əldə olunmuş razılaşmanı açıqlayıb. Orta dəhliz layihəsi artıq bir neçə dəfə AB-nin müxtəlif rəsmiləri tərəfindən, xüsusən də 2022-ci ildə Türkiyə, Azərbaycan və Özbəkistan tərəfindən Daşkənd bəyannaməsinin qəbulundan sonra müsbət qarşılanıb. Orta dəhliz və ya Şərq-Qərb-Orta Transxəzər dəhlizinin məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Çin-Avropa multimodal nəqliyyat əlaqəsini təmin etməkdir”, - ekspert bildirib.

Davtyan hesab edir ki, Orta dəhliz Avropanın nəqliyyat strategiyasına səmərəli şəkildə inteqrasiya olunub:

“Ən vacib məqam budur: həmin Daşkənd bəyannaməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin yaradılmasına xüsusi diqqət yetirilir. Bəyannamənin 11-ci bəndində qeyd olunur ki, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzur və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasını vurğulayırlar.

AB nəqliyyat dəhlizini Avropa-Qafqaz-Asiya nəqliyyat strategiyasının bir hissəsi kimi nəzərdən keçirməkdə davam edir. İndi bunu Orta dəhliz layihəsində yerləşdirməyə çalışır. Məqsəd sadədir: Xəzər dənizi və Mərkəzi Asiyaya əlavə çıxış əldə etmək, karbohidrogen idxal marşrutlarının şaxələndirilməsi, Transxəzər qaz kəmərinin tikintisi.

Bu məsələdə AB ilə Ankaranın maraqları daha çox üst-üstə düşür, xüsusən də sonuncunun beynəlxalq enerji nəqliyyatı mərkəzi olmaq ambisiyalarını nəzərə alsaq. Görünən budur ki, Azərbaycan həm də Şimal-Cənub və Şərq-Qərb meqalayihələrini birləşdirməyi bacaran mühüm nəqliyyat qovşağıdır.

Beləliklə, Zəngəzur dəhlizindən faydalananlar çevrəsində Qərbin marağı getdikcə daha aydın şəkildə görünməyə başlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu