21 Aprel 2022 19:27
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Övladlarımın atası, nəvələrimin babası, ürəyimin tən yarısı...Yarım! Elim, Dənizim – Eldənizim. 70 yaşın mübarək!”.

Teleqraf.com xəbər verir ki, xalq artisti Xalidə Quliyeva həyat yoldaşı Eldəniz Quliyevin 70 illik yubileyini bu sözlərlə təbrik edib.

Vaxtilə Teleqraf.com-un “Danışan fotolar” layihəsinə qonaq olan xalq artisti Eldəniz Quliyevlə ilk tanışlığını belə xatırlayıb: “Eldənizlə Lütfi Məmmədbəyovun dram dərnəyində tanış olmuşdum. “Qanlı toy” tamaşasında o bəyi, mən gəlini oynayırdım. Atam rəhmətə gedəndə bizə gəldi, kollektiv yığdıqları pulu gətirdi, ondan sonra bir-birimizə bağlandıq.

Sonra bir dəfə qar yağanda çörək, tort alıb gətirmişdi. 23-24 yaşımda sevib ailə qurduq... Bizi sevgi birləşdirdi. Amma müəyyən dövr keçəndən sonra bu hiss daha da artır, övladlar dünyaya gəlir, onlar “ata” deyəndə sevgim yenidən oyanır. Müəyyən vaxt keçəndən sonra nəvələr dünyaya gəlir, nəvələr ona “baba” deyəndə sevgim yenidən oyanır. Mən onu ər, ata, indi də baba kimi çox istəyirəm. Amma bir sevgi də var...İndi də onun qocalığını sevirəm”.

Qeyd edək ki, yazıçı, dramaturq, Eldəniz Quliyevin 20 aprel 1952-ci ildə Lənkəranda dünyaya göz açıb.

1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1979-1981-ci illərdə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. “Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib.

1981-1987-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor kimi çalışıb.

1987-1992-ci illərdə “Debüt” studiyasının baş redaktoru, 1993-1996-cı illərdə “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru, 1999-cu ildə ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib.

Onun ssenariləri əsasında –“Cin mikrorayonda”, “Kölgədə 40 dərəcə isti”, “Pirverdinin xoruzu”, “Cansıxıcı əhvalat”, “Haray” filmləri çəkilib.


Müəllif: Nərmin Muradova