Sentyabrın 14-də London şəhərində Əməkdar rəssam Mehriban Əfəndinin əsərləri tarixi məkan olan “Regent Street Cinema”da video instalyasiya formatında nümayiş etdiriləcək.
Bu barədə Teleqraf.com-a Mehriban Əfəndi məlumat verib.
O bildirib ki, sərgi yazıçı, bəstəkar Ella Leyanın rejissor işi olan “Leylanın skripkası” adlı qısametrajlı bədii filminin təqdimatı çərçivəsində həyata keçəcək.
“Geyim rəssamı kimi çalışdığım “Leylanın skripkası” filmi Azərbaycan təbiətini və multikultural mədəniyyətini, fərqli dini və etnik xalqlara qarşı tolerantlığını nümayiş etdirən gözəl bir layihədir. Sərgi təklifini rejissor Ella Leya təklif etdi və mən də razılaşdım. Sərgidə “Gecənin mistikası”, ”İmpressiya” əsərlərimlə yanaşı Azərbaycan dövlətinin 44 günlük müharibədə şanlı Zəfərinə ithaf etdiyim “Qarabağ Azərbaycandır“ adlı silsilə əsərlərim də sərgilənəcək”- deyə Mehriban Əfəndi bildirib.
Qeyd edək ki, Monte-Karloda “Monako” festivalının “Angel” mükafatının qalibi olan “Leylanın skripkası” filmi ilk dəfə geniş ictimaiyyətə Britaniyada Azərbaycan səfirliyinin sponsorluğu və Azərbaycan Diaspora Komitəsi və Amerika Yəhudi cəmiyyətinin dəstəyi ilə təqdim olunacaq.
Filmdə gənc Hollivud aktrisası Sofiya Rossinski və məşhur azərbaycanlı skripka ustası Sabina Rakçeyeva çəkiliblər.
Filmin səsləndirilməsi tanınmış şairə Nigar Həsənzadə tərəfindən həyata keçirilib.
Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir.