26 Yanvar 2023 15:36
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən 19.10.2020-ci il tarixdə ARKİ-nin üzvləri tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nəğd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb".

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından (ARKİ) Teleqraf.com-un sorğusuna cavabda belə bildirilib.

Verilən məlumata görə, qeyd edilən vəsait nəğd üsulla ARKİ-nin hesabına mədaxil edilib və ARKİ-nin hesabından əlavə vəsait ayrılmaqla ümumilikdə 5000 AZN məbləğində vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb:

"ARKİ-nin əməkdaşı olmuş Əli Vəliyev cəmiyyətimizin həssas olan təbəqəsinin, yəni şəhid ailələrinin adını hallandıraraq 25.01.2023-cü il tarixdə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat təqdim edib. Əli Vəliyev tərəfindən təqdim edilən qərəzli məlumatlar hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edilib.

Əli Vəliyevin 25.01.2023-cü il tarixli məqaləsində “üzr istəyib sözlərimi geri götürəcəyəm” sözü ilə əlaqədar bildiririk ki, həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün ona şəhid ailələrindən üzr istəmək təklif olunur".

Qeyd edək ki, qurumun keçmiş mətbuat xidmətinin rəhbəri Əli Vəliyev iddia edir ki, “Yaşat” Fonduna bağışlamaq üçün İttifaqın üzvlərindən və katiblərindən yığılan 2820 manat pul İttifaqın sədri tərəfindən mənimsənilib.


Müəllif: Nərmin Muradova