14 May 2014 17:34
3 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən mətbuatda Qobustan Milli Tarix-Bədii Qoruğundakı qaval daşlarının həmçinin üzərində qədim yazılar olan qayaların oliqarxların villalarına daşınması ilə bağlı xəbərlər yayılmışdı.

“Qobustan qoruğunda, Mərəzə ərazisində və Naxçıvanda üst-üstə 40-a yaxın qaval daşı var. Amma onların heç də hamısı rəsmi şəkildə fiksə olunmayıb. Qobustanda iki iri böyük qaval daşı-Böyükdaş və Cingirdağdakı olan qavaldaş qeydiyyata alınıb. Bu iki daşdan başqa həcmcə kiçik olanları isə bəzi oliqarlxlar ən müxtəlif yollarla öz villalarına gətirirlər”.

Məlumatla bağlı Qobustan Milli Tarix-Bədii Qoruğunun rəhbəri Məlahət Fərəcova ilə əlaqə saxlayıb məsələyə münasibətini öyrənmişdik. O, belə bir halın mümkün olmayacağını demişdi: “Burada olan qaval daşları, yazılı abidələr UNESKO-nun mədəni irs siyahısına daxildir. Qobustanda üç əsas dağ var və hər dağda da qaval daşlarına rast gəlmək mümkündür. Ərazi həm polislər, həm də özəl mühafizə xidməti tərəfindən qorunur. Burada hər hansı oğurluq faktının olması mümkün deyil. Sonuncu reydimiz zamanı da oğurluq faktı aşkar edilməyib”.

Bu məsələ ictiamiyyət arasında böyük narahatçılığa səbəb oldu. Vəziyyətin həssaslığını nəzərə alaraq iddiaları araşdırmaq üçün Qobustan Milli-Tarix Bədii Qoruğuna yollanmağa qərar verdik. Bu məqsədlə üz tutduq Qobustan qəsəbəsinə. Qoruğa getməzdən əvvəl qəsəbə sakinləri ilə bu mövzu ətrafında söhbətləşdik. Ancaq danışdığımız insanlar belə bir şeydən xəbərsiz olduqlarını dedilər. Onlar hətta dediklərimizə təəcübləndilər. Qoruğa getmək üçün tutduğumuz taksidə də, yaşadıqları regioanda hər şeydən xəbərdar olan taksi sürücüsü ilə bu barədə danışmaq istədim. Qəsəbə həyatı və yaşayışları ilə bağlı söhbətimizdən sonra söz gəldi qoruğun üzərinə. Sürücü Cəfər dayıya bu məsələni çatdıranda o, da qəsəbənin digər sakinləri kimi məsələdən xəbərsiz olduğunu dedi. Məsələ ətrafında bir neçə sual versəm də nəticə eyni oldu. Beləcə gəlib çatdıq Qobustan Milli-Tarix Bədii Qoruğuna. Qoruqda jurnalist olduğumu gizlədib, yerli turist kimi kompleksi gəzmək istədiyimi bildirdim. Bələdçi ilə bərabər ilk öncə muzey mərkəzini dolaşdıq. Daha sonra mağaraların yerləşdiyi Böyükdaşa yollandım. Artıq qarşımda qaval daşlarının olduğu, hər tərəfi qayalarla dolu olan bir dağ dururdu. Ovçu, Öküz mağaralarını gəzə-gəzə araşdırmamla bağlı əlavə məlumat öyrənmək üçün bələdçini paleolit dövründən müasir dövrə qaytarmağa çalışırdım. Şübhə çəkməmək üçün bələdçiyə mövzu ətrafında suallar verirəm. Bu yerdə köməyimə ekspedisiyamızda iştirak edən ağsaçlı kişi çatır. O, dünən mətbuatda gəzən söz-söhbətin doğru olub-olmadığını soruşur: “Qəzetlərdə yazırdılar ki, oliqarxlar buradan qaval daşlarını öz villalarına daşıyırlar”. Bu sözdən sonra yenicə müasir həyata qayıtmış bələdçimiz yenidən qayıdır keçmişə:

“1972-ci ilə qədər burada daş karxanası olub. Ancaq həmin ildən başda Səməd Vurğun olmaqla bir sıra ziyalılarımız bunun qarşısını aldı və buradakı abidələr qorundu”. Mən bələdçini yenidən müasir zamana qaytarmaq, əlavə məlumat öyrənmək üçün mövzu ilə bağlı bir neçə sual verirəm. Ancaq o da bunun mümkün olmayacağını deyir: “Bu heç vaxt mümkün deyil. Ən azından mənim növbətçi olduğum vaxt heç kimə belə bir şey etməsinə icazə vermərəm. Bilsəm ki, məni gülləyə tutacaqlar yenə də icazə vermərəm”.
Burada yerləşən iki qaval daşı ilə tanış oluruq. Bələdçinin dediyinə görə bir qaval daşı da Cingirdağındadır. Ancaq Kiçikdaş və Cingirdağına turistlərin getməsi qadağandır. Bu məsələ məni düşündürür. Bəlkə bu dağların bağlı olması elə qaval daşları məsələsinə görədir?

Ekspedisiyanı qurtarıb kompleksə qayıdıram. Artıq jurnalist kimliyimi açıq etməyin vaxtıdır. Burada sədr Məlahət Fərəcova ilə görüşmək istədiyimi deyirəm. Beləcə sədrlə görüşürəm. Başlayıram hadisə ilə bağlı ipucları axtarmağa.

Məlahət xanım, dünən mətbuatda qaval daşlarının oliqarxların villalarına daşınması haqqında iddialar səsləndi. Əlbəttəki siz bunu inkar etdiniz. Ancaq bizə hansı əsaslara görə deyə bilərsiniz ki, buradan hər hansı qaya aparılması mümkün deyil.

“Bilirsiniz burada qoruğun girişində, istərsə də digər iki dağda mühafizə mətnəqəsi var. Heç bir şəkildə xəbərimiz olmadan nəsə çıxarmaq mümkün deyil. Bir dəfə Mədəniyyət və Turizm Nazirinin göstərişi ilə buradan bir qaval daşı tədbir üçün aparıldı. Onun aparılması çox böyük əziyyətlər başına gəldi. Daha sonra həmin qaya geri qaytarıldı. Bir dəfə də hansısa təşkilat buradakı adi qaya parçasından birini istəmişdi. Nazirlik birbaşa rədd etdi. Həm də bura artıq UNESKO-nun tərkibindədir, xüsusi olaraq qorunur. Buradan heç bir şəkildə eksponant çıxarmaq mümkün deyil. Mütəmadi olaraq UNESKO-nun özü də qoruğumuzda yoxlamalar aparır. Bizim iş fəalliyyətimizə görə 2013-cü ildə “Avromuzey” adı verildi. Bu beynəlxalq mətbuatda geniş işıqlandırıldı. Yəni qaval daşlarının hansısa bir şəkildə buradan çıxarlıması mümkün deyil. Ola bilsin ki, kiminsə evində bu daşlar var. Ancaq bu o demək deyil ki, bizim qoruqdan götürülüb. Bilirsiniz səs çıxardan qayalar çoxdur. Abşeronun relyefinə bu uyğundur. Bəlkə Abşeron ətrafı yerlərdən götürüblər onu deyə bilmərəm. Axı bütün səs çıxardan qayalar poleolot dövründən qalmayıb. Düzü bu günə kimi bizə belə bir təklif də olmayıb. Heç kim bizə deməyib ki, gəlin sizə yüksək qiymətdə pul verək, daşlardan birini bizə verin”.

-Ola bilməzmi ki, sizin xəbəriniz olmadan, gecə daşlar aparılsın.

-“Düzü bunun olacağına inanmıram. Çünki bizdə bir neçə mühafizə var. Həmdəki biz tez-tez reydlər keçirdirik. Belə bir hala rast gəlməmişik. Həm burada çalışan hər kəs qoruğun malının qədrini bilir. Biz buraya test imtahanı keçirməklə işçiləri qəbul edirik. Ən yüksək bal toplayanlar daha sonra bir ay sınaq müddəti keçir. Bu müddətdə də, onlar ekspozisiyaların qoruyucusu kimi çalışırlar. Özlərini təsdiq etdikdən sonra onlar işə qəbul olunur”.

-Bəs Kiçikdaş və Cingirdağda vəziyyət necədir?Axı bu dağlarda niyə görə turistlərin girişinə icazə verilmir?

-“Ora da xüsusi mühafizə olunur. Giriş məhdudlaşdırılıb. Axı hansı muzey öz fondunu turistlərə göstərir. O, dağlar bizim fondumuzdur. Sırf bu baxımından giriş qadağandır. Bu dağlara girmək üçün nazirliyin və bizim xüsusi icazəmiz olmalıdır. Vallah bilmirəm bu fikirlər hardan çıxır. Yəqin ki, həmin tədqiqatçı diqqətdən kənarda qalıb, özünə diqqət çəkmək üçün belə edir. Bu xəbərlər mətbuatda yayılanda nazirlikdən və İcra Hakimiyyətindən zənglər olub. Məsələni onlara da izah etmişik”.

Məlahət xanımla sağollaşıb Kiçikdaşa getmək üçün icazə alırıq. Daha sonra yollanırıq turistlərin girişinə qadağa qoyulmuş bu yerə. Sədrin dediyi kimi buralar geniş mühafizə zolağı ilə əhatə olunub. Girişdə bizi mühafizəçi qarşılayır. Məlahət xanımın icazəsini göstərdikdən sonra bura girə bilirik. Dağda iddialara əsas verəcək heç bir iz tapa bilmirik. Burada da çəkilişləri yekunlaşdırdıqdan sonra qayıdırıq redaksiyaya. Qərar verməyi yenə də oxucuların öhdəsinə buraxırıq. Bu məqsədlə şəkilləri sizə təqdim edirik.

Rövşən Danyeri


Müəllif: