12 Noyabr 2015 14:32
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Opera və Balet Teatrının solisti Fidan Hacıyeva ilə müsahibəni təqdim edir:

- Fidan xanım, tamaşaçılar indiyədək sizi səhnəmizin “Karmen”i kimi tanıyırdılar. Noyabrın 28-də isə Opera və Balet Teatrında “Arşın mal alan” operettasında “Gülçöhrə” obrazını ifa edəcəksiniz. Bu obrazın da “Karmen” kimi seviləcəyinə inanırsınızmı?

- “Karmen” və “Gülçöhrə” hər ikisi fərqli obrazlardır. “Gülçöhrə”nin də “Karmen” kimi geniş yayılmasını və sevilməsini istəyirəm. İnşallah, bu obraz da tamaşaçılar tərəfindən yaxşı qarşılanar. Artıq həyəcan keçirməyə başlamışam. Qərbin “Karmen”i, Şərqin “Gülçöhrə”siyəm (gülür). Yaradıcılığımda “Karmen” mənə çox böyük uğur gətirdi. İnanın ki, əhvalım yaxşı olmayanda da “Karmen”i oxuyuram.

Bu əsər ilk dəfə Fransada oynanılıb və uğursuz alınmışdı. Amma sonra şedevrə çevrildi və dünyada geniş yayıldı.

- “Karmen”, “Asya” və başqa obrazları canlandırmısınız. Bu obrazlardan hansını xarakterinizə yaxın hesab edirsiniz?
- Hazırda “Gülçöhrə”ni xarakterimə daha yaxın hiss edirəm. Bəli, “Arşın mal alan”da “Asya”nı da canlandırmışam və bir neçə il əvvəl o obrazı özümə daha yaxın hesab edirdim. Bir neçə aydır “Gülçöhrə” üzərində işlədiyim üçün obrazı özəlləşdirmişəm və o əhvaldan çıxa bilmirəm. Bir sözlə deyim ki, “Gülçöhrə”ni çox sevdim. Romantik və duyğusal bir obrazdır. Əslində, rollarımın hamısından həzz alıram. 19 yaşımdan Opera və Balet Teatrında işləyirəm və ilk dəfə “Koroğlu”da xanəndə qızı oynamışam.

- Azərbaycanda opera sənətini necə dəyərləndirirsiniz? Bir-iki nəfərdən başqa opera ifaçılarını tanımırıq. Tanınanlardan biri də sizsiniz. Niyə gənc nəsil arasında opera sənətinə gələnləri görmürük...
- Xeyr, gənclər arasında opera sənətinə gələnlər var. Bu sahəyə çox istedadlı gənclərimiz gəlirlər. Sadəcə, onların reklamları olmadığına görə tanınmırlar. Çünki reklamdan qaçırlar, televiziyaya çıxmırlar, mahnıları radiolarda səslənmir. Əslində, təbliğat aparmaq lazımdır ki, gələcək nəsillər klassik musiqilərimizi tanısınlar.

- Opera sənətinin inkişaf etməsi üçün nələr lazımdır və eləcə də gənclərə tövsiyələriniz nələrdir?
- Hər bir ifaçı opera sənətinin texnikasından xəbərdar olmalıdır. Bəzi opera ifaçılarımız ifa zamanı düzgün nəfəs almırlar, əsəri düzgün ifa etmirlər. İfada çoxlu nöqsanları olur. Ümumiyyətlə, ifaçıların vokal dərsləri alması çox önəmlidir. Müxtəlif mahnılar var ki, sözləri aydın deyil. Onun üçün vokal dərsləri almaq, professionallara müraciət etmək lazımdır.

- Azərbaycanda tamaşaçılar opera sənətini necə qarşılayırlar, bu sahəyə maraq nə dərəcədədir?
- Opera sənətinin tamaşaçısı var. Deyim ki, bütün tamaşaçılar operanı sevir, yalan olar. Əslində, sənətin təbliğatı çox önəmlidir. Biz sənətçilər təbliğatımızı yaxşı aparsaq insanlar tərəfindən tanınacağıq.

- Fidan xanım, eşitdiyimə görə, səsinizi qorumaq üçün dərman qəbul edirsiniz, bu, doğrudur?
- Səsin yerində olması üçün hər zaman üzərində işləmək lazımdır. Dərmana gəlincə, düzdü, səsimi qorumaq üçün dərmandan istifadə edirəm. Bundan əlavə soyuq və isti heç nə qəbul etmirəm. Soyuq havada danışmıram, çünki səs tellərim zədələnə bilər. Müğənnilər var ki, isti yaxud soyuq yerdən çıxan kimi danışmağa başlayırlar. Bunlarla yanaşı, qida rasionuna da fikir vermək lazımdır.

- İllərdir ki, eyni formadasınız. Çəkinizi necə qoruyursunuz?
- Formada qalmaq üçün idman edirəm. Hazırda fitneslə, əvvəllər isə yoqa ilə məşğul olurdum. Bununla yanaşı, insanda yemək mədəniyyəti çox önəmlidir. Qida rasionumda ətdən çox istifadə etmirəm. Tərəvəz və balıq əti yeyirəm, təbii şirələr qəbul edirəm. Dərinin, üzün təravətli olması üçün çoxlu maye qəbul etmək lazımdır. Buna görə də gün ərzində çoxlu su içirəm.

- Bir çox ölkələrdə – İtaliyada, İngiltərədə konsert proqramı ilə çıxış etmisiniz. Gələcəkdə xarici ölkədə fəaliyyətinizi davam etdirmək istərdinizmi?
- Mənim İtaliyada, İngiltərədə, Yaponiyada çoxlu konsertlərim olub. Xüsusilə İtaliya və İngiltərəyə tez-tez gedirəm. Hər zaman xarici ölkələrdə vətənimizi uğurla təmsil etməyə çalışıram. Amma daha çox öz vətənimdə fəaliyyət göstərmək və inkişaf etmək istəyirəm. Çoxlu layihələrim var, onları həyata keçirməliyəm.

- Fidan və Xuraman Qasımova bacıları ilə münasibətləriniz necədir?
-Fidan və Xuraman xanımla çox gözəl münasibətlərimiz var və onları çox sevirəm, ifalarını dinləyirəm. Uşaqlıqdan onların pərəstişkarı olmuşam.

- Ümumiyyətlə, necə insanlarla dostluq etməyə çalışırsınız?
- İllərin sınağından keçmiş insanlarla dostluq edirəm. Çox sağ olsunlar ki, hər zaman yanımdadırlar. Ətrafımda da sadə insanlar çoxdur. Ümumiyyətlə, mənə də çox insanlar deyirlər ki, sadə insansınız. Məşhurluq, tanınmaq xarakterimi dəyişmədi. Uşaqlıq illərimdən xarakterim necədirsə elə də davam edir. Əslində, bu xarakterdə qalmağım da xoşuma gəlir.

- Səhnə insanısınız, yoldaşınızın sizə nəyəsə görə qısqanır və məhdudiyyətlər qoyurmu?
- Xeyr, o, məni sənətimə görə sevib və hər zaman da dəstək olub. Hətta tez-tez mənə irad bildirir ki, repertuarın üzərində işləmirsən.

- Yoldaşınız ingilisdir və sizə görə Azərbaycanda yaşayır. Gələcəkdə İngiltərədə yaşamaq istəsə razı olarsınızmı?
- Yoldaşımla bir-birimizi ilk vaxtlardakı kimi sevirik. Neçə ildir ki, ailəliyik və sevgimiz daha da artıb. Qaynanamın da çox gözəl xasiyyəti var. Ona görə tez-tez İngiltərəyə gedirik.

Amma orada həmişəlik yaşaya bilmərik. O mənə görə ölkəmizə gəlib və artıq onu milliləşdirmişəm (gülür). Onu da deyim ki, həyat yoldaşım Azərbaycanı çox sevir, bütün regionlarımızda olub.

- Bir ənənəvi sual da verək: övladlarınız opera sənətinə gəlmək istəsələr, dəstək olarsınızmı?
- Üç övladım var, ikisi məktəbə gedir, kiçiyi isə balacadır. Onlara xüsusi diqqət etməyə, bacardığım qədər analıq borcumu yerinə yetirməyə çalışıram. Əvvəla, güclü təhsil almaqlarını istəyirəm. Gələcəkdə isə hansı sahədə fəaliyyət göstərmək istəsələr, mane olmaram. Hələ ki, yaşları azdır. Görsəm ki, musiqi sahəsinə gəlmək istəyirlər və istedadları var, mütləq kömək edərəm.

Rəqsanə


Müəllif: