Türk dünyasının ünlü yazarı Orxan Pamuk əsasən romanlarıyla məşhurlaşsa da onun qələmindən çıxmış “Gizli üz” ssenarisi Ömür Kavur tərəfindən ekranlaşdırıldıqdan sonra türk kinosunun stereotip qəliblərini qırdı və müəllifin postmodern adlandırdığı bu ssenari Türkiyənin kino sənətində gözə çarpacaq dərəcədə canlanma yaratdı. Ssenari əsasında ekranlaşdırılan film Antalya kino festivalında ən yaxşı film mükafatını qazandı.
Teleqraf.com Kənan Hacının çevirməsində Orxan Pamukun “Gizli üz” ssenarisinin yazılma səbəblərindən bəhs edən “Filmin hekayəsinin hekayəsi” yazısını sizə təqdim edirik.
Ssenari kitablarının oxunmadığını bilirəm. Çox sevdiyim, məndə güclü təsir oyada bilən bir film olarsa, aradabir oxumaq ümidilə bir küncə qoyurdum. Çox sonra kitabı əlimə alarkən ssenari deyil, sizin kimi, öncə kitabın önündə verilmiş yazıları oxuyurdum. Sevdiyim səhnələri,bəzi dialoqları oxumaq üçün kitabı vərəqlədikdə bilirdim ki, bir xəyal qırıqlığı içimi bürüyəcək: sanki görünməz bir əl əsərin ən canalıcı nöqtəsində radionun düyməsini çevirib səsi qısmışdı; sanki çevirdiyim səhifələrdə dərin bir boşluq vardı. Yazar sanki qəhrəmanları ilə deyil, öz-özüylə baş-başa qalırdı. Bu boşluğu doldurmaq ümidilə qələmə aldığım hekayənin hekayəsini az da olsa anlatmağa çalışacağam.
“Qara kitab”ı yazdığım, romanın dumanıyla başımın qarmaqarışıq olduğu günlərdən birində Ömər Kavuz mənə zəng vurdu, beynində yeni temalar yarandığını söylədi və mənə kino üçün bir ssenari yazmağı təklif etdi. Daha sonra birlikdə nahar edərkən öncədən təxmin etdiyim kimi beynində gəzdirdiyi hekayəsini danışdı. Filmlərini heyranlıqla seyr etdiyim Ömər Kavuz üçün bir ssenari yazma düşüncəsi məni cəzb etdiyi üçün mən də ona ağlımdakı bəzi mövzuları, hekayətləri anlatmağa başladım. O müddətdə beynimdə “Qara kitab”dan savayı başqa bir şey olmadığı üçün anlatdıqlarımın çoxu bu kitabdakı kiçik hekayələrdən idi...
Beləcə, bir müddət qarşılıqlı oturub bir-birimizə hekayələr danışdıq. Hər hekayə ümidlə başlayır, intizarla, həyəcanla davam edirdi. Bundan yaxşı bir film çıxmayacağını anlayaraq ümidsizcəsinə son qoyurduq. “Qara kitab”dakı “Qarlı gecənin eşq hekayələri” başlıqlı bölümdə pavilyon şəklinin hekayəsini anlatmağa başladığım zaman hekayənin qəhrəmanları kmi, axtardığımızı tapdığımı hiss edirdim. Ömər o zamanlar adı belə bəlli olmayan “Qara kitab”ı nə zaman bitirib ssenari başlayacağımı soruşdu. İki aya kitabı bitirəcəyimi dedim.
Beləcə, iyirmi il sonra, kitabı bitirər-bitirməz, ssenari yazmağa başladım. Hekayənin başlanğıcı və verə biləcəyi fürsətlər zəngin idi, amma təsvir olunan pavilyonun qaramat havasına qərq olduğumu hiss edirdim. Qəhrəmanımız hekayəsini anlatırkən ixtiyar və gümüş saçlıydı. Onun bir yaz günü sahil boyunca gəzişərkən ilk xəyal etdiyim halına, ən saf şəklinə döndərərək işə başlamağım lazım idi. Bu üzdən xəyalımda qurduğum ilk iş onu gəncləşdirmək, qadının evliliyini də ləğv etmək oldu. Bundan sonra hekayəni istədiyim kimi davam etdirə bildim. Həvəslə işə başlamazdan öncə Ömərlə məsləhətləşmələrimiz xatırlayıram. Səhifəni ortadan ikiyəmi böləcəkdim, bir tərəfə dialoqlarını, başqa bir tərəfə hərəkətlərinimi yazacaqdım və s. Ömər, nə cür istəyirsən, elə də yaz, dedi.
İstədiyim kimi də yazdım...
Əvvəlcə Ömər yazdıqlarıma bələd deyildi, romanlarımdakı kimi hekayəyə(ssenari deməyə dilim gəlmir) ən çox sevdiyim yerdən, ortadan başlamağım imkan vermirdi ki, ona nəyisə anladım. Başlanğıca dönüb hekayəni qaynağından davam edərkən demək olar ki, birlikdə çalışmağa başladıq.
Mən yazdıqca eynən romanı yazdığım kimi, öncədən bir yığın əşya öz-özünə hekayəyə daxil olurdu: unudulmuş qəsəbələr, ütülər, masalar, saat qüllələri, qəssablar, qadınlar, çayxanalar, ağaclar...
Bunların bir qismi hekayənin içindən çıxırdı, bir qismi hələ də təsirindən qurtula bilmədiyim “Qara kitab”ın səhifələrindən, bəziləri Ömər Kavuzun film dünyasından, hətta lap köhnə filmlərindən çıxıb gəlirdi. Bəziləri dəTürkiyənin coğrafiyasından . Hekayənin dünyasına xidmət etdikləri zaman onları aramızda görməyi sevinclə qəbul etdim. Yazmaq çox söylənən şablon dillə desək, uzun bir yola çıxmaqdırsa, yazmaq sevinci də yolçuluq boyunca qarşınıza çıxan bu yol yoldaşlarını öz dünyanıza, öz sevincinizə şərik etməkdir.
Sözgəlişi, Kastamonudakı saat qülləsini bu sevinclə salamlayıb hekayəmizə başladıq. İlkin variantında ssenaridə Qəlblər şəhərinin hər küçəsindən görünən və şəhərin rəmzi olacaq bir saat qülləsi vardı, ama Ömər məkan seçimi üçün axtardığı yerlərin sırasında Kastamonudakı o qülləni tapdıqda hekayəyə o qülləyə uyğun dəyişikliklər etdim. Qüllə şəhərin üzərində oturuşu və duruşuyla sanki ssenarini oxuyaraq bəyənmiş bir oyunçu kimiydi. Bu ağır oyunçunu Ömər filmdə elə oynatdı ki, filmi seyr edən bəziləri eynən Qəlblər şəhərində olduğu kimi Kastamonuda da qüllənin şəhərin hər küçəsindən görünə bildiyinə inandılar...
Qəzet kəsiklərinə, şəkillərə baxa-baxa gözlənilmədən qeyb olan qəhrəman hekayəyə “Qara kitab”dan çıxıb gəldi. Eyni şey “Gizli üz”ə “Qara kitab”dan sızmış kimi görünən başqa ayrıntılar üçün də deyilə bilər.
Ssenarini yazmağa başlamazdan öncə, ağlımda olan, yazarkən və Ömərlə çalışarkən də düşündüyüm və ssenarinin filmin özünə, ruhuna möhürünü vura biləcək bir-iki düşüncə də təbii ki, fikrimdə vardı.
Ömər ssenaridəki monoloqları qısaltmağımı təklif etdi. Birlikdə çalışarkən Ömər monoloqları oxuyub yağmurun yaxınlaşdığını hiss edirdi və həyəcanlanırdı. Qəhrəmanların içlərini aça biləcək uzun monoloqlar yazmaq istədiyimi ona işin əvvəlində demişdim... Onları yazmaq istəyirdim...
Eyni zamanda hekayədəki kimi əşyaları önə çəkərək onlara simvolik anlamlar yükləmək də mənimçün önəmli deyildi. Bəlağətli cümləpərdazlıqdan çox hekayənin axışı, ritmi, havası daha önəmlidir. Uzun bir yol gedirkən maşının pəncərəsindən axan görüntüləri həyəcanlanmadan seyr edə bilərik. Eyni maşına yerləşdirilən bir kameranın çəkdiyi görüntüləri ekrandan seyr edərkən isə içimizi bir həyəcan bürüyəcək.
Ssenari bu genişliyi əks etdirə bilmirsə, təkcə yazarın zövqünü təmin edə bilər.
Madam ki, bu məsələyə gəlib çatdıq, bir-iki cümlə də kino həyəcanı haqda danışım. Yazacaqlarım heç kitab oxumayan, amma söz kitabdan düşərkən dərhal kitabın mənfəətindən danışanların sözlərinə bənzəyəcəkmi? Bilmirəm. Çünki əvvəlki qədər filmlərə baxmıram.
İnsan nə üçün ssenari yazır? Filmin uğuru və uğursuzluğundan hansısa sosial hadisədən danışırmış kimi danışan, inkişaf etmiş ölkələrdə belə ssenaristlik kimsə üçün məqsəd deyil. Kimi pul qazanmaq üçün ssenari yazır, kimi rejissorluğa keçmək üçün ssenaridən körpü kimi istifadə edir. Açığı, bunların heç biri məni cəlb etmədi. Bir başqasıyla oturub hekayə qurmaq məni daha çox həyəcanlandırır.
Birlikdə çalışarkən mən on səhifə yazır və Ömərə verirdim, Ömər oxuyub düşündüklərini söyləyir, məsləhətlər verirdi. Bəzən bir səssizlik yaranırdı. O zaman yazı masamdan qalxır, böyrümdəki divana uzanaraq gözlərimi tavana zilləyirdim. Ömər kitablarla və tozla dolu otağımın yarım yüzillik parketini cırıldadaraq o baş-bu baş gəzişirdi. Hər ikimiz həyəcan və ümidsizlik içində idik. O zaman axşamüstü Nişantaşı meydanındakı uğultunun duyulduğu o səssizlikdə, uzandığım yerdə, on beş illik yazı həyatımda ilk dəfə bir hekayə qəhrəmanlarının taleyini çözərkən təkbaşına qərar vermədiyimi və bu şaşırdıcı dəyişiklikdən qəribə bir zövq aldığımı düşünürdüm.
Bu zövqü, birlikdə hekayə qurmaq zövqünü mənə dadızdırdığı üçün Ömərə nə qədər təşəkkür etsəm, azdır. Bir daha ssenari yazası olsam yenə bu qəribə zövq üçün yazacağam.