8 Dekabr 2015 12:36
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram teatrı və kino aktyoru” fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi çalışıb. ANS TV-də, Azərbaycan Televiziyasında “Virtuouz” verilişində çalışıb. Samanyolu Televiziyasının icraçı direktoru olub (1998-2001). Hazırda “Pozitiv media”nın direktorudur. Onlarla reklam filminin müəllifidir. Özünü rejissor kimi ilk dəfə olaraq 1996-cı ildə Çexovun “Məmurun ölümü” hekayəsinin motivləri əsasında çəkdiyi 48 dəqiqəlik “Kiçik leytenant” filmində sınayıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Aktrisa” tammetrajlı bədii filmini ekranlaşdırıb. Son işləri tamaşaçıların rəğbətinə səbəb olan və yüksək reytinqli “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil” seriallarıdır. Rejissor hazırda yeni serialını təqdim etmək ərəfəsindədir.

Teleqraf.com Rövşən İsaxla müsahibəni təqdim edir:

- Rövşən bəy, yeni seriala başlayırsınız. Təbrik edirik. Nədən bəhs edir yeni işiniz?
- Yeni serialımız ailə məişət mövzusunda, dram janrındadır. Yenə ATV kanalında və fevral ayında yayımlanacaq. Birinci mövsüm üçün 20-24 seriya planlaşdırılır. Hər seriya da 90 dəqiqə olacaq.

- “Pərvanələrin rəqsi” ilə böyük rəğbət qazandınız. Ardınca “Sonuncu fəsil”. Bəs bu serialda tamaşaçıları nələr gözləyir və sizin gözləntiləriniz nələrdir?
- İki serialda da bəlkə tamaşaçıların hiss etmədiyi, amma özümüzün bildiyimiz səhvlər var idi. Onların hamısını aradan qaldırmışıq. Qazandığımız bu qədər təcrübədən dolayı yeni serialda nəyi necə edəcəyimizi daha konkretləşdirdik. Ondan başqa düşünürük ki, budəfəki mövzumuz daha çox həqiqətə uyğun və tamaşaçıların qəbul edəcəyi bir iş olacaq. Ən azından biz buna cəhd edəcəyik.

- Ssenari müəllifi, yaxud müəllifləri kimlərdir?
- Vüqar Əmirov və mən.

- Hər zamankı komanda...
- Mən nə iş görmüşəmsə hər zaman Vüqar yanımda olub. Bu, 21 ildir ki, belədir.

- Yadımdadır, “Pərvanələrin rəqsi”ni də bərabər yazmışdınız.
- Bəli, o vaxt Vüqarla Azərbaycanda yayımlanan türk seriallarının bəzi seriyalarına baxdıq. Və “Pərvanələrin rəqsi” serialının qaralama ssenarisini yazmağa başladıq. Serialda əksini tapan hadisələrin birini kimdənsə eşitdik, birini hardasa oxuduq. Beləcə, özümüz üçün ilkin sxemi qurduq. Serialda insanların çox hissəsinin sevdiyi xətlər var: bəlli yaş təbəqəsinin insanları çox istəyər ki, orada güclü sevgi xətti olsun. Təmannasız, platonik sevgi. Bir qrup adam mənfi obrazın zəhərlə deyil, maşının altında qalaraq, əzabla ölməsini istəyir. İnzibati baxımdan serial reklamla müqayisədə çox çətindir. Reklamdan əldə etdiyim bəzi peşəkar vərdişlər var ki, o serialı çəkəndə mənim dadıma çatıb.

- Rövşən müəllim bu qədər ara verməyinizin səbəbi nə idi? Çünki “Sonuncu fəsil” serialının bitməsində bir ildən çox vaxt keçir.
- Bərk yorulmuşduq. Həm də ikinci serialımız “Pərvanələrin rəqsi” qədər müvəffəqiyyət qazanmadı.

- Sözümü ona gətirəcəkdim. Siz bunun səbəbini nədə görürsünüz?
- Səbəbi istirahətsiz, hazırlıqsız işə başlamağımız oldu. Tələsərək efirə çıxdıq. Ona görə bu dəfə il yarım fasilə vermək qərarına gəldik ki, tamamilə dincələk və enerji toplayaraq yeni seriala başlayaq. Bir də bu serialda hər zaman mənə deyilən iradı aradan qaldırmağa çalışdım. Bu dəfə tamaşaçıların görmədiyi xeyli simaları təqdim edəcəyik.

- “Pərvanələrin rəqsi”nin uğur simvolu nədə idi?
- Burada bir neçə səbəb var: biz o vaxt efirdə yayımlanmağa başladıq ki, Azərbaycan kanallarında bütün xarici serialların yayımı dayandırıldı. İkincisi, ilk dəfə efirdə yayımlanan serial “Pərvanələrin rəqsi” oldu. Üçüncüsü, ilk vaxtlar həftədə üç seriya yayımlandıq. Bunlar çox önəmli faktorlardır. Serialın qanunları var. “Pərvanələrin rəqsi” ssenarisi üzərində işləyərkən, “Aşk və cəza” serialının bir seriyasını Vüqarla kəlmə-kəlmə vərəqə köçürmüşük. Hətta remarkalarına qədər. Serial çəkən rejissorların müxtəlif saytlardan yazılarını, müsahibələrini oxumuşam. Oradan çıxış edərək deyirəm, serial həddindən artıq mənfi obrazı çox sevir. Tamaşaçı ona nifrət eləyər, hər seriyada “kaş ki, onu öldürərlər” deyər, amma o heç vaxt bilməz ki, həmin obraz öldüyü an serialın “evi yıxıldı”. Baş qəhrəmanı sevdirməkdən ötrü yanında ikinci mənfi rol olmalıdır. Yəni onun elədiyi pisliklər zəminində qəhrəmana ürəyin ağrımalıdır. Dolayısıyla, serialın gücü mənfi xarakterin üzərində daha çox olur, nəinki baş qəhrəmanın. Bunu da aktyorlar daha çox başa düşməlidir. Tamaşaçıya bunun heç bir dəxli yoxdur. Mentalitet nəzərə alınmalıdır, hadisələr inandırıcı olmalıdır. Mənə bu gün Azərbaycan reallığı üçün qəti şəkildə inandırıcı gəlmir ki, kimsə kiminsə xətrinə dəydiyi an cibindən tapançanı çıxarıb, öldürməlidir. Axı bu, bugünkü Azərbaycan reallığı deyil. Avtomobillə ötüşmələr, qəzalar – bunun həddindən artıq yaxşı nümunələrini Amerikada, Avropada edirlər. Bir addım atmamışdan öncə yorğanının ölçüsünə baxmaq lazımdır. Bununla yanaşı, “Pərvanələrin rəqsi”ndə maksimum çalışdığım və mənə elə gəlir ki, müvəffəq olduğum bir vacib nüans var. Azərbaycan tamaşaçısının beynində formalaşan “bizim aktyorlar oynaya bilmirlər” sindromunu elə ilk seriyadan qırdıq. Sadəcə olaraq, aktyorun tapşırığını düzgün vermək, ona düzgün yol göstərmək lazımdır. Mən həmişə demişəm, indi də təkrar edirəm, Azərbaycanda yaxşı aktyor kifayət qədər çoxdur. Kim aktyorun oyunundan narazıdırsa, günah həmin rejissordadır. Ya seçəndə səhv edir, ya da işləyəndə.

- Deyirlər ki, Rövşən İsax eyni aktyorları çəkir.
- Bəli, “Pərvanələrin rəqsi”ndən sonra çəkdiyim “Sonuncu fəsil”də eyni aktyorları çəkməyimdən dolayı çoxlu sayda iradlarla qarşılaşdım. Ona görə bu dəfə bunu nəzərə aldıq.

- Məsələn, heyətdə kimlər var?
- Tamaşaçıların tanıdıqlarından: Elxan Abbasov, İlham Hüseynov, Azad Şükürov, Kəmalə Müzəffər var. Qalanlarını isə tamaşaçılar ilk dəfə görəcək.

- Baş qəhrəman kimdir?
- Elxan Abbasov, Kəmalə Müzəffər və s.

- Aktyor heyətini toplayanda çətinlik çəkmədiniz ki?
- Kifayət qədər çətinlik çəkdik. Axtarışlarımız uzun çəkdi. Məncə, seçdiyimiz aktyor heyətini tamaşaçılar sevərək qəbul edəcək.

- Deyəsən, bu dəfə Ramiz Novruz yoxdur...
- Bəli, bu dəfə Ramiz Novruz yoxdur.

- İlk serialınızı çəkəndə ulduz aktyorların azlığı ilə bağlı sual vermişdim. Siz də demişdiniz ki, serialda daha çox tanınan Ramiz Novruzdur.
- Bilirsiniz, ulduz aktyorları çəkmək məntiqi ilə serial çəksəm, gərək aktyordan da çox məşhur olan xəbər aparıcısını çəkim. İşin çətinliyini nəzərə alaraq serialda ağır yükü daşıyan aktyorların əksəriyyəti mənim tələbəlik yoldaşlarım, dostlarım, yaxın münasibətdə olduğum adamlar idilər. Bu da ona görə idi ki, məni yarı yolda qoymasınlar. Həm aktyor kimi onların gücünə, həm də insan kimi xarakterlərinə bələd idim. İki serialda da qazandığım təcrübədən çıxış edərək deyirəm: bir aktyor dəvət edib, rolu ilə tanış edirsən, çəkib montaj edirsən, sonra başa düşürsən ki, təsəvvüründə canlandırdığın obraz alınmayıb. Bundan çıxış edərək, ssenarini tədricən digər aktyorun oyununa tərəf dəyişirsən. Səmimi şəkildə etiraf edəcəm ki, “Pərvanələrin rəqsi”ndə elə aktyor və aktrisalar oldu ki, gücləri çatmadıqlarına görə ssenaridəki vəziyyəti ssenaristlə birgə dəyişirdik: hadisə qaldı, ağırlığını isə başqa tərəfə yönləndirdik. Üçüncü-dördüncü plan üçün nəzərdə tutduğun aktyor birinci, ikinci planda hərəkət edən aktyorların cərgəsinə gəldi. Bilirsiniz, seriallarda fokusu ilk dəfə çəkilən aktyor və aktrisanın üzərində qurmaq rejissor üçün çox təhlükəlidir. Onu da deyim ki, istedadlı aktyorların hamısı məsuliyyətlidir, bacarıqsız aktyorun isə heç nə vecinə deyil. Ona elə gəlir, öz oyunu ilə artıq obrazın möhürünü vurub. Düşünürəm ki, rejissor serial çəkəndə iki cür kastinq etməlidir: aktyor və insan kimi. Əlbəttə, elə rollar var idi ki, onları həvalə edəndə çox fikirləşmədim. Amma işin ortasında başa düşdüm ki, səhv etmişəm.

- Həmkarlarınızın çəkdiyi serialları bəyənirsinizmi?
- Mən başqa rejissorlar haqda fikir demək istəmirəm. Bu, etikadan kənar olur. Bir rejissor digər rejissor haqda ya yaxşı söz deməlidir, ya da heç nə deməməlidir. Deyəcəm ki, bəyənirəm, tamaşaçılar qəbul etməyəcək. Deyəcəm ki, bəyənmirəm, düzgün alınmayacaq. Futbol haqda soruşun, daha rahat danışacam. (Gülür)

- Gəlin, konkretləşdirməyək, ümumi mənzərəni şərh edək. Son iki ilin serial bazarı necədir?
- Yaxşı olacaq, getdikcə hər şey yaxşılaşacaq. Nikbin olaq.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər