5 Yanvar 2016 11:37
2 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Yusif İlhamoğlunun “Balaca” hekayəsini təqdim edir:

O, müəllimdi, riyaziyyat müəllimi. Bu gün birinci növbə dərsi bitib, ikinci növbə dərsi yoxdu. İkinci növbəyə əlavə dərs salıb. Müəllimlər otağında oturub vaxtın gəlməyini gözləyir. Belə vaxtlarda başını qatmaq üçün kitab oxuyur. Yenə qarşısında bir kitab, bir stəkan çay vaxtını keçirir. Qabağındakı kitab açıqdı, amma fikri kitabda deyil. Doğulacaq körpəsini düşünür. Hələ beş aydan çox vaxt var. Bu beş ay ona çox qısa görünür – beş gün sonraymış kimi. Elə bil ata olacağının müjdəsini də üç-dörd gün əvvəl alıb. Düşünür: görəsən, yaxşı ata olmağı bacaracaqmı, övladının tələblərini qarşılaya biləcəkmi, övladına maddi sıxıntıları hiss elətdirməyə biləcəkmi?..

Bu suallar beynini qarışdırır. Nə düşündüyünü anışdıra bilmir. Müəllimlər alışıb artıq onun xasiyyətinə – kitab oxuyanda hər şeydən təcrid olunmağına. Elə olur ki, çağırıldığını da hiss eləmir. Kitab sevgisi, kitaba maraq onu necə belə çulğayıb, özü də bilmir. Bir onu bilir ki, uşaqlıqda qonşuluğunda yaşayan cavan bir müəllimdən, həm də şair olan müəllimdən keçib ona bu sevgi. Onun oxuduğu kitabları oxuyardı uşaqlıqda. Sonra rayon kitabxanasının yolunu tanıdı, hər ay gedib üç-dörd kitab götürməsə durub-dayana bilmirdi. Elə olurdu ki, ayın tamam olmasını gözləyə bilmirdi, oxuduğu kitabları qaytarıb, başqalarını götürməyə tələsirdi. O vaxtdan dayanmadan oxuyur, əlinə keçən, maaşından sıxışdırıb ala bildiyi, kitabı sevdiyini bilən dostlarının alıb hədiyyə etdiyi bütün kitabları oxuyur.

İndi də oxuyur guya ki. Amma fikrində övladının əlindən tutub gəzməyə çıxarır, parkda, dəniz kənarında, kitabxanaların uşaq guşələrində gəzdirir. Ona da kitabı sevdirəcək, uşaq yaşlarından öyrədəcək oxumağı. Öz-özünə gülümsəyir. Sonra başını qaldırıb baxır, bilmir gülümsəməyini görən olub olmadığını. Guya görsələr nə olacaq ki… Deyərlər, oxuduğu obrazlara gülür. Utanır sanki gələcək övladı haqqında düşünməkdən. Gələcək övladı, bəli, gələcək...

Onun özü rayonda doğulub, böyüyüb, məktəbi rayonda bitirib, məcburi köçkün olub. Kəndləri işğal olunsa da rayonları tutulmayıb. Üz tutub gəliblər rayona. Ağzıgöyçəklərin rişxənd obyekti olmağın dadını da görüb, kasıblığına görə dışlanmağın dadını da görüb, kiçik çevrədə olub, böyük çevrəsi olanlara həsəd aparmağın nə olduğunu da görüb, yaxşı oxumağın ona yaraşdırılmadığını da hiss edib, məcburi köçkün olduğuna görə yarışlarda ona güzəşt olunduğu iddialarını da görüb, yekə-yekə müəllimlərin, məktəb direktorlarının, hətta rayon təhsil şöbəsi müdirinin sıxışdırmasını belə görüb. Amma övladını bu çətinliklərlə qarşılaşmağa qoymayacaq. Həmişə onun yanında olacaq, dərsləriylə maraqlanacaq, tez-tez müəllmləriylə görüşəcək ki, uşağın tək olmadığını, atasının onunla maraqlandığını görsünlər. Övladına yavaş-yavaş məsuliyyətli işlər də tapşıracaq ki, övladı ona güvənildiyini hiss eləsin, gələcək həyata hazır olsun. Özünün çəkdiyi kasıblığı çəkməyə qoymayacaq övladını, bir köynəyi onun kimi üç il, dörd il geyməyinə imkan verməyəcək, dərsə altı üzülmüş ayaqqabıyla getməyə qoymayacaq, yoldaşlarıyla harasa gedəndə onlardan geri qalmağına imkan verməyəcək.

Bu düşüncələrdən ayılıb saata baxır. Hə, indi yoldaşı xəstəxanadadı, bu gün müayinəyə getməliydi. İki gündü nəsə özünü yaxşı hiss eləmirdi, deyəsən, bir az soyuqlayıb, axşam demişdi ki, sabah da özümü belə hiss etsəm, gedəcəm həkimə. Bu gün də səhər o çıxıb dərsə gələndən sonra zəng edib demişdi ki, gedəcək. İndi yəqin ya növbə gözləyir, ya da həkimin otağındadı, bir azdan zəng edər. Qışın gəlməyinə hələ bir neçə gün var, amma havalar yaman pis keçir, çox dəyişkəndi, səhər bir cür olur, günorta bir cür, axşam bir. Yəqin elə havanın bu aldatmalarına görə soyuq dəyib, həkim dərman yazar, bir az da fikir verərlər, keçib gedər. Həkimə getməyə də adamı peşman eləyirlər, gedən kimi o qədər dərman yazırlar ki, pul qalsın bir yana, adam fikirləşir ki, bu qədər dərmanı qəbul edən orqanizm nə gündə olar?..

Deyəsən, uşaqlarla razılaşdığı vaxt çatır, beş-on dəqiqəyə gəlməlidilər. Aha, adını çək, qulağını bur, uşaqlardan biri qapını döyüb, başını içəri salır. Onu sinifə göndərib, özü də qeyd dəftərini götürüb çıxır. Yenə düşünür: vaxt gələcək mənim də övladım bu uşaqlar kimi böyüyəcək, universitetə hazırlaşacaq. Amma mən onların əlavə dərsə ehtiyacının qalmasına imkan verməyəcəm, riyaziyyatı, fizikanı özüm öyrədəcəm. Fikirləri bir kənara buraxıb sinif otağına girir, uşaqlarla salamlaşıb, lövhəni təmizləyir. Deyəsən, təbaşir yoxdu, o biri boş siniflərə baxır, tapmır. Uşaqlardan birini müəllimlər otağına təbaşir gətirməyə göndərir. O qayıdana kimi uşaqlardan tapşırıqları yerinə yetirib-yetirmədiklərini soruşur, yarızarafat-yarıciddi söhbət eləyir. Ona kimi gecikənlər də gəlib çıxırlar. Nə yaxşı, hamı gəlib, başqa vaxt heç olmasa biri ikisi əlavə dərslərdən yayınardılar. Belə yaxşıdı, deyəsən, sonuncu dəfəki söhbəti, valideynlərə zəng eləməyi təsirini göstərib. Hamı dərsdə olanda o da dərsə maraqlı olur, daha canfəşanlıqla keçir dərsini. Artıq başlamaq olar. Ötən dərsləri sual-cavab eləyir, dərsə başlayırlar.
Dərsin başlamasından təxminən yarım saat keçib, fikri hərdən yenə də yoldaşının yanına gedir. Görəsən, niyə zəng eləmədi? Adətən, dərsə gedəndə telefonu müəllimlər otağında qoyur, amma bu dəfə zəng gözləyir deyə yanında götürüb. Elə bunu düşünən vaxt zəng gəlir, yoldaşının nömrəsidi.
Ordan necə çıxdığı, uşaqları kimə tapşırdığı, taksiyə necə oturduğu… heç biri yadında deyil. Bircə şey yadındadı, beynində hey səslənən bir cümlə: "Uşaq inkişafdan qalıb".

Zəngdən iyirmi dəqiqə sonra artıq xəstəxananın qabağından yoldaşına zəng eləyir, onu xəstəxanaya buraxmırlar, yoldaşı qapının yanına gəlir, nəsə deyir, deyəsən, səbəbdən danışır, amma onun qulağında yenə də həmin cümlə səslənir, gözünə ancaq yoldaşının, sevdiyinin gözlərində halələnmiş yaşlar görünür. Artıq düşünə də bilmir, heç nə deyə bilmir, bircə "Sən necəsən?" deyə soruşa bilir. Sonra yoldaşı yenidən həkimin yanına gedir, o da həyətə çıxır. Həyətdə o baş bu başa var gəl edir, nəsə düşünür, amma nə, heç bir fikri yoxdur. Yanından uşaqlı cavanlar keçir, onlara baxıb gülümsəyir. Bir neçə aydan sonra özünün də övladıyla gəzəcəyini düşünür. Qaynanası gəlir, hara getmək lazım olduğunu soruşur, ikinci mərtəbədə olduğunu deyir. Sonra birdən sanki ona aydın olur qaynanasının bura nəyə gəldiyi...

Burdan çıxıb başqa xəstəxanaya gedirlər – abort üçün. Getdikləri həkim əməliyyatdadı, gözləmək lazım gələcək. Qaynanasıyla yoldaşı yuxarıda, palatada, o aşağıda, foyedə gözləyir. Hava yavaş-yavaş qaralır. Tibb bacısı gəlib ondan çöldə gözləməyi xahiş edir. Çöldə hava soyuyub, bir yerdə dayanmaq olmur, gəzişmək lazımdı. Bir az gəzişəndən sonra mesaj yazır yoldaşına. O da cavab yazır, həkimin əməliyyatdan çıxdığını deyir.

Bir az da həyətdə dolaşır, çöldə bir kafenin işıqlarını görür, fikirləşir ki, çay içsin. Gedib bir kənarda oturub, çay gözləyir, gözləyə-gözləyə düşünür, düşünməyə çalışır. Elə bil indiyə kimi məsələnin ciddiliyini o qədər də qavramırmış. Bəs indi necə olacaq? Hər gün uşaqdan danışır, planlar qururdular. Hələ bilmirdilər uşağın oğlan ya qız olacağını, – öyrənməməyə qərar vermişdilər – Öz aralarında “Balaca” deyib səsləyirdilər. Bəs bundan sonra necə olacaq? Sabah sevdiyiylə yenə evdə olacaq, yenə bir yerdə olacaqlar. Amma sabah onların balacası olmayacaq. “Xatirələri də əməliyyatla silib götürmək olsaydı…” düşünür. Tez də fikrindən daşınır: “Beş ay da olsa gözəl xəyallar qurduq, bu beş aysız mənim ömrüm heç nə olardı…”


Müəllif: