27 Yanvar 2016 15:26
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Puşkin adına Kitabxana əvvəllər Nəsimi bazarının yanında idi. İndi Memar Əcəmi metrostansiyasının yanına köçürülüb. Biz də reportaj üçün həmin kitabxanaya yollandıq. Görək burda vəziyyət necədir? Kitabxananın oxucuları yenə də çoxdurmu? Oxucular arasında hansı təbəqədən insanlar var? Kitabxana hansı çətinliklərlə qarşılaşır?

Nəsimi rayonu MKS-nin (Mərkəzi Kitabxana Sistemi) direktoru Nəsibə Mehdiyevanı söhbətə tuturuq:

– Əvvəllər kompüterə meyil çox olduğu üçün kitabxanalara gələnlər, demək olar ki, çox az idi. Amma indi kitabxanamıza gələnlərin sayı xeyli çoxalıb. Uşaqlardan tutmuş böyüklərə qədər hamı gəlir. Bizim özümüz də bununla bağlı təbliğat işləri aparırıq.

– Yəni kitabxana üçün insanlarda maraq oyadırsınız.
– Bəli. Məktəblərə gedirik, direktorla, müəllimlə danışırıq, onlar da şagirdləri bura yönəldirlər. Uşaqlar üçün şeir müsabiqələri, inşa yazı müsabiqələri keçiririk. Şagirdlər də bura gələndə onlarda kitablara həvəs oyadırıq. Bizim bununla bağlı xüsusi guşəmiz də var. Yəni onların əl işləri üçün. Ümumən incəsənətə, ədəbiyyata, elmə həvəs oyadırıq. Bütün gücümüzlə çalışırıq ki, bunun öhdəsindən gələk. Hətta uşaqlardan biri Moskvada şeir müsabiqəsində birinci yeri tutub.

– Başqa nə işlər görürsünüz?
– Bədii yaradıcılıq gecələri də keçiririk. Müəyyən bir şairin, yazıçının yubileylərin keçiririk. Məsələn, Zəlimxan Yaqubun, Xəlil Rzanın və başqalarının.

– Kitabxanadan hansı təbəqənin adamları istifadə edir?

– Dediyim kimi uşaqlar var. İnstitut tələbələri, müəllimlər də burdan çox istifadə edir. Bizdə yaşlı nəsildən də oxucular çoxdur. Hətta dünən qarlı havada iki nəfər yaşlı kişi təxminən dörd saat oturub kitab oxuyublar. Yəni oxucular arasında hər təbəqədən insanlar var. Tələbələr ən çox kurs işinə, diplom işinə və referatlara görə gəlirlər.

– Kitabxananın yerinin dəyişilməsi oxucuların sayına təsir edibmi?
– Təbii ki, fərq var. Nəsimidə kitabxana oxucuların sayı həm çox idi, həm də otaqları daha böyük və geniş idi. Çünki o ərazidə yaxın kitabxana yox idi. Nə qədər də etiraz oldu. Orda aşağı mərtəbə uşaq şöbəsi idi. Yuxarı mərtəbə isə kütləvi. Ora bir kitabxana üçün daha əlverişli idi. Amma deyim ki, qayıtmaq məsələsi bu gün də var.

Nəsibə xanımla kitabxananın otaqlarını gəzib bir-bir oxucuları və işçiləri söhbətə tuturam. Uşaq qeydiyyat şöbəsinin müdiri Sitarə İsayeva: “Kitabxanaya üzv olmaq istəyən sənədləri ilə qeydiyyatdan keçir və kitabxanadan istifadə edir. Uşaqlar üçün oxu zalında xüsusi guşə yaratmışıq, istəsəniz, keçib baxa bilərsiniz”.

Biz də oxu zalına keçib həmin guşə ilə tanış oluruq. Nəsibə xanım deyir ki, ayrıca otaq olmadığı üçün uşaqların əl işlərini burda saxlayırıq.

Oxucular da kitabxanaya tez-tez gəldiklərini deyirlər. Oxuculardan Arzu deyir ki, istediyimiz kitabları burdan tapa bilirik. Sağ olsunlar. Hansı kitab burda olmasa, onları bizə tapıb verirlər.

Elektron və avtomatlaşdırma sisteminin şöbə müdiri Nəzmiyə xanımla söhbətləşirik. O, elektron kitabların tərtibinə və kitabxananın tədbirlərinə cavabdeh olduğunu bildirir. Eyni zamanda deyir ki, çalışırıq kitabların elektron variantının sayını çoxaldaq.

– Oxucular arasında bədii kitablara meyil necədir?
– Uşaqlar əsasən “Koroğlu” dastanını, “Dədə Qorqud” dastanlarını, Azərbaycan nağıllarını, Azərbaycan uşaq antologiyasını oxuyurlar. Oxucular arasında nisbətən yaşlılar bunları oxuyur: klassiklərdən Nizami Gəncəvini, Füzulini, Nəsimini; nisbətən müasir dövrdən İlyas Əfəndiyevi, Bəxtiyar Vahabzadəni, Mehdi Hüseyni, Sabir Əhmədlini, İsa Muğannanı, Yusif Səmədoğlunu və başqalarını.

Kitabxananın Azərbaycan bölməsi üçün başqa, rus bölməsi üzrə isə başqa qeydiyyat şöbəsi var. Azərbaycan bölməsinin şöbə müdiri Aygül İsrafilovadır. Rus bölməsinin şöbə müdiri isə Mehriban Kərimova. Onlarla söhbətimizdə bunlar aydın olur: Kitabxanaya şəxsiyyət vəsiqəsilə üzv olursan. Sonra istədiyin kitabı götürüb burda oxuyursan. Kitabı kitabxanadan kənara çıxarmağa icazə yoxdur. Evə aparmaq olmaz.

Otaqlar nə qədər balaca və təmir sarıdan problemli olsa da kitabların işığına yığışmış oxucular və işçilər bir o qədər oxumağa həvəslidir. Beləcə, Puşkin adına Kitabxanadan reportajımızı bitirib ordan ayrılırıq.

Sərvər Şirin


Müəllif: