8 May 2016 20:22
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıya dönərkən yol boyu düşündüm, görəsən, atam bu şəhəri tərk edib öncə Bakıya, bir neçə il sonra da Türkiyəyə köç etdiyi zaman 56 il sonra kiçik oğlunun gəlib bu dağları, bu evləri ziyarət edə biləcəyini xəyal etmişdimi? Bəlkə, amma inanmıram. Həyatımızın böyük parçası düşüncələrimizin, iradəmizin deyil, təsadüflərin əlindədir” .

Şuşadan köç edərək öncə Bakıya, sonra Türkiyəyə gedən ata Əhməd Ağaoğlu, 56 il sonra Şuşaya və Bakıya gələn oğul isə Səməd Ağaoğlu idi.

Səməd 1909-cu ildə Bakıda dünyaya gəlib. Atası Osmanlıya mühacirət edəndə o, körpə uşaq idi. İlk təhsilini Bəyazid Fevziyyə liseyində alıb, daha sonra Ankara liseyində davam etdirib. 1926-31-ci illərdə Ankara Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Bir müddət təhsil üçün Strasburqa yollanıb, o dönəmlə bağlı “Strasburq xatirələri” kitabını yazıb. S.Ağaoğlu Türkiyədə həm yazıçı, həm də siyasətçi kimi tanınır. O, yazdığı xatirə kitabları ilə Türkiyədə bu janrın öncüllərindən biridir. Onun “Atamdan xatirələr” (1940), “Atamın dostları” (1957), “Tanış üzlər” (1965), “Dostum Menderes” (1967), “Mərmərədə bir ada” (1972), “İlk mərhələ” (1978), “Həyat bir macəradır” (1981) kimi kitabları memuar janrının mühüm nümunələridir. Bu kitablarda S.Ağaoğlu həm atasının və onun dostlarının həyatını, həm də təmsil olunduğu partiyanın lideri Ədnan Mendereslə olan dostluğunu, mücadiləsini yazıb.

Bu yazıda biz S.Ağaoğlunun tamam başqa bir əsərindən – atasının ruhuna ithaf etdiyi “Sovet Rusiya İmperatorluğu” memuarından Azərbaycanla bağlı yazdığı hissəyə toxunacağıq.

Niyə "imperatorluq"?

S.Ağaoğlu kitabının girişində bu sualın cavabını verir: “Çünki SSRİ, həqiqətən, bir imperiyadır. Torpaqların genişliyi, hakim bir millətin tabeliyində olan millətləri, koloniyaları, ehtirasları, əməlləri ilə Romadan rus çarlığına qədər mövcud olmuş bütün imperatorluqlara bənzəyir”

1966-cı ilin 13 avqustunda Səməd Ağaoğlu xanımı Nəriman Ağaoğlu ilə birlikdə SSRİ-yə doğru yolçuluğa çıxır. İki ay ərzində onlar Sovetlərin bir çox yerlərində, eləcə də, Ermənistan və Azərbaycanda olurlar.

***

...İlk olaraq Leninakana – Gümrüyə daxil olurlar. Səkkiz saat ərzində sərhəddə gözləməyə məcbur qalırlar. Rəsmi qaydalar uzun çəkir…

“Əski Gümrü, indi Leninakan! Milli Mücadilə Türk Dövlətinin şərq sərhədini çizən anlaşmanı Kazım Qarabəkir paşa bu şəhərdə imzaladı. Türk ordusu da yanında. Öz-özümə soruşuram: niyə Gümrü sərhədimizin ötəsində buraxıldı? Tarix yaxşı niyyətli xətaların sonsuz örnəkləri ilə doludur” , - deyə S.Ağaoğlu yazır.

Ermənistana ayaq basar-basmaz ilk duyduğu hissin sevgisizlik olduğunu deyən Ağaoğlu dəsmalların, çaydanların, binaların, reklamların, bir sözlə, hər şeyin üzərində Ağrı dağının rəsminin və “Bizim Ararat” sözlərinin qeyd olunduğunu bildirir.

…Ermənistanda Yazıçılar Birliyində olurlar. Yaşlı, gənc şair və yazıçılar bir ağızdan məsələni türklərin erməniləri “öldürməsi”nə gətirib çıxarır: “Siz erməniləri kəsdiniz”. Ardınca qonaqların xətrinə dəyməsin deyə “türk millətini deyil, onun başındakıları qüsurlu hesab edirik, o vaxt məmləkəti idarə edənləri…” kimi sözlər deyirlər.

Ermənilərin özünəməxsus əlifbalarını qoruyub saxlamalarına, millətçilik hisslərinin güclü olduğuna heyrət edən Ağaoğlu yazır: “Sovet Ermənistanının bu cür qatı millətçilik hissi daşımasına və bunu ifadə etmələrinə niyə göz yumurlar?.. Başqa etniklərə tanınmayan bu azadlığı Ermənistanda hansı məqsədlə yaşadırlar?”…

Daha sonra Ağaoğlu ermənilərin hər il türklər tərəfindən qırıldıqlarını iddia etdikləri hadisə ilə bağlı müəyyən gün təsbit etdiklərini, mərasim keçirdiklərini, buna Moskvadakı havadarlarının dəstək verdiyini, onların sayəsində 1948-ci ildə 40 min türkün Ermənistandan çıxarılaraq Kürün sahilinə yerləşdirildiyini yazır.

Azərbaycana gəliş

“Azərbaycan deyincə hər kəsin ağlına ilk gələn Bakıdır. Mənim ağlıma isə bu şəhərlə bərabər ata və anamın doğulduqları, böyüdükləri Qarabağ gəlir” .

S.Ağaoğlu Bakıda ruslaşdırma siyasəti aparıldığını yazır. Buna misal olaraq şəhərdəki mövcud əhali sayını göstərir: “1.200.000 əhalinin 19 faizi azəri türkü, 35 faizi rus, 25 faizi erməni, qalanları isə başda yəhudilər olmaqla digər millətlərin nümayəndələridir” .

İnsanların kinoya, operaya, teatra maraq göstərdiyini, lakin şəhərdə rahat istirahət edə biləcək, əylənəcək məkanların olmadığına diqqət çəkən Ağaoğlu küçələrə adları verilən, heykəlləri qoyulan insanlardan söz açır. Vaqif, Sabir, Əzizbəyov, Axundov və digərlərinin adları əbədiləşdirilmişdi. Amma adlarını, əməllərini, gördükləri işləri bilsələr də, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Topçubaşov kimi insanların adına heç nəyin olmadığını yazır: “Çünki türkçü idilər, ogünkü rus hakimiyyətinə qarşı idilər” .

Qarabağa səfər

Bakıdan sonra Səməd Ağaoğlu atasının yurdu Qarabağa yola düşür.

“Atamın qartal yuvası kimi anlatdığı Qarabağ, demək olar ki, olduğu kimi qalmışdı… Anamın doğulduğu evi, atamın böyüdüyü, evləndiyi evi, Qurdlar məhəlləsinin bir çox evlərini yerində gördüm”.

Ardınca Səməd Ağaoğlu Qarabağda Sovet hökumətinin bir planını qeyd edir: “Qarabağda bir şey daha öyrəndim. Bu gün muxtar vilayət olan Azərbaycanın bu ərazisini Ermənistana birləşdirmək istəyirlərmiş! Bu, Qarabağ türklərini bütünlükdə başqa yerlərə köçməyə məcbur edə bilər və hətta məcbur edəcək. Hara məcbur ediləcəklərini isə, əlbəttə, bir Allah, bir də Kommunist partiyası bilir” .

Təəssüf ki, indi biz bunu bilirik…

Qohumlar arasında

Qohumlarının Qarabağda qalmadığını, hamısının Bakıda yaşadığını yazan Ağaoğlu əmi, dayı, xala bibi oğulları, qızları, nəvələrinin əlliyə, yüzə yaxın olduğunu, lakin onlardan yalnız beş-altısı ilə cəmi on dəqiqə müddətinə görüşə bildiyini qeyd edir. Hər dəfə bəhanələrlə qarşılaşdığını, ondan qaçdıqlarını deyən Səməd təəssüflə yazır: “Bir çox şeylər soruşdum: “Necəsiniz, yaxşısınız, rahatsınızmı?” Hamısı bu suallara təlaşlı hərəkətlərlə, tez-tez eyni cavabı verdilər: “Çox yaxşıyıq, çox rahatıq, pulumuz var, işimiz var”. Otelin foyesində görüşmüşdük. Tez-tez saatlarına baxırdılar. Bəziləri həkim idi, bir saat icazə ala bilmişdilər. Bəzilər məmur idi, idarədə işləri çox idi! Başa düşmüşdüm, bizimlə çox görünmək istəmirdilər…”

Bütün bunlar təbii idi. Əhməd Ağaoğlu rusların düşməni idi… Belə bir adamın oğlu ilə qohumları Bakıda görüşmək istəməyəcəkdilər, çünki zaman tamam fərqli idi. Necə ki, S.Ağaoğlu yazır: “Bir gecə yarısı söhbət etdiyim gənc bir azəri “atanızın günündən bu yana burada çox yellər əsdi, çox atəşlər yandı, söndü” dedi. Xəfif işıqda üzünü necə idi görə bilmədim, amma səsi titrəyirdi”…

***

İnternetdə arxivlərdə dolaşarkən Türkiyənin “Milliyet” qəzetinin 17 oktyabr 1966-cı il sayında kiçik bir xəbərə rastladım: “Əski Demokrat Partiyası nazirlərindən Səməd Ağaoğlunun qohumu Hikmət Ağayev adlı bir elektrik mühəndisi Rusiyadan Türkiyəyə mühacirət edib. Rusiyanı ziyarət edən Səməd Ağaoğlu Bakıya getdiyi zaman bu əqrəbasının evində qonaq qalmışdı. Ağaoğlunun səyahəti davam etdiyi vaxtda Hikmət Ağayev turist kimliyi ilə Türkiyəyə daxil olmuş və mühacirət etdiyini bildirmişdir. 35 yaşlı qaçqın evli və iki uşaq atasıdır”.

P.S. Fotoda Səməd Ağaoğlu Şuşada atasının evinin önündə əyləşib.

Dilqəm Əhməd

"Mühacirlərin dönüşü" kitabından.


Müəllif:

Oxşar xəbərlər