10 İyun 2015 20:57
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” I Avropa Oyunlarında sabitliyin təmin olunması məqsədi ilə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müvafiq qurumları ilə birgə 20 olimpiya obyektinin layihəsinin sanitariya-epidemioloji ekspertizasını həyata keçirib, müvafiq laboratoriya müayinələri aparıb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Laboratoriya xidmətinin fəaliyyətini təkmilləşdirmək, xüsusən yeyinti məhsullarının və suyun laboratoriya təhqiqatını müasir tələblərə uyğun aparmaq üçün yeni laboratoriya cihaz və avadanlıqları alınıb, mütəxəssislərin yüksək səviyyədə hazırlığı təmin edilmiş, bir sıra yeni göstəricilərin təyini üsulları tətbiq edilib.

Son dövrlərdə təşkil edilmiş, ən müasir avadanlıqla təchiz edilmiş toksikoloji laboratoriya, yeni diaqnostik vasitələrin istifadəyə verildiyi mikrobioloji laboratoriya hazırda tam gücü ilə işləyir.

Hazırda Əməliyyat Komitəsi tərəfindən akkreditasiya olunmuş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) 13 nəfər yüksək ixtisaslı mütəxəssisi gündəlik olaraq bilavasitə tədbirlərin aparılmasında iştirak edirlər.

Qısa müddət ərzində GEM tərəfinizdən Bakı və Mingəçevir şəhərlərində idmançıların qalması və qidalanması üçün nəzərdə tutulmuş obyektlərdə içməli suyun tam mikrobioloji, toksikoloji və fiziki-kimyəvi müayinələri 72 su nümunəsində yoxlanıb və aparılan müayinələrin nəticəsində normalardan kənaraçıxmalar müşahidə olunmayıb.

Bundan əlavə, qidalanma təşkil ediləcək obyektlərdə də mütəxəssislər tərəfindən yerində baxışlar keçirilib, zəruri hallarda müvafiq təkliflər verilib.
Bakı və Mingəçevir şəhərlərində zəruri hallarda həşəratlara və gəmiricilərə qarşı dezinfeksiya və deratizasiya tədbirləri aparılıb və bu tədbirlər hazırda da davam etdirilməkdədir.

Oyunların keçiriləcəyi dövrdə Bakı və Mingəçevir şəhərlərində 2 növbəli iş rejimində fəaliyyət göstərilməsi, su təchizatı və qidalanma obyektlərində, əhalinin kütləvi istirahət və gəzinti yerlərində sanitariya nəzarətinin gücləndirilməsi, yoluxucu xəstəlik ocaqlarında zəruri tədbirlərin görülməsi, ümumşəhər su anbarlarında gündəlik olaraq su nümunələrinin laboratoriya müayinəsinin aparılması barədə Respublika GEM-i tərəfindən müvafiq əmr verilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər