Amerika Mərkəzi Kəşfiyyat İdarəsi və Səudiyyə Ərəbistanı tərəfindən İordaniyaya göndərilən silahlar oğurlanır və "qara bazar"da satılır.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, New York Times bu iddia ilə çıxış edib.
Qeyd edək ki, İordaniyada Suriya müxalifəti üçün döyüşçülərin hazırlanması üzrə məxfi proqram həyata keçirlir. ABŞ və Səudiyyə Ərəbistanı da İordaniyaya silahı məhz Suriya müxalifəti üçün göndərir.
New York Times-ın yazdığına görə, milyon dollarlarla dəyəri olan silahı təkcə məxfi proqramda iştirak edən İordaniya hərbçiləri deyil, Səudiyyə kəşfiyyatının zabitləri də oğurlayır. Qəzet iddia edir ki, ABŞ-ın təlim məqsədilə Suriya müxalifləri üçün göndərdiyi Kalaşnikov avtomatı, minaatanlar və qaranatamyotlar İordaniya və Səudiyyə zabitləri tərəfindən "qara bazar"da satılır. Nəticədə Amerikanın silahları kriminal qruplaşmaların əlinə keçir, onlar da həmin silahı digər ölkələrdə satırlar.
İordaniya hərbçiləri qeyri-leqal silah satışından qazandıqları pullarla bahalı avtomobillər, iPhone və digər qiymətli əşyalar alırlar.
Qəzet yazır ki, hətta İordaniyada Suriyalı müxaliflərə çatmalı olan silah oğurlanıb satıldıqdan sonra ötən ilin noyabrında Əmmanda terror aktı zamanı istifadə olunub. Həmin hadisə zamanı 5 nəfər həlak olub ki, onlardan da 2-si ABŞ vətəndaşıdır.
Qeyd edək ki, Bəşər Əsəd qüvvələri ilə mübarizə məqsədilə suriyalı müxaliflərin hərbi hazırlığına yönələn proqram ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və bu ölkənin müttəfiqlərinin, o cümlədən Səudiyyə Ərəbistanı kəşfiyyatı tərəfindən 2013-cü ildən etibarən həyata keçirilir. İndiyədək bu proqram çərçivəsində Bəşər Əsədə qarşı döyüşmək üçün minlərlə döyüşçü yetişdirilib.
Nihad