Türkiyə Cümhuriyyətinin Jandarma komandanı, general-polkovnik Qalib Mendinin 15 iyul çevriliş cəhdi ilə bağlı istintaqa verdiyi ifadəni “Hürriyet” qəzeti ortaya çıxarıb.
Teleqraf.com ifadədəki bəzi maraqlı məqamları diqqətə çatdırır.
General istintaqa ifadəsində bildirib ki, 15 iyul gecəsi qatıldığı bir toy mərasimindən köməkçisi Timurcan Ernişin də olduğu qrup tərəfindən qaçırılıb.
Onun sözlərinə görə, həmin gün Ankarada “Qazi Ordu Evində” dostunun qızının toy mərasimində iştirak edib: “Bu arada mən polkovnik-leytenant Murad Yılmazın qaçaraq yanıma gəldiyini gördüm. Mənə prezidentin və Baş Qərargahın məni gözlədiyini dedi. Toya gəldiyim avtomobilə mindikdən dərhal sonra qəfildən digər qapı açıldı və Konya Jandarma komandiri general Timurcan avtomobilə mindi. Əlində tapança var idi. Mən ona xəbərsiz Konyadan bura niyə gəldiyini soruşdum. Cavab olaraq dedi ki, Akınçılar hərbi hissəsində hər şeyi biləcəyəm. Avtomobilin qabaq oturacağında polkovnik-leytenant Murad Yılmaz əyləşmişdi. Avtomobilin Akıncılar istiqamətinə gedəcəyi deyiləndə mən Murad Yılmaza və Timurcan Ermişə “bəs avtomobil Baş Qərargaha gedəcəkdi” deyə qışqırdım.
Timurcan mənə bildirdi ki, sizə Akıncılar bazasında izahat veriləcək. Mən bu zaman nəyinsə baş verdiyini anladım və yüksək səslə dedim ki, siz quldursunuzmu, şəbəkənin üzvüsünüzmü. Bunun ardınca Timurcan “sizi də aramızda görmək istəyirik” cavabını verdi. Mənsə buna qəti etirazımı bildirdim və “allah sizin bəlanızı versin” dedim. Üzümü Murad Yılmaza tutaraq “Sən 8 ildən çoxdur mənimlə işləyirsən, səndə mi şəbəkənin adamısan, yazıqlar olsun sənə” dedim. Timurcan isə əlindəki tapançanı mənə tərəf uzatdı. Mən də “vuracaqsansa, indi vur, allah bəlanızı versin” deyə bağırdım.
“Pəncərəsi olmayan otağa gətirdilər, başıma qara torba keçirdilər”
General Mendi ifadəsində daha sonra qeyd edib ki, Akıncılar bazasına gəldikdən sonra onu pəncərəsi olmayan bir otağa aparıblar: “Binaya girərkən üzərində “Sorğu Mərkəzi” yazılan bir tablo gördüm. Düşündüm ki, burada məni sorğu-sual edəcəklər. Bir müddət sonra kapitan rütbəli zabit gələrək “sizi həbs edirik” dedi. Mən buna qarşı çıxdım, deyilənləri rədd etdim. Bu zaman yanımda duranlar iki qolumu burdu və biləyimə qandal taxdı. Bu anda mən “yunanların əsiri olsaydım, belə rəftarı görməzdim” dedim.
Bu zaman mənim ayaqlarımı da bağladılar. Daha sonra başıma qara torba keçirdilər, ağzıma isə bant yapışdırdılar. Təxminən 30 dəqiqədən sonra ayaq səsləri eşitməyə başladım. Hiss etdim ki, kimsə yanımdakı masada əyləşdi. Masada əyləşən zabit eynəyini istədi. Mən onu səsindən tanıdım, bu şəxs Quru qoşunlarının təhsil doktrina komandiri Kamil Başoğlu idi. Ona “Kamil sənmisən?” deyə sual verdim, o isə “bəli, komandir mənəm” cavabını verdi”.
“Bombalanmadan sonra şəbəkəçilərin “uğursuz olduq” mızıltısını eşitdim”
Qalib Mendi daha sonra qeyd edib ki, otaqda ancaq Kamil qaldığından onunla söhbət edib. Bir müddət sonra zabit Xəlil “Komandanım, sizi vuracaqlar, sürətli şəkildə buranı tərk etməyiniz lazımdır” deyə qışqırdı. Eskişəhərdən qalxan təyyarələrin bombalanması nəticəsində başımızda duran və jandarma zabiti olduğunu iddia edən adamın “uğursuz olduq” şəklində sözlərini eşitdim. Bu zaman Kamil və mən avtomobilin yanına qaçdıq. Baş Qərargah rəisinin Çankayada olduğunu eşitdikdən sonra nazirlərin də orada olduğunu bildim və dərhal o istiqamətdə hərəkət etdim”.
General daha sonra söyləyib ki, əvvəlcədən çevriliş cəhdi barədə heç bir informasiyaya malik olmayıb: “Ancaq hadisələrdən sonra öyrəndim ki, qərargah polkovniki Erkan Ögtemin cümə günü qərargahda axtarış edəcəkləri və otaqların açarlarını aldıqlarını bəyan ediblər. Bu hadisəyə görə, mən zərərçəkmişəm və bunu edənlərdən şikayətçiyəm”.
Nemət