Türkiyədə 15 iyul hadisələri ilə bağlı növbəti dəfə yeni faktlar üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Yeni Şafak" qəzeti məlumat dərc edib.
Məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aparan TC-ATA təyyarəsi Dalaman aeroportundan yerli vaxtla 01:43-də havaya qalxıb.
Həm dinc, həm də hərbi uçuşlar üçün istifadə olunan Dalaman Meydanının qiyamçılar tərəfindən ələ keçirilməsinin qarşısını alan polkovnik Murat Selçuk Çol Ərdoğanın uçması üçün lazım olan bütün hazırlıqları gizli yolla həyata keçirib.
Dalaman Qarnizonunun komandiri Selçuk Çol prezident Ərdoğanı aparacaq təyyarənin havaya qalxmasından sonra başqa təyyarənin enməməsi üçün eniş zolağını bağlayıb. Bir müddət hava limanına heç bir təyyarə eniş edə bilməyib.
Qiyamçılar Ərdoğanı aparan təyyarənin koordinatlarını ələ keçirməyə çalışsalar da, buna nail olmayıblar. Çevrilişə cəhd edənlər bir müddət havada dövrə vurublar. Ancaq buna baxmayaraq, TC-ATA təyyarəsi nəzərə çarpmayıb.
Məlumatlara görə, Ərdoğanı aparan təyyarə sərnişin təyyarəsi kodu ilə uçuşa davam edib. Akıncı hərbi bazasından havaya qalxan və Atatürk limanını dövrəyə alan qırıcılar TC-ATA təyyarəsinə istiqamətini dəyişməyə vadar edib.
İzmirə uçan təyyarə Bandırma üzərində dövrə vurub və İstanbula yönəlib. Bu zaman qiyamçılar təyyarəni izləməyə başlayıblar və onların tabeliyində olan F-16-lar Ərdoğanı aparan təyyarəyə təhlükəli şəkildə yaxınlaşıblar. Ancaq qırıcıların yanacağı bitdiyinə görə, qiyamçıların istəyi alınmayıb və Ərdoğana qarşı sui-qəsd cəhdi baş tutmayıb.
Samir