Özbəkistana uzun illər rəhbərliyi ərzində İslam Kərimov ilk dəfə olaraq öz ölkəsinin builki müstəqillik bayramında iştirak edə bilməyəcək.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, sentyabrın 1-də Özbəkistanın müstəqllik əldə etməsinin 25-ci ildönümü qeyd olunacaq. Bu tədbirdə prezident xüsusi nitqlə çıxış etməli idi. Lakin şənbə günü 78 yaşlı lider beyninə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Kərimovlar ailəsinin bildirdiyinə görə, o, hazırda reanimasiya şöbəsindədir.
Özbəkistanda ilk dəfədir ki, dövlət başçısının səhhəti barədə rəsmi məlumat verilir. Bu barədə rəsmi bəyanatı Nazirlət Kabineti yayıb.
İslam Kərimov artıq 25 ildir ki, hakimiyyətdədir. Bəs o, necə prezident olub? Onun hakimiyyəti dövründə sadə özbəklər necə yaşayıblar? Onun dostları, düşmənləri kimlərdir?
Kərimov sovet dövründən hakimiyyətdə qalan azsaylı liderlərdəndir
1989-cu ildə Özbəkistan lideri Rafik Nişanov Moskvaya - yüksək vəzifəyə dəvət olunanda onun postunu Kərimova həvalə etmişdilər. İslam Kərimov keçmiş sovet respublikalarının rəhbərləri arasında özünə prezident titulu götürən ilk lider idi. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soveti 1990-cı ilin 24 martında seçmişdi.
Özbəkistan Konstitusiyası bir nəfərin iki müddətdən artıq dövlət başçısı olmasına icazə verməsə də, bütün bu illər ərzində Kərimov hakimiyyət başında olub. Bu, hakimiyyət müddətini uzadan bir neçə referendumlar vasitəsilə mümkün olub. Hər referendumdan sonra onun hakimiyyət müddətinin sıfırdan başlandığı elan edilirdi.
Kərimov Əndicanda yüzlərlə etirazçını öldürtdürüb
İnsan haqları müdafiəçiləri İslam Kərimovu müasir dövrün ən qəddar diktatorlarından biri hesab edirlər. "Sərhədsiz Reportyorlar" təşkilatı onu Zimbabve prezidenti Robert Muqabe və Şimali Koreya lideri Kim Çen Inla müqayisə edib.
Kərimovun hakimiyyəti illərində ən qanlı faciə 2005-ci il mayın 13-də Əndican şəhərində keçirilən nümayişin dağıdılması zamanı olub. Burada silahsız kütlə hökumət qoşunları tərəfindən mühasirəyə alınmış və onlara atəş açılmışdı. Rəsmi məlumatlara görə, hadisə zamanı 187 nəfər həlak olub.
O vaxt minlərlə insan Əndicanın mərkəzi meydanına yığılaraq həyat şəraitinin yaxşılaşdırılmasını və vətəndaş haqlarının verilməsini tələb ediblət. Kərimov iddia edirdi ki, Əndicanda İslam qiyamına cəhdi edilib, lakin kütləyə atəş açmaq əmri verilməyib.
Varissizdir. Oğlu yoxdur. Qızları ilə münasibəti pisdir
İslam Kərimovun oğul övladı yoxdur. Kərimov ailəsinin ən tanınmış üzvü onun böyük qızı Gülnarədir. Bir vaxtlar o, Mərkəzi Asiyanın ən nüfuzlu adamlarından biri sayılırdı. Bizneslə məşğul olur, müğənnilik edir, Nyu Yorkda öz geyimlərindən ibarət kolleksiyaların nümayişini keçirirdi. Gülnarə Rusiya və Özbəkistan oliqarxları ilə dost münasibətlərə malik idi və atasının siyasətinə təsir göstərə bilirdi.
Lakin 2013-cü ildə onun nüfuz və biznes imperiyasına son qoyulub. Xaricdə onu çirkli pulların yuyulmasında ittiham edirlər. Özbəkistanın özündə isə Gülnarə ev məhbusudur.
Prezident ailəsinin digər üzvləri barədə məlumatlar azdır. Onun kiçik qızı Lola "Sən tənha deyilsən" adlı xeyriyyə fonduna rəhbərlik edir. Bu fond ürək qüsurlarından əzab çəkən uşaqlara yardım göstərir. Kərimovun arvadı Tatyana haqqında az qala heç nə bilinmir.
Özbəkistan iqtisadiyyatı pambıq və ailələrinə pul göndərən miqrantlar üzərində qurulub
Kərimovun zamanında bir çox böyük sovet müəssisələrinin fəaliyyəti dayanıb. Son vaxtlarda qaz və elektrik fasilələrlə verilir. Milli valyuta olan sum qeyri-sabit olaraq qalır. Buna baxmayaraq, Özbəkistan təbii sərvətlərlə zəngindir. Ölkə neft və qaz ixrac edir, habelə dünyanın 5 pambıq ixracatçısından biridir. Qızıl ehtiyatlarına görə Özbəkistan dünyada 4-cü, onun hasilatına görə isə 9-cu yerdədir.
Ekspertlərin qiymətləndirməsinə görə, ölkədə biznes mühiti qeyri-qənaətbəxşdir. Transparency International beynəlxalq təşkilatının illik korrupsiya reytinqlərində ölkə bir qayda olaraq 150-ci yeri tutur. Ölkədəki iqtisadi çətinliklər üzündən əhalinin 10 faizi xaricdə işləməyə məcburdur. Onlardan 58 faizi Rusiyada işləyir. Bundan başqa özbəklər qazanc üçün Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Avropa ölkələrinə üz tuturlar.
Özbəkistan daim Rusiya ilə Qərb arasında ləngər vurur
Rusiya Özbəkistanın ən mühüm siyasi və iqtisadi tərəfdaşı olaraq qalır. 2014-cü ilin dekabrında Rusiya və Özbəkistan arasında maliyyə öhdəliklərinin qarşılıqlı tənzimlənməsinə dair saziş imzalanıb. Bu sazişə görə Moskva Daşkəndin borclarının 95 faizini - 860 milyon dollardan çox borcunu silib. Rusiya həm də Özbəkistanın əsas ticarət partnyorudur: Özbəksitanın xarici ticarətinin 27, 5 faizi Rusiya ilədir.
Tacikistanla Özbəkistan hakimiyyətinin münasibətləri çox pisdirr. İki ölkə arasındakı münasibətləri son illərdə hətta "soyuq müharibə" adlandırıblar. Özbəkistan Düşənbənin demək olar, bütün su-enerji təşəbbüslərinə qarşı çıxır, Tacikistan və Qırğızıstanda su-elektrik stansiyalarının tikilməsi əleyhinədir. Daşkənd belə bir narahatlıq ifadə edir ki, çayların üzərində əlavə stansiyalar Özbəkistan, Qazaxıstan və Türkmənistanda su qıtlığı yaradaraq, ekoloji problemlərə səbəb ola bilər. Özbəkistan-Tacikistan sərhədi boyunca uzun bir ərazi minalanıb və bu, yerli əhali üçün ciddi çətinliklər yaradır.
Samir